MÜZAKİRƏYƏ QATIL! Nuridə Atəşinin qəzəl və deyimləri haqda fikrini de

MÜZAKİRƏ SƏHİFƏNİN AŞAĞISINDA

Aforizmlər

* Əgər mən bu gün sussam, çox şey qazanaram. Susmasam, gələcəkdə xalqım daha çox şey qazanacaq.

* Mən vəşhi bir Qafqaz şiriyəm. Məni əhilləşdirmək, saray itinə çevirmək cəhdi çox yanlış idi. Mən axı o dağları, meşələri qorumaq üçün yaranmışdım. O dağlardan, meşələrdən məni uzaqlaşdırmaq böyük səhv idi.

*Hələ də minlərlə, milyonlarla qadınlar əsarətin, cəhalətin zülmətində boğularkən biz Avropada üzü dünyaya haykırırıq. Bundan asan nə var ki!

* Ey alim! Ey yazar! Ey düşüncə sahibi! Sənə dodaq büzən. səni saymayan, səni qəbul etməyən kimsələrə məhəl qoyma! Onlar əsib keçən küləklər kimi tarixin qonağıdırlar. Sənsən ev sahibi! Və sənin barmaqlarının hopduğu izlərdir tarixin əbədi səhifələri. Dövlət yazarına sahib çıxdığı zaman qazanan xalq olar.

*Məni anlamayan toplum əqrəb kimi hey dilimdən sancdı. Şerlərimsə hər zaman əlində gərfəz hazır durdu başım üstündə.

*Qadın aşiq olduğu ərkəyin bütün çərənləmələrinə elə qulaq asar ki, sanki Davud peygəmbərin Zəbur kitabını öz səsiylə dinləyir.

*Azadlıq həyatın ən üst qatlarında heç bir ovçu gülləsinin yetişə bilməyəcəyi ənginliklərdə qanadlarını rahat-rahat çalaraq xoşbəxt-xoşbəxt süzməkdir. Amma o ucalıqlara varıncaya qədər asağıdan o qədər daşlayacaqlar, güllə yağmuruna tutacaqlar ki səni. Bir qaranquş, göyərçin olsan, vay halına. Bir sahin, qartal olmalısan. Bir şahin, qartal!

*Müasir şair olmaq üçün öncə müasir insan, müasir qadın olmaq lazımdır. Cəhalət zəncirlərini qırıb parçalamaq lazımdır.

*Kaknus qusu ölümü yaxınlaşanda quru otdan bir yuva qurur. İçinə girir və qanadlarını çırpır. Özü də yanır, yuvası da. Ax... bu yeni qurulan ailələr — kaknus yuvaları.

*Güclü qadın! Çalış güclü duyğularının selinə düşmə! O sevgilinin kipriklərinə toxunmuş yarpaq belə səni burulğanlarında boğacaq.

*Bir zamanlar sevirdim, söyləyə bilmirdim. İndi söyləyə bilirəm, amma sevə bilmirəm.

*Bir zamanlar mən var idim o doğma diyarımda, amma yox idim. İndi yoxam oralarda, amma varam.

*Ax... vüsal! Nədən bu qədər uzaqsan? Ölüm bu qədər yaxın ikən...

*Gözəl bir şeirsən. Nə qələmin gücü yetir, nə sözün ki, səni yazım.

*Biz qadınların bəzən açıq-saçıq geyimlərimiz siz kişilərin düymələrini açmaq üçün deyil, bağıslayınız, onlar sizin mədəni dünyanızı aça bilmək üçün bizim yeganə açarımızdır.

*Mənim sevgimmi geniş,
Sənin qəlbinmi dar?

*Həyatı şərbət deyə birnəfəsə başına çəkən qadınlar şərbətin toxluğu ilə yalnız özlərini məhv edəcəklər.

*Gorxma səni yaralayan tənqiddən. O yalnız sənin pasını aparacaq. Gızıl yandıqca saflasar.

