Transmilli mütəşəkkil dəstənin məhkəməsi olub

Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə transmilli mütəşəkkil dəstənin işi üzrə hazırlıq iclası keçirilib. Məhkəməyə 5 nəfər çıxarılıb: Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim.

Onlar 271.2.1-ci və 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma yolu ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunurlar.


Məhkəmədən «Turan»a verilən məlumata görə, məhkəmə baxışı martın 5-nə təyin olunub.

Transmilli qrup xarici vətəndaşların bank hesablarından pul vəsaitlərini talayırdı və 2009-cu ilin yayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən zərərsizləşdirilib. Müttəhimlər arasında bir Suriya vətəndaşı və şəxsiyyətləri hazırda istintaqla araşdırılan başqa xarici vətəndaşlar var.

İstintaq müəyyən edib ki, qrup üzvləri Elçin Abbasovun adına «Nur-AB» MMC təsis edib. Sonra dəstə üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni əldə edərək, dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə «POS-terminal» vasitəsilə təxminən 300 min AZN məbləğində pulun «Nur-AB» MMC-nin hesabına köçürülməsinə nail olublar.