Əhali kasıb olduqca, keyfiyyətsiz ərzağa tələbat qalacaq…

İstehlakçı maarifçiliyi aşağıdır

Əhali artıq köhnəlmiş və keyfiyyətsiz məhsullarla qidalanmaqdan bezib.

Gəncə şəhərində 30-a yaxın sakin arasında apardığımız sorğu zamanı kimə yaxınlaşdıqsa keyfiyyətsiz məhsuldan şikayətləndi.

- Bu yaxınlarda «smetan» almışdım dükandan. Satıcıya müraciət elədim ki, siz «srok»una baxın, sonra verin, evə aparandan sonra gördüm ki, saxlama müddəti keçib. Çox vaxt baxırsan ki, müddəti yazılıb, amma açırsan ki, köhnədir. Pendiri açmışam ki, üstü göyərib.

- Alırsan amma keyfiyyətinə əmin deyilsən, bilmirsən kərə yağıdır ya marqarindir? Hansı ölkə istehsal edib? Bu işlər o qədər nəzarətsizdir ki, məhsula nə qədər pul veririk, hər şey bahadır. Amma əmin olmuruq. Hara müraciət edəsən, neyləyəsən bilmirik? Heç satıcı da bilmir ki, məhsulu necə saxlamalıdır. Həm keyfiyyət problemidir, həm də saxlanma şəraiti və sair...

- Son vaxtlar mağazalarımızda xüsusən regionlardakı mağazalarda çox keyfiyyətsiz malların çeşidi artıb. Məsələn, əhaliyə kərə yağı adı altında digər yağlardan 4-5 dəfə ucuz qiymətə yağlar satırlar. Çox keyfiyyətsiz, pis tam verən, sovet dövründə xarab olmuş marqarinlər var idi. Ekspertlər araşdırsalar, görərlər ki, orda nəinki kərə yağı, keyfiyyətli marqarindən belə əsər-əlamət yoxdur.

UCUZ YAĞIN FƏSADLARI…

Əhalini daha çox hər gün istifadə olunan yağ məhsulu narahat edir.
Qasım Hüseynov
Müsahiblərimin deməsinə görə, artıq münasib qiymətə keyfiyyətli yağ tapmaq müşkül məsələdir:

- Ümumiyyətlə indiki yağlar kərə yağı deyil. Qabaqkı yağlardan yoxdur.

Gəncdəki mağazalardan birində satıcı işləyən şərti adı Nailə olan qadın deyir ki, hər gün mağazaya müxtəlif çeşidli məhsullar gətirilir. İxtisasca əmtəəşünas olan Nailə xanım xüsusən yağları satanda vicdan əzabı çəkdiyini deyir.

SATICILAR DA ALICILAR KİMİ GİLEYLİDİRLƏR…

- Vaxtilə marqarin dolu idi. İndi hanı o marqarinlər, birdən-birə yoxa çıxdı? Həmən yağlardı tərkibinə iy vurub gətirib satırlar. Sovet hökumətindəki kimi heç bir şey öz qaydasında buraxılmır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı ərazi dövlət nəzarəti idarəsinin rəis müavini Qasım Hüseynov deyir ki, hər dəfə keçirdikləri reydlər zamanı keyfiyyətsiz məhsullar müşahidə edirlər:

- Əsas gündəlik yeyinti məhsullarında - çörək, çörək məhsulları, şirniyyatlardı…Ötən il apardığımız nəzarətin statistikasına baxanda standartlardan kənar əsasən qida məhsullarıdır. Əhali üçün təhlükə mənbəyi olan məhsullar kənarlaşdırılmış, satışına qadağa qoyulmuşdur. Xaricdən idxal olunan şokaladların hətta üzərində erməni dilində yazılması göstərilmişdir.

İNZİBATİ TƏDBİRLƏRİN DƏ SƏMƏRƏSİ OLMUR…

Eyyub Hüseynov
Qasım Hüseynov deyir ki, belə halla rastlaşdıqda fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 2-3 min manat, hüquqi şəxslər isə 3-5 min manat arası cərimə edilir. Ən son keçirdikləri reydlərdə 7 sahibkar cərimə edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, ölkədə istehlakçı hüquqları kobud şəkildə pozulur. Bunun qarşısını almaq məqsədilə yaranmış dövlət qurumu mağazalardan hər gün tonlarla keyfiyyətsiz məhsullar çıxarsalar da qurtarmır:

ƏHALİ KASIB OLDUQCA KEYFİYYƏTSİZ ƏRZAĞA TƏLƏBAT QALACAQ…


- Ona görə ki, nə qədər tələb varsa o qədər də təklif olacaqdır. İstehlakçı maarifçiliyi aşağıdır. İstehlakçı ucuz və keyfiyyətsiz mala tələbat yaradır. Əlbəttə vaxtı keçmiş mallar var. Elə bu gün mənə məlumat gəlib ki, gizli sexlərdə konfetləri yeni tarix vurulmuş qutulara doldurublar. Hətta vaxtı keçmiş qabların qablaşdırılması ilə bağlı məlumat gəlib mənə. Duzla bağlı ciddi problem yaranmışdır. Yod çatışmazlığı problemi yaranmışdır. Bu gün bazarın monitorinqini aparsaq görərik ki, 50 faizdən yuxarı deyil yodlu duzların miqdarı.

Eyyub Hüseynov deyir ki, ölkədə xalis yağdan danışmağa belə dəyməz. Qərb bölgəsində isə ağartı məhsullarının 50 faizi vaxtı keçmiş məhsullardır.