Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı)

“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1 Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası) Jurnalistin türmə gündəliyi-3 (Qusik) Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət )

Tezis: ƏCİNNƏ FIR-FIR

Qaçış mövzusunu davam etdirək. Fır-fır (F/f) təxəllüslü nəzarətçidən söhbət açmaq istəyirəm.

Çox unikal əcinnə idi. (F/f) adını ona Qusik vermişdi, mən Fiqaro deyirdim.

Əslində hər iki ad eyni məna daşıyırdı, çünki F/f-nı kirimişcə bir yerdə duran görmək qeyri-mümkün idi. Daim iti addımlarla harasa tələsirdi.

Qamət kasadlığı (yerində hoppansaydı, boyu 150 sm-ə ancaq çatardı) onun tələskənliyini bir qədər də məzəli edirdi - müəyyən mənada Çaplinin avarasını xatırladırdı.

F/f öz kolleqalarından həm yaşına, həm də iş üslubuna görə fərqlənirdi.

Birincisi yaşının nisbətən çoxluğunda, ikinci fərq isə pedantizmində idi.

Deyilənlərə görə, sovetlərin Əfqanıstan hərbi kampaniyasında iştirak edib, kontuziya alıb.

Təkrarolunmaz pedantizmi də bəlkə də elə sonuncu faktla bağlı idi.

Mənimlə nədənsə həmişə rusca danışardı. Axşamlar nəfəsliyin qapağını açıb bir Qusikə "axşamınız xeyir" deyir, bir mənə "dobrıy veçer" arzular, sonra isə hər ikimizə nəzərdə tutulan "Otboy!" komandasını verərdi ki, SİZOniyada bu əmrin yalnız bir mənası vardı - "yıxılın, yatın".

Bir dəfə F/f-nın ənənəvi əmrindən sonra Qusik dözməyib soruşdu:

- Dilim, sən nə millətindənsən?

- Məndə olan məlumata görə, Azəri olmalıyam... Necə bəyəm?

- Bəs bu F/f niyə belə deyir: (onu yamsılayır) "axşamınız xeyir, dobrı veçer"?

F/f-ın hərəkətləri əsasında "Şkola KQB"də vəzifə təlimatlarını bənd-bənd tədris etmək olardı.

Onun işə çıxmasından isə dərhal bütün məhbuslar xəbər tutardı. Əvvəla ona görə ki SİZOniyada bircə həftə qalan adam F/f-ın qoşanağara taqqıltısını xatırladan addım səslərini böyük bir ilxının gurultusunda da ayırd edərdi

İkincisi isə, həm növbəni qəbul edəndə, həm də təhvil verəndə F/f bir-bir bütün kameraların qıfılını bir-bir qurdalayırdı - görüm açıq qalmayıb ki?

Əslində bu qıfılllar texniki cəhətdən elə quraşdırılıb ki, təsadüfən də olsa, onların açıq qalması qeyri-mümkün idi.

Təsadüfi deyil ki, belə sığorta yoxlamaları ilə F/f-dən başqa heç bir əcinnə özünə əziyyət verməzdi.

Elə buna görə də məhbuslar bütün SİZOniyanı başına götürən şaqqaşaraq qıfıl səslərindən bilərdilər ki, F/f növbəyə çıxıb.

Onun ən sevimli məşğuliyyəti hücrələrdə axtarış aparmaq idi.

Adi vaxtlarda gündəlik rəsmi paltar geyirdisə, axtarış zamanı əynində mütləq köynəyi şalvarın üstündən sallanan komuflyaj tipli hərbi-səhra paltarı olardı.

Bir dəfə zarafatca deyəndə ki: "Burada axı bitki-zad yoxdu, bu paltarı niyə geymisən?" - cavab verdi: "Niyə yoxdu, var", - və rəfdəki meyvə-tərəvəzi göstərdi. Zarafat elədim:

- Onda yəqin ki, qışda da ağ maskirovka kombinezonu geyərsən də? Qar olur axı...

Kefi kök olanda zarafat qanardı. Olmayanda isə giley-güzar, söyüş səsləri dəhlizdən kəsilmək bilmirdi.

Qəzəbli vaxtlarında telefon aparatına da deyinə bilərdi.

Dəhlizin başından "dzin-dzin-dzin-dzin-dzin" deyə onun diqqətini tələb edən növbətçi telefonuna sarı tələsərək zənglərin ahənginə uyğun: "zəhrimar-zəhrimar-zəhrimar, zəh-ri-maa-aaa-ar! İ yeşşo raz zəhrimar!" deyə əsəbiləşərdi.

Heç vaxt yadımdan çıxmaz, oktyabr ayında mən artıq dörd nəfərlik kamerada qalanda nəfəslikdən başını göstərib öz qaydası ilə iki dildə salamlaşdı.

Lakin "otboy!" əımri səslənmədi.

Koroğlu ləqəbli kamera yoldaşımızı göstərib mülayimcə (görünməyən iş!): "onu yuxudan oyadın" deyə xahiş etdi.

SİZOniyaya bu yaxınlarda düşən Koroğlunun yuxusu hələ möhkəm idi (burada dustağı bir neçə həftədən sonra yuxusuzluq mərəzi haqlayır), nəzarətçinin müvafiq əmrini gözləmədən soyunub yatağına uzanmış və dərhal da yuxuya getmişdi.

Nəzarətçilər müəyyən olunmayan vaxtlarda (səhər saat 6-dan axşam 10-dək) məhbusların yatağa girmədən yuxulamağına barmaqarası baxırdılarsa, bu müddətdə yatağa girməyə qətiyyən yol vermirdilər.

