Qızıl Emalı Zavodu monitorinqə razıdır?

Nazim Məmmədov

Gədəbəy rayonunda Qızıl Emalı Zavodu olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti həmin zavodun fəaliyyəti ilə bağlı ictimai monitorinq aparılmasına etiraz etmir. Bu barədə AzadlıqRadiosuna Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin prezidenti Rza Vəziri ilə görüşən Gədəbəydən millət vəkili Nazim Məmmədov məlumat verib:

«Şirkət rəhbərliyi həm həmin müəssisənin fəaliyyəti ilə yerindəcə tanış olmağa, həm də ərazidən keçən Sarıyol çayından götürülən suyun müstəqil ekspertizaya verilməsinə etiraz etmir».

Yada salaq ki, ötən il dekabrın 22-də AzadlıqRadiosunun efirində «QIZIL ÜSTÜNDƏ YAŞAYAN GƏDƏBƏYLİLƏR...» adlı araşdırmada Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin məhz sözü gedən müəssisəsinin fəaliyyətindən bəhs edilirdi.

Həmin araşdırmada Qızıl Emalı Zavodunun qonşuluğundakı Arıxdam kəndinin bəzi sakinləri şikayətlənirdilər ki, bu müəssisə zəhərli tullantıları yaxınlıqdan keçən Sarıyol çayına axıdıb. Nəticədə onlara məxsus qoyun-quzu zəhərlənərək tələf olub.