*Təcrübəsiz və məsum qadınlar cəmiyyət içərisində yeni doğulmuş şir balasına bənzərlər. Bir qoruyanı olmasa qarışqalar gözlərini oyarlar.

*Şair xurma ağacıdır. Yalnız qalarsa bəhər gətirməz.

*Açın dünyanın pəncərələrini! Buranın havası çox ağırlaşdı.

*Çox ərkəklər seksual güclərini itirməkdən necə qorxurlarsa, güclü və ağıllı qadınlardan da elə qorxurlar.

*Ruhlar üçün azadlıq! Fikirlər üçün azadlıq! Şeirlər üçün ikiqat azadlıq!

*Yalnız mənim yazdıqlarım bu cəmiyyətə aid ola bilər, mən özüm yox.

*Çirkin qadınlar gözəl olan hər seyə paxıllıq eləyərlər. Zəif qadınlar azad və iradəli qadınları sevməzlər. Gözəlliyə və güclü xarakterə paxıllıq eləmək hərarəti, nuru ilə dünyanı şəfəqlən¬dırən və isidən günəşə paxıllıq etməyə bənzər.

*Cahil qadınlar çox tez və səthi aşiq olarlar. Çox ərkəklərin sevmədiyi qətiyyətli və güclü qadınlar isə hələm-hələm aşiq olmazlar. Amma olarlarsa dərindən və əbədi.

*Müsəlman ərkəklərinin hegemonluğu mənim həyatımın bir parça keçmisi olaraq qalır. Sosializm rejimi kimi.

*O zavallı qadınlara acıyıram ki, onlar öz azadlıqları uğrunda savaşmağı bacarmırlar.

*Güclü qadınlar heç bir ümumi qanunları tanımazlar. Onların öz qanunları olur.

*Bir ərkəyin sənin ürəyində açmıs olduğu yaranı ondan güclü bir ərkək tez sağalda bilər.

*Hər vulkandan bir iz qalır, hər sevgidən bir xatirə.

*Bütün haqlarımı əlimdən alan, hər addımda qadınlığımı əzən bir cəmiyyətə qarsı çıxıram!

*Artıq heç bir ərkək üçün göz yası tökməyəcək qədər ağıllı və müdrik oldum. Heç bir ərkək artıq onun arxasınca düşdüyüm və illərimi boş yerə qurban verdiyim üçün qürrələnə bilmə¬yə¬cək. Doğrudanmı bu qədər ağıllı və müdrik oldum?

*Artıq heç bir ərkək mənim üzərimdə ixtiyar sahibi ola bilməz. Mənim bədənim, ürəyim, ruhum üzərində ixtiyar sahibi ola bilməz. Heç bir ərkək!

*Ərkəklər çox zaman vücudumuza sarılırlar nədənsə. Ürəyimizə yox.

*Aşiq olan qadın vəhşi canavarın qucağında titrəyən məsum bir quzuya bənzər sevgilisinin qarşısında.

*Artıq həyatda məni təəccübləndirə biləcək heç bir sey yoxdur. Olacaq hər bir şeyə hazıram. Hər bir şeyə!Gözlərimi belə qırpmadan.

*Toplum çirkin, ətrafındakılar cahildirlərsə sən neyləyə bilərsən? Neynirsən elə...

*Qadınlığın fırtınalı, keçilməz dənizləri və ilanlar mələşən səhraları.

*Mən — bir zərif bir mimoza. Ax... üstümə uzanan kobud əllər...

*Ərkəklər bizi ürəklərinin şahmat taxtasında gücsüz fiqurlar, özlərini isə mahir oyunçu zənn edərlər. Oyunun sonunu gözləmədən...

*Artıq döşlərimlə deyil, sözlərimlə daşları yara bildiyim üçün öyünürəm!

*Eşq azadlığın ən böyük və ən təhlükəli düşmənidir.

