Məmurların ailə biznesi

«Hər hansı bir məmurda milyonlara imza atmaq səlahiyyəti olursa, o istər istəməz sui-istifadə edəcək. O səlahiyyət ondan alınmalıdır». Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov AzadlıqRadiosunun «İşdən sonra» proqramında məmurların ailə biznesini şərh edərkən deyib.
Mövsümov deyir ki, dövlət başçısı inhisarçılığın böyük maneə olduğunu dəfələrlə deyib:
«Monopoliya o deməkdir ki, dövlət məmuru səlahiyyətindən istifadə edib özünün biznesini yaradır. Məmur səlahiyyətindən istifadə edib, biznesdə rəqabətin qarşısını alır, rəqabət sisteminin olmamasından gəlir əldə edir».

Korrupsiyaya qarşı mübarizə fondunun icraçı direktoru maaşların azlığının korrupsiyanın səbəbi kimi göstərilməsini ciddi arqument hesab etmir:
«Əmək haqqının aşağı olması əsas səbəb deyil. Əmək haqqının qaldırılması ilə bağlı tədbirlər görülür, amma bu, korrupsiyanın, rüşvətin qarşısını almayıb. Korrupsiyanın qarşısını almaq üçün cəmiyyətdə kompleks tədbirlər görülməlidir. 2006-cı ildə qəbul edilən qanuna görə, hər bir məmur öz gəlirlərini ictimaiyyətə açıqlamalıdır, amma bu qanun işləmir. Burada səbəb göstərilir ki, müvafiq icra orqanına qanuna bəyannamələrin hazırlanması üçün tapşırıqlar verilməsinə baxmayaraq, bu hələ yubanır. Bu, korrupsiya ilə mübarizəyə qarşı məmur müqavimətidir.

Vasif Mövsümov deyir ki, əhalinin korrupsiyaya qarşı müqaviməti artmaqdadır və bu müqavimət nə qədər çox artarsa, o qədər də dövlət qurumları bu mübarizədə real addımlar atmağa borclu olacaq. Amma ekspert hesab edir ki, problemin açarı ədalət məhkəməsidir:
«Hər bir korrupsioner məmur bilsə ki, onu ədalət məhkəməsi gözləyir, bunu etməz. Ədalət məhkəməsindən qorxu olmalıdır. Hər bir məmurun dövlət tərəfindən verilmiş səlahiyyəti var. Bu səlahiyyət böyük olduqda, onlar bundan istifadə edirlər. Hər hansı bir məmurda milyonlara imza atmaq səlahiyyəti olursa, o istər istəməz sui-istifadə edəcək. O səlahiyyət ondan alınmalıdır».

Məmur biznesini dayandırmaq üçün ilk növbədə nə etmək lazımdır? Ekspert hansı məmurların adını çəkir?

PROQRAMI DİNLƏYİN, BİLƏRSİNİZ.