Son böhranlara görə hələ bir kəs məsuliyyət daşımayıb...

Son beş ildə enerji sektorunun yenilənməsi və əsaslı təmirinə təkcə dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait ayrılıb

Fevralın 9-da səhər saatlarında paytaxt Bakıda və rayonlarda elektrik enerjisi bir neçə müddətə kəsildi. Ən ciddi problem Bakı metrosunda yarandı. Təxminən 13 minə yaxın adam metroda qaldı.

Günün sonunda «Azərenerji» bildirdi ki, hadisəyə səbəb Abşeron yarımstansiyasındakı açılma olub.

Budəfəki «Panorama»da iki ekspert yaranan problemin mümkün səbəbləri barədə fikirlərini bildiriblər.

Rövşən Ağayev
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, son beş ildə enerji sektorunun yenilənməsi və əsaslı təmirinə təkcə dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait ayrılıb. Bu sahəyə təxminən 600 milyon manat xarici kredit də ayrılıb. Amma iqtisadçı ayrılan pula uyğun iş görülmədiyini deyir:

«Ayrılan pulların haradasa üçdə ikisi yeni güclərin yaradılmasına, təxminən 40 faizə qədəri isə sistemin saz vəziyyətdə saxlanmasına yönəlib. Bu isə az vəsait deyil-təxminən hər il üçün 100 milyon manat vəsait deməkdir».

Rövşən Ağayev deyir ki, bu sahəyə ayrılan vəsait yetərlidir, amma səmərəli idarəetmə yoxdur deyə, belə bir vəziyyət yaranıb:

Azər Mehtiyev
«Başqa səbəb axtarmaq lazım deyil, labirintə düşəcəyik. Bir səbəb var, bu da idarəetmənin səmərəli qurulmamasıdır».

«Ekspert» jurnalının təsisçisi Azər Mehtiyev də hesab edir ki, xeyli vəsait ayrılmasına baxmayaraq, enerji sektorunda şəffaflıq və hesabatlılıq yox dərəcəsindədir:

«3 günlük qar bütün bu sistemi iflic etdi və fiaskoya uğratdı. Bu, böhrandan da pis bir vəziyyətdir. Təsəvvür edin, hələ heç bir məsuliyyət sahibi müəyyən edilməyib».

«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev isə ekspertlərin dedikləri fikirlərlə razılaşmır. Deyilənlərə əlavə şərh vermək istəməyən Baxşəliyev bildirir ki, pulların mənimsənilməsi, səmərəsiz istifadəsi haqda ekspertlərdə hansısa məlumat varsa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

PROQRAMI DİNLƏYİN