*Azad qadınlar şəxsi həyatlarında heç bir ümumi qanun tanımazlar. Onların öz qanunları olur.

*Pardon! İnsanlar! Qadınam! Şairəyəm! Güclüyəm! Pardon!!!

* Aysberq Almaniya! Buz ürəklər məkanı... Dünyanın ən soyuq erkəyi... Və mən yanar ürəyimlə onun qoynunda məmnuniyyətlə əbədilik donmağa məhkumam!


QAFQAZIN OD QIZI

Təpədən dırnağa alovam, odam, atəşəm,
Qafqazın od qızıyam, od əsriyəm zamanın.
Babam Zərdüştdən qalib mənə bu alov miras,
Qafqazın od qızıyam, od səsiyəm zamanın.

Tuta bilməz üzümü qara buludlar mənim,
Atəşimi soyutmaz çaylar, dəryalar mənim,
Nə şimşəklər qorxudar, nə ildırımlar məni,
Qafqazın od qızıyam, şimşəyiyəm zamanın.

Saç desələr dünyaya işıq saça bilərəm,
Yax desələr dünyanı oda yaxa bilərəm,
Günəşi söndürərəm özüm yana bilərəm,
Qafqazın od qızıyam, od əsriyəm zamanın.

Mən yabanı dağların yabanı çiçəyiyəm,
Şahə qalxmış atıyam, tərlanı, tüləyiyəm,
Alazanın, Amazonun şiriyəm, bəbiriyəm,
Qafqazın od qızıyam, od seliyəm zamanın.

Od nəfəsi, od çörəyi, od suyuyam zamanın,
Od nəğməsi, od gözü, od gülüyəm zamanın,
Nuridə Atəşiyəm, od diliyəm zamanın,
Qafqazımın od qızıyam, od əsriyəm zamanın.


NATƏVANIN QARABAĞ HARAYI

Qarabağın göylərində
Qaxıb-enir bəmdən-zilə,
zildən-bəmə
Anaların fəryad səsi.
Qarabağın şikəstəsi.
Mən haraya gəlmişəm...
Gecə-gündüz
əllərində lopa çıraq,
dağ başında “oğul” deyib
hay vuraraq
yol gözləyən anaların
səbri sona yetir, tanrım!
Mən imdada gəlmişəm...
Əsir düşən oğulların;
Gəlinlərin, qızların
Haçan geri dönəcəyi bilinməyir.
Yağıların qapısında düşüb qalan anaların
“Ver balamın meyidini”
yalvarışı, hayqırtısı kəsilməyir.
Mən fəryada gəlmişəm...
Qarabağdan Qarabağa sərhədlər var, keçilməz,
Vətənimdən Vətənimə məftillər var; aşılmaz,
Torpağımdan torpağıma dirəklər var; uçulmaz...
Sərhədləri aşıb keçib,
düşmənimi basıb keçib,
Mən savaşa gəlmişəm...
Xan qızıyam; dözmür ürək;
Dözmür daha
Bu zülümə; bu ahlara.
Vətənimin bir parçası adından,
Torpağımın bir tikəsi adından;
Əsir Qarabağın qara bağrından;
Üzeyirin, Bülbülün, Xanın adından
bağrım başı yana-yana
Mən üsyana gəlmişəm...
Topxanada top-tüfənglər açılandan
Daha açmır xarı bülbül.
Gözlərində yaş quruyan
Analar tək,
Suyu yoxa çıxıb İsa bulağının.
Cıdır düzünün köksünə
Dağ çəkilib çalın-çarpaz.
Gözləri yollarda qalıb.
Üzeyirin musiqisi batıb yasa,
Cabbar ağı deyir
Şikəstənin yerinə gündüz-gecə.
Bülbül dara çəkib özünü zənguləsində...
Xanın səsi batıb Şuşa əldən gedəni.
Vaqifin məqbərəsinin
təpəsindən tüstü qalxır...
Şuşa qalasında daş üstdə daş qalmadı;
Azıx mağarasında ulumuzdan iz qalmadı.
Nə bir ocaq; bir ev qaldı Xocalıda;
Nə kök qaldı; nə soy qaldı Xocalıda.
Bir gecədə yoxa çıxdı
Qədim bir yurd;
Bir nəsil,
Bir soy...
Verin mənə bir gecənin hesabını!
Verin mənə bir nəsilin hesabını!
Verin mənə Xocalının hesabını!!!
Verin mənə Qarabağın hesabını!

