Elektrik probleminə səbəb qanunsuz evlərdir

Elektrik probleminə səbəb qanunsuz evlərdir

Yeni Azərbaycan

Enerji təchizatında yaranmış problem isə onu deməyə əsas verir ki, çətinliklər təkcə təbiətin sürprizləri ilə əlaqədar deyil, məsələnin mürəkkəbləşməsində insan amili də böyük rol oynayıb. Dövlət orqanları dəfələrlə yüksəkgərginlikli elektrik xətlərinin, həmçinin, neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə evlərin, müxtəlif obyektlərin tikildiyini bildirib və bunun yolverilməz olduğunu bəyan ediblər. Təcrübə göstərir ki, elektrik enerjisi xətlərinin altında, həmçinin, neft və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş obyektlər vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə maneə törədirlər. Xüsusilə, qəza baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması ciddi problemə çevrilir. Belə olan təqdirdə, baş vermiş qəzaların aradan qaldırılması işini cavabdeh qurum necə həyata keçirməlidir?
Fevralın 9-da baş vermiş qəza isə bir daha göstərdi ki, yüksəkgərginlikli elektrik xətlərinin altında və yaxınlığında tikilmiş evlər və digər obyektlər 60-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsində ciddi maneəyə çevriliblər. «Azərenerji» ASC-nin ağır texnikası, əməkdaşları elektrik dirəklərinə yaxınlaşmaqda, müvafiq təmir işləri görməkdə çətinlik çəkirlər. Hətta qəza zamanı operativ tədbirlərin görülməsi çətinləşir.

«Azərenerji» məsuliyyəti «Akkord»un üstünə atır

Yeni Müsavat

Babək, Heydər Əliyev və Xətai prospektlərinin kəsişməsində yerləşən körpü-tunel kompleksində isitmə sisteminin işləmir. Tikintini həyata keçirən «Akkord» Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva bunun günahının «Azərenerji»də olduğunu açıq şəkildə söyləyib:

«Körpüdə istilik sisteminin çalışmamasının yeganə səbəbi ərazidə bu sistemin işləməsi üçün zəruri olan 227 saylı 110 kv-lıq yarımstansiyanın hələ də istifadəyə hazır olmamasıdır. Bu yarımstansiyanın tikintisi üçün məsul qurum isə «Akkord» Şirkətlər Qrupu yox, «Azərenerji» ASC-dir. Sözügedən yarımstansiyanın istifadəyə verilməsi ilə körpü-tunel kompleksində quraşdırılmış isitmə sistemi də işə salınacaqdır».

«Azərenerji»nin mətbuat rəisinin müavini Ələkbər Baxşəliyev ittihamları təkzib edir:

«Hər bir müəssisə texniki şərt almalıdır. Həmin texniki şərtdə qidalanma mənbəyi göstərilir. Bunun üçün müqavilə bağlanır. O cümlədən tikinti şirkəti enerji təchizatı ilə bağlı ərazidəki elektrik müəssisəsi ilə müqavilə imzalamalıdır. Onu da əlavə edim ki, həmin qeyd olunan yarımstansiya fəaliyyətdədir. Sadəcə, şirkət texniki şərtini göstərsin».
Akkord şirkətinin sözçüsü əks-iddianı qəbul etməyib, texniki şərtin olduğunu deyib.

Azadliq


Naxçıvanı aclıq bürüyə bilər

Naxçıvan Muxtar Respublikasında ərzaq məhsullarının qiymətinin Bakı və Azərbaycanın başqa bölgələrindən kəskin bahadır.
Bu barədə əməkdaşımıza adlarının çəkilməsini istəməyən Şərur rayon sakinləri məlumat verib:

«Gündəlik istifadə olunan məhsulların qiyməti çox bahadır. Bu isə bizim aylıq qazancımızla uyğun deyil. Son vaxtlar kartofun qiyməti 1 manat 60 qəpiyə qaldırılıb. Eləcə də başqa məhsulların da qiyməti süni şəkildə qaldırılır. Qiymətlərin qalxmasına səbəb isə son vaxtlar Iran və Türkiyədən Muxtar Respublikaya vətəndaşların ərzaq məhsullarını gətirməsinə qoyulan qadağadır».

Analitiklərə görə, Naxçıvanda ərzaq məhsullarının qiymətinin baha olması Muxtar Respublikada inhisarın mövcudluğuna işarədir.

Azərbaycan

Bərdədə elektron kitabxana açıldı

Elektron kitabxananın istifadəyə verilməsi Bərdənin mədəni həyatında əlamətdar hadisəyə çevrilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev respublika Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət sayəsində ölkəmizin, eləcə də rayonun son illərdəki dinamik sosial-iqtisadi inkişafından danışıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iqtisadi inkişafın tempinə görə regionda liderlik edən ölkəmizdə mədəniyyətin yüksəlişindən, tarix və mədəniyyət abidələrinin qorunmasına və bərpasına artan dövlət qayğısından bəhs edib.