İranda İslam İnqilabının 31-ci ildönümüdür

Fevralın 11-də İranda İslam İnqilabı qələbəsinin 31-ci ildönümü qeyd olunur. Müxalifət isə insanları hökumət əleyhinə nümayişlərə çağırıb.

İran hökuməti xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri müxalifətin istənilən etirazı ilə əlaqədar iğtişaşın qarşısını almağa hazırdır.

Polis rəisi İsmayıl Əhmədi Möqəddəm rəsmi tədbiri pozmağa çalışan bir qrup adamın həbs olunduğunu deyib, ancaq daha geniş məlumat verməyib.

Müxalifətin sonuncu dəfə dekabr ayında nümayişi zamanı toqquşmada azı 8 nəfərin öldüyü bildirilir.

Hökumətə etiraz edən Yaşıllar Hərəkatı ötən ilin iyunundan prezident seçkilərinin nəticələrinə etiraz edir, seçkinin saxtalaşdırıldığını bildirirlər. Seçkilərdə əvvəlki prezident Mahmud Əhmədinejat qələbə qazanıb.

Bu arada prezident İlham Əliyev İran prezidenti M. Əhmədinejatı İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə təbrik edib.