Yanukoviç Timoşenkonu istefa verməyə çağırıb

Ukraynada keçirilmiş prezident seçkilərində qalib gəlmiş Viktor Yanukoviç rəqibi, Yuliya Timoşenkonu baş nazirlikdən istefa verməyə çağırıb.

Mərkəzi Seçki Komissiyası bu gün seçkinin ilkin rəsmi nəticələrini elan edib.

Yanukoviç 48. 95, onun rəqibi, baş nazir Yuliya Timoşenko isə 45. 48 faiz səs toplayıb.

Yanukoviç yeni böhranın qarşısını almaq üçün Yuliya Timoşenkonu istefa verib müxalifətə keçməyə çağırıb.

Amma Timoşenko bununla razılaşmır.

Timoşenkonun partiyası bildirib ki, bəzi vilayətlərdə nəticələrə etiraz edəcək və hətta ola bilsin ki, ümumi nəticələrlə bağlı məhkəməyə üz tutsun.

Yanukoviç bəyan edib ki, ölkənin iqtisadi böhrandan çıxması üçün ona Qərb və Şərqin dəstəyi lazımdır.

O həmçinin qeyd edib ki, Rusiya və keçmiş Sovet ölkələri ilə əməkdaşlıq onun hökumətinin qarşısında duran əsas vəzifə olacaq.