Ölülərə vətən gərək deyilmi bəs?
Şəhidlərə məzar gərək deyilmi bəs?
Məzarlar da şəhidlərin bədəni tək
dəlik-deşik; namərd düşmən gülləsindən.
Qəbirlərə damla-damla axan; sızan
Şəhid qanı qurumayır.
Məzarında saçın yolur analar.
Ataların başdaşları
əyilib dərd əlindən.
Başını qaldırıb baxa bilmir
kimsəyə xəcalətdən.
Gözlərinin önündə
bacıları zorlanan qardaşların
Məzarda bağrı çatlayıb;
ardan, namusdan; qeyrətdən...
Cadar-cadar, çat-çat olub qəbirləri..
Hardasınız ey dirilər!!!
Ey canlılar!
Ölülər tab gətirməyir, siz necə tablaşırsınız?
Deyin; belə rəzalətlə siz necə barışırsınız?..
Siz bu dağı unutsaz da,
Təbriz kimi, Dərbənd kimi,
İrəvan, Zəngəzur kimi
Qarabağdan əl çəksəz də,
Qarabağdan göz çəksəz də
Şəhidlər əl çəkməyəcək.
Ot yerinə, gül yerinə qılınc bitir qəbirlərdən.
Qalxıb sarılacaqlar bir gün!!!
Unutmayın,
Ölülərin qiyamı yaman olur!
Şəhidlərin qisası yaman olur!
Hardasınız Cavanşirlər!
Hardasınız Koroğlular!
Hardasınız Babəklərim;
Nəbilərim!
Hardasınız igidlərim;
Nərlərim!!!
El-oba od tutub yanır,
Bu el sizi bağışlamaz!
Yağıların tapdağında
fəryad çəkir torpağımız
Torpaq sizi bağışlamaz!
Tarix bizim, haqq bizimdir,
Haqq sizi bağışlamaz!
Tarix sizi bağışlamaz!
Xan qızının harayına,
Hay verməyə qalxmasanız,
Qarabağın naləsinə,
imdadına çatmasanız;
Torpaqları siz geriyə almasanız
Vətən sizi bağışlamaz!
Qarabağım bunu sizə bağışlamaz!
Xan qızı da bağışlamaz!!!
Sizi kimse bagislamaz!
Bağışlamaz...


AMAZON SAVAŞI

Azərbaycan!
Amazonlar ölkəsi!
Nüşabələr,
Tomirislər,
Həcərlərin ölkəsi!
Amazonlar ölkəsi!

Öz ölkəmin qızıyam!
Amazonlar ölkəsinin əsl amazon qızıyam!

Qalxan deyil, qələmimdir mənim silahım!
Süngü deyil, nizə deyil mənim yarağım,
ana dilim, iti sözüm oxdan iti, yaydan sivri
ehtiyatlı olun indi
Amazonlar oyanır...
Amazon torpağı oyanır!

