ABŞ Dövlət Katibinin müavini Bill Börns Azərbaycana səfər edəcək

Bill Börns

ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Bill Börns gələn həftə Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə fevralın 12-si ABŞ Dövlət Katibinin köməkçisi Filip C.Krauli keçirdiyi gündəlik brifinqdə bildirib.

Azərbaycandan başqa B.Börns fevralın 16-dan 19-na qədər Livan, Suriya və Türkiyəyə də səfər edəcək.

Bu səfərlərdən sonra - fevralın 19-u Dövlət Katibinin müavini Azərbaycanın paytaxtı Bakıya gələcək.

«Börns fevralın 19-da Prezident İlham Əliyev və Azərbaycanın vətəndaş cəmiyyətlərinin üzvləri ilə də görüşəcək. Səfərin məqsədi iki ölkə arasında olan münasibətlərin daha da gücləndirilməsidir», - deyə Krauili brifinqdə bildirib.

Səfərin təfərrüatları barədə dəqiq məlumat verilmir. / APA /