YUNESKO katibliyinin keçmiş əməkdaşı, hazırda Moskvada yaşayan, amma ildə azı iki dəfə Bakıya gəlməyi normaya çevirən Ramiz Abutalıbov Rusiya prezidentinin fərmanı ilə A.S. Puşkin medalına layiq görülüb. Hər zaman «Can Bakı» proqramının qonağı olan keçmiş bakılıya telefon açıb təbrik etdik. Hələ üstəlik, atüstü müsahibə də aldıq:
- Ramiz bəy, xoş gördük sizi! Eşitdik, Rusiyanın A.S. Puşkin medalına layiq görülmüsünüz. Dünən «Can Bakı»nın canlı efirindən sizi təbrik etdik. Bu gün də telefonla görüşmək qərarına gəldik...
- Çox sağ olun. Təşəkkür edirəm.
- Bəlkə medal barədə bizə bir az bilgi verəsiniz?
- Bu medal 1999-cu ildə Rusiya prezidenti tərəfindən təsis olunub. Medal mədəni irsin qorunmasında əməyi olan şəxslərə verilir. Mən də vaxtilə - 1988-ci ildə xaricdən bir neçə sənət əsərləri gətirmişdim. O vaxt belə bir təşkilat var idi - Sovet Mədəniyyət Fondu - D.Lixaçov onun rəhbəriydi. Bildiyiniz kimi, mən bizim mühacirlərlə həmişə təmasda olmuşam, dostluq əlaqələri yaratmışam. Ondan əlavə, bir neçə rus mühaciri ilə də dostluq edirdim. Onlardan biri məndən xahiş etdi ki, Ayvazovskinin 3 gözəl əsərini Moskvaya gətirim. Sonra soydaşımız İbadulla Əzimzadə böyük rus rəssamı Filipp Malyavinin bir rəsmini Moskvaya çatdırmaq üçün mənə verdi. Həmçinin Baninlə Buninin məktublarının surətini (birini Bakıya, o birini Moskvaya), 20-30-cu illərdə Fransada çıxan çoxlu qəzet-jurnalları, rus mühacirlərinin nəşr etdirdikləri kitabları və s. Fonda təhvil verdim. Son vaxtlar burada bir təşkilat var – «Dom Russkoy Zarubejye» - həm kitabxanası var, həm muzeyi, rus mühacirətinin tarixini araşdırır. Burda da məni bu sahədə iş görən adam kimi tanıyırlar. Belə qərara gəliblər ki, məni bu medalla təltif etsinlər. Qərar fevralın 16-da çıxdı, təltif etmə yəqin ki, apreldə, ya da mayda olacaq.
- Ramiz bəy, siz Fransanın «Fəxri Legion» ordeninin də sahibisiniz. Azərbaycan mühacirəti barədə də böyük fəaliyyətiniz, araşdırmalarınız olub, kitablarınız çap olunub. Azərbaycan hökuməti nə ilə mükafatlandırıb sizi?
- Azərbaycan diplomatiyasının 90 illiyi ilə bağlı təltif olunmuşam. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafat almışam. Amma mən həmişə Həsən Bəy Zərdabinin bir sözünü yadımda saxlayıram. O deyirdi ki, bir savab iş görəndə onu səmimi qəlbdən elə, mükafat üçün, təltif üçün eləmə. Mən də bir iş görəndə mükafat fikirləşməmişəm. Alanda təşəkkür etmişəm, almayanda arzulamamışam.
- Ramiz bəy, bəs indi nə ilə məşğulsunuz? Moskva həyatınız necə keçir? Necə yaşayırsınız, nə yazırsınız?
- Təqaüddəyəm. Əlbəttə, bir qədər fəaliyyətim azalıb. Bir az xəstəlik də var. Ancaq bu il yenə planlaşdırıram ki, gedim Parisə, arxivlərə baş çəkim...
- Nə gözəl olardı! Yeni faktlar üzə çıxardı, yeni açıqlamalar eşidərdik!
- Amma son vaxtlar bu sahədə Bakıda ciddi işlər görülüb. Keçən il Cəmil Həsənli Fransada olub, çoxlu arxiv materialları gətirib. Nəsiman Yaqublu Almaniyadan zəngin arxiv materialları ilə dönüb. Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov mənə dedi ki, bu yaxınlarda Böyük Britaniya arxivlərində işləmək üçün Bakıdan tarixçi alim gələcək. Demək istədiyim odur ki, son vaxtlar bu sahədə ciddi işlər görülür. Allah qoysa, yəqin bunların əsasında kitab da yazılar. Bir də, yəqin siz də eşitmisiniz, Tarix İnstitutu da bir kitab buraxıb - İngiltərədə olan sənədlərin hamısının fotosurətini çap edib. Yəni iş gedir. Mənim də, düzü, son vaxtlar xarici səfərlərə getməyə imkanım yoxdur. Ancaq imkan olanda, yenə axtarıram, tapıram, gətirirəm. Əsas əlaqə vasitəm Dövlət Arxividir - Ataxan Paşayev, Maarif Teymurdur. Bir şey tapan kimi onlara təhvil verirəm. Mən özümü tədqiqatçı saymıram, amma həvəsim var - tədqiqatçı həvəsi. Axtarmağı, tapmağı çox sevirəm. Burda - Moskvada da bəzi arxivlərə gedirəm, araşdırıram. Arzum var ki, rus dilində Azərbaycan mühacirəti haqqında kitab yazım. Çünki bu mövzuda Azərbaycan dilində gözəl bir kitab var - Xaləddin İbrahimlinin «Azərbaycan siyasi mühacirəti». Ancaq rus dilində yoxdur. Rusiyada bizim mühacirəti tanımırlar. Bayaq dediyim Soljenitsın adına Mühacirlər Evinin öz nəşriyyatı var, deyiblər ki, siz yazın, çap edərik.
- Çox böyük maraqla o kitabın çıxacağı günü gözləyirik. O zaman yəqin ki, böyük bir müsahibə də götürərəm sizdən...
- Yeri gəlmişkən, sabah da Xocalı ilə bağlı tədbirimiz var. Yuri Pompeyevin Xocalı faciəsi haqqında yazdığı kitab təqdim olunacaq. Klip də nümayiş olunacaq. Bir də, martın 18-də Novruz ərəfəsində Moskva Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan muğamı barədə tədbir və muğam diskinin təqdimatı olacaq. Yəni görüləcək işlərimiz var.
- Ramiz bəy, çox sağ olun. Bir daha AzadlıqRadiosunun təbriklərini qəbul edin.
- Mən də sizə uğurlar arzulayıram.