Əlacımız yox idi. Koroğlunu yuxudan ayırdıq.

Oyanıb tələsik paltarını geyindi, yatağını yığışdırdı. Elə bu vaxt F/f nəfəsliyi bir də açıb Koroğlunun çarpayısına tərəf boylandı:

"Aqa-m, odelsya?" deyə öz-özünə pıçıldadı.

Sonra isə bərkdən dedi:

"Vsyo, mujiki, otboy! Yata bilirsiniz, gecəniz xeyrə qalsın".
Koroğluya baxıb ucadan gülüşdük.

F/f haqqında bütün bu ərz etdiklərim bəlkə də maraqlıdır.

Amma elə bir hadisə var ki, desəm ki əzəmətinə görə yuxarıda təsvir etdiyim bütün epizodları kölgədə qoyur, hesab eləyin ki, heç nə söyləməmişəm.

Çünki F/f-ın da iştirakçısı olduğu həmin hadisə bir neçə gün - ürək eləyib "bütün dünyanın" deyəmmərəm, - amma bütün SNQ-nin 100 faiz diqqət mərkəzində idi.

Söhbət 1994-cü ilin sentyabrında MTN təcridxanasında baş verən qalmaqaldan, məhbuslar Rəhim Qazıyev, Arif Paşayev, Əlikram Hümmətov və Baba Nəzərlinin (Allah rəhmət eləsin) başda təcridxananın növbə rəisi Famil Pirzadov olmaqla müəmmalı şəkildə qeybə çıxmasından gedir.

Əlbəttə ki bu hadisədən xəbəriniz var.

Soruşmaq olar ki, F/f-ın bu əhvalata nə aidiyyatı?

Amma tələsməyin, hər şeyi təfsilatı ilə rəvayət edim.

Həmin qalmaqallı qaçış günü, daha doğrusu gecəsi, yəni 1994-cü il sentyabrın 21-də F/f növbədə olub - məhbusların qaçışını təşkil edən Pirzadovun növbəsində.

Öz planını həyata keçirmək üçün Pirzadov öz kabinetində yeyib-içmək məclisi qurur və masadakı şüşələrin içinə bihuşdarı tökür.

Nəzarətçilər hamısı bu məclisdə iştirak edir, tək F/f-dan başqa.

O imtina edir: "İş başında içmirəm".

Tezliklə növbənin bütün əcinnələrini yuxu elə aparır ki, yan-yörələrinə "qrad" mərmisi düşə, xəbərləri olmazmış.

Özünü indifferen tutan F/f-nı neytrallaşdırmaq üçün Pirzadov - guya təsərrüfat məqsədilə - boş kameradan avadanlığın başqa yerə keçirilməsi haqqında tapşırığını ona həvalə edir.

Elə ki F/f kameraya daxil olur, gözünə döndüyüm növbə rəisi qapını onun ardınca çırpır, üstəlik hələ bir qıfılı da açarla 2 dəfə burur (hər halda F/f-dır, Əfqanıstanda-zadda olub, beləsindən nə deyirsən gözləmək olar). Beləcə bizim F/f bir gecəliyinə uzun illər qulluğunda durduğu məhbusların çəkdiyini, necə deyərlər öz dərisində sınamağa məhkum olunur.

Biçarə əvvəl elə bilir ki, Famil onunla zarafatlaşır. Görür ki, yox, "zarafat" nəsə yaman uzandı. Qapını içəridən döyəcləyir.

Sonra pəncərəyə qalxıb bir xeyli həyətə qışqırır, amma heç bir faydası olmur: MTN-nin ABŞ donanmasının "Miduey" təyyarə daşıyan gəmisi boyda nəhəng binasında bir bəni çekist onun səsini eşitmir, eşitsə də hay vermir (görünür SİZOniya tərəfdən gələn çığırtılarla bu binada heç kimi təəccübləndirmək olmazmış).

Sübh çağı, qapını döyəcləməkdən yumruqları şişən, pəncərəyə hayqırmaqdan səsi batan F/f-nı yuxu aparır.

Ertəsi gün qaçış faktı aşkar olanda Bakıdan Naxçıvanadək bütün millət bir-birinə dəyəndə, dövlət məmurları çaxnaşmaya düşəndə çekistlər baxırlar ki, a gidi dünya, dörd məhbus və növbə rəisi ilə yanaşı F/f da yağlı əppək olub göyə çəkilib (zavallı F/f həmin zaman kamerada şirin yuxuda olub).

Bütün postlara cinayətin iştirakçısı kimi F/f-nın da adı, fotosurəti və əlamətləri göstərilir.

Tezliklə onun yeri MTN əməkdaşları tərəfindən aşkar edilir. (F/f özü özünü aşkar edir desək daha dəqiq olar).

Yeri gəlmişkən bu məzəli əhvalat F/f-nı məsuliyyətdən azad edir.

Həmin başıbəlalı gecədə SİZOniyada növbədə olan bütün nəzarətçilər dərhal "içəri" salınır, il yarım keçəndən sonra isə Ali Məhkəmə qarşısında cavab verməli olurlar.

Bu məhkəmədə F/f da iştirak edir, amma həmkarlarından fərqli olaraq şahid qismində.

SİZOniyanı tərk etməyimə bircə həftə qalmış F/f-nın vəzifəsini böyüdüb növbə rəisi təyin etdilər...

(ardı gələn bazar ertəsi)