Rəqiblərim Romalılar deyil artıq!
Pompey ömrü boyu yağmalasa da.
Düşmənlərim yunanlar da deyil artıq!
Amazonlarımıza sahib çıxsa da.
Ehtiyatlı olun artıq,
amazonlar oyaqdır!
Amazon xalqı oyaqdır!
Tarixi çevirdilər,
Ölkəmi devirdilər.
Tikə-tikə bölünərək yağıların arasında paylandı aman, torpağım.
Alban torpağm!
Qafqaz torpağım!
Təbriz torpağım!
İrəvanım!
Qarabağım!
Ana dilimin ağzına zaman-zaman qıfıl vurdu
Gah ərəblər, gah da perslər,
sonda ruslar…
İstibdadlar qalmadı ki görməyək biz!!!
Hun qıpçaqlar, gah monqollar, gah daşnaqlar…
Yetər artıq!
Amazonlar oyandı!
Amazon ölkəsi oyandı!
Sən ey qəflət yuxusunda hələ qalan,
Oyan artıq!
Məlun düşmən, gör gününü
Amazonlar oyadır!!!
Oyadır xalqı, milləti, qəfləti…
Amazonlar yeri-göyü titrədəcək!
İndi əsl savaş başlayır
Amazonların savaşı!
Tamaşa etsin dünya
Bir qırağa çəkilib duran,
Tariximin, haqqına, susan
Vətənimin,
torpağımın harayına göz yuman dünya
İndi bizim savaşımız başlayır!
Əsrin savaşı başlayır!
Amazonların savaşı!

Gör gününü yağı düşmən!
Sən Amazon savaşını,
Sən Amazon torpağını
Yoxmu oldu, sandin, düşmən
Qarı düşmən!

Qarabağın, qarqarların əsl sahibi bizik
Aç tarixi, oxu düşmən !
Ya xoşunla ver geriyə
El obamı,
Torpağımı,
Qarabağımı!
Ya igidsən çıx önümə!
Vay gününə!

Bu torpaqlar amazonlar torpağıdır!
Nüşabələr,
Tomirislər,
Həcərlərin torpağıdır.

Hay çəkirəm,hardasınız?
Tomirislərim!
Nüşabələr,
Həcərlərim!!!
Qıy çəkirəm
Yetər səs verin səsimə!

İndi bizim savaşımız başlayır
Azadlığımız uğrunda!
Torpaqlarımız uğrunda!
Haqq ədalət uğrunda!
Özgürlüyümüz uğrunda!
Gələcəyimiz uğrunda!
Azərbaycanimiz uğrunda!

Görsün dünya gücümüzü!
Duysun dünya səsimizi!

Alazanı Amazona, çevirənlər cavab verin indi bizə!
Qarqarları qarabağa, çevirənlər,
Cavab verin indi bizə!
Təbrizimi, Urmiyəmi, Arazımı bölənlər!
30 milyon azərimi o tayda süst edənlər,
Cavab verin indi bizə!
Amazon dənizini Qara dəniz edənlər,
böyük Şərq dənizini Xəzərə çevirənlər,
Axtımı, Dərbəndimi ruslarına peşkəş edənlər!
Xəritəmdən silənlər!
Cavab verin indi bizə!
Albanları Qriqoryana çevirənlər! cavab verin!
Susmayınız, Cavab verin !
cavab verin!
Tüm dünyanın qarşısında cavab istəyirik sizdən!
İrəvanı Yerevana çevirənlər !
Qaçmayınız önümüzdən!
Mərhəmət,aman gözləmiəyin siz Amazon savaşından!
Artıq yox bu torpaqda susan!
Artıq yox haqqa göz yuman!

Bu son səbr,
bu son savaş
zülmətləri aydınlığa çıxaracaq!

Sən də yetər, susdun , dünya !
Gözlərini sil, bax, dünya !
Yetər, yetər durub baxdın!
Qulaqlarını aç, dünya !
Əlini vicdanına qoy,

Bu Amazon savaşına,
Bu həqiqət savaşına,
Bu ədalət savaşına özün hakim ol,
Ədalətli hakim ol, dünya !!!


QƏZƏLLƏR


1.

Qalmadı səbr daha, həsrətin öldürdü məni,
Yox gücüm, taqət hanı, möhnətin öldürdü məni.

Ya durub gəl , ya xəbər yolla , ya da məktub yaz ,
Uzanan çək-çevirin, illətin öldürdü məni.

Buz tutub kipriyini, dondum aman , bir bəri bax ,
Şaxtada qar ələdən, töhmətin öldürdü məni.

Məni salma ayağa , qoyma qürurum sınsın,
Belə tərslik eləmə, zillətin öldürdü məni.

Alacaqsan, al, sənə qurbandır can ,
Gəl-gəl ey, son nəfəsim, xiffətin öldürdü məni .

Qafqazın od qızıyam, saxla bu atəş selini ,
Düşmüşəm qürbətinə, qürbətin öldürdü məni .

Gözlərin seçdi məni, ey prussiyalı cavan ,
Ey könül , qismətə bax, qismətin öldürdü məni .

Dayanıb üz-üzə, düz göz-gözə baxmaq nə çətin
Belə bax şax boy-buxunun , qamətin öldürdü məni .

Bezmişəm zülfüm ilə böylə kəmənd atmaqdan
Nə naşı ov edənəm , qüdrətin öldürdü .

Nə öpərdim ləbini , heyf öz dilindir öpüb,
Yalayan ləblərini , şəhvətin öldürdü məni.

Nuridə Atəşinin səbrini dardan qurtar,
Bir vüsal təşnəsiyəm , minnətin öldürüdü məni.

2.

Gözəllikdir xilas edən bu dünyanı, ağam canı,
Görmədim heç gözəllikdən bir doyanı, ağam canı.

Qalmaram kimsədən qeyri bu gözəllik meydanında,
Gəzsən özün görəcəksən dörd bir yanı, ağam canı.

Üzüm qönçə, belim incə, di dözginən görüm necə,
Cəmi gözəlləri hüsnüm edib fani, ağam canı.

Dözməyə işvə-nazıma qoy hünəri olan gəlsin.
Tab gətirib yaşayammaz bircə anı, ağam canı.

Yoxdur bir özgə silahım bu qaşdan-gözdən savayı,
Ram bedərəm baxışla həm qocanı, cavanı, ağam canı.

Öyünərdin gözəlliyin zirvəsində, Ziba xanım,
İndi mənəm gözəlliyin tək sulatanı, ağam canı.

Ey Nuridə, dəyər, inan ki fəxrə, sən də fəxr eylə,
Hər gözəl də qazanammaz bu ad-sanı, ağam canı.

3.

Qorxuram könlümü qürbətdə də sənsiz qoyasan,
Alasan sən məni məndən məni mənsiz qoyasan.

Bir kərə səndən ötər tərki vətən eyləmişəm,
İstəyirsən ki məni bir də vətənsiz qoyasan?

Meyli, çöhrəndə bu könlüm quşunun xalə düşüb,
Heç rəvadırmı, əzizim,onu dənsiz qoyasan.

Heç bilirsənmi nə odlar çilənir yarpağıma,
De bu dağ laləsin insafdımı sənsiz qoyasan?

Saralıb solmaq olar aqibəti bəllidi-gər
Nərgizi, laləni, reyhanı çəmənsiz qoyasan.

Dön qayıt, Nuridə həsrətdədi, ey sevgili yar,
Heç inanamam bu qədər sən onu sənsiz qoyasan.

4.

Eşq əhli bilir qul sənə mən, şah mənə sənsən
Ümmid yeri, ol bir daha agah, mənə sənsən.

Almam ələ Quranı, o məscidlərə getməm
Bundan bele o guşeyi dərgah mənə sənsən.

Tutmam daha mən Kəbə yolun bir də inan ki,
İnanc yeri, iman yeri billah mənə sənsən.

Allah evi mən bəndənə könlündür, əzizim,
Səhv etmərəm hərgah desəm Allah mənə sənsən.

Daş qəlbini Kəbə daşı sandım, buraxaydın
Nolar, yaxın, eşqimdə nəzərgah mənə sənsən.

Nuridəyə, yar ol mənə, çoxdur deyən amma,
Dünya dağıla eşqdə həmrah mənə sənsən.