“Rusiya rəhbərlərinin bir hissəsi Amerika və NATO ilə münasibətlərin yaxşılaşmasını alqışladığı bir vaxtda rəhbərlikdə təmsil olunan başqa bir qrup (özü də daha nüfuzlu qrup) Şimali Atlantika İttifaqını Rusiyanın təhlükəsizliyinə ən ciddi təhlükə sayır.
Bu – Rusiya prezidenti Medvedevin təsdiqlədiyi yeni hərbi doktrinada da aydın görünür”.
Bunu Rusiyalı şərhçi Danila Qalperoviç yazır.
SÖZ VERDİKLƏRİ KİMİ...
Qalperoviç xatırladır ki, yeni doktrinanın vacibliyi haqqında Rusiyada hələ 2006-cı ildən danışılırdı.
O vaxt müdafiə naziri olan Sergey İvanov demişdi ki, yeni doktrina üzərində iş gedir və 2000-ci ildə təsdiqlənən hərbi doktrinayla müqayisədə yeni sənəddə böyük dəyişikliklər olacaq.
Yeni doktrinanın bütün aidiyyatı dövlət qurumları tərəfindən təsdiqlənib qüvvəyə minməsi üç il çəkdi.
Böyük dəyişikliklərin nədən ibarət olması artıq yeni doktrinanın girişindəki tondan bəlli olur.
Köhnə doktrinada deyilirdi ki, bu, Rusiyada keçid dövrünə – demokratik dövlətin təşəkkül tapması dövrünə aid bir sənəddir.
Bundan başqa şərhçi xatırladır ki, əvvəlki sənəddə doktrinanın müdafiə xarakterli olduğu qeyd edilirdi.
Yeni sənəddə nə demokratiya sözünə rast gəlinir, nə də doktrinanın müdafiə xarakterli olmasına.
Qalperoviçə görə, bilinmir ki, Rusiyada demokratik dövlət artıq qurulub, yoxsa bu ideya yerli-dibli rədd edilib.
KÖHNƏ-TƏZƏ NATO...
Yeni doktrinada deyilir ki, NATO özünün potensialını genişləndirir, NATO ölkələri beynəlxalq normalara zidd olaraq öz infrastrukturlarını Rusiya sərhədlərinə yaxınlaşdırırlar.
Şərhçi qeyd edir ki, bu ton NATO-ya düşmən qüvvə kimi yanaşılmasından xəbər verir.
Köhnə doktrinada NATO-nun adı çox çəkilmirdi.
Bəlkə də bu ona görə idi ki, o vaxt NATO Ukrayna və Gürcüstana üzvlük təklif etməmişdi.
Amerikanın şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planı haqda sənəddə ciddi təhlükə kimi danışılır, buna, mərkəzi Əfqanıstanda olan beynəlxalq terrorçu şəbəkədən və İrandan gələ biləcək nüvə təhlükəsi ilə eyni gözlə baxılır.
2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibə də doktrinaya təsirsiz ötüşməyib.
Sənəddə deyilir ki, Rusiya xaricdəki həmvətənlərini qorumaq üçün güc işlədə bilər. Əvvəlki doktrinada belə bir məqam yox idi. Yeni doktrinada Rusiyanın müttəfiqlərinə qarşı ərazi iddiaları da Rusiyaya qarşı təhlükə kimi xarakterizə edilir.
Bunu Gürcüstanın separatçı bölgələrinə aid etmək olar. Onlar Rusiya ilə müttəfiqlik haqda saziş bağlayıblar və Kreml onları dövlət kimi tanıyıb.
Qalperoviç qeyd edir ki, sənədə görə, hətta qonşu ölkələrdəki – məsələn Gürcüstan və Ukraynadakı hərbi təlimlər də Rusiyaya qarşı təhlükə kimi qiymətləndirilə bilər.
BİR MİLLƏT, İKİ DÖVLƏT
Yeni doktrinada deyilir ki, Belorus qarşı mümkün hücum Rusiyaya qarşı hücum sayılacaq.
Belorusdan sonra Rusiyanın ən yaxın müttəfiqləri Kollektiv Təhlükəsizlik Şurasinin üzvü olan dövlətlərdir. Bu da əsasən Orta Asiya ölkələridir. Amma Ermənistan da bu sıraya daxildir.
Şərhçi qeyd edir ki, sənəddə Qərb ölkələri ilə hərbi əməkdaşlıqdan danışılmır, bu, sovet doktrinasını xatırladır.
“Bəzi xəbərlərə görə, sənədin layihəsinə Rusiyanın qabaqlayıcı məqsədlərlə nüvə zərbəsi endirmək haqqının olması haqda da qeyd daxil imiş, amma son anda həmin qeyd layihədən çıxarılıb. Əvvəlki doktrinada olduğu kimi yeni sənəddə də qeyd edilir ki, Rusiya ilk olaraq nüvə zərbəsi endirməyəcək, yalnız nüvə hücumuna məruz qaldıqda belə bir addım atacaq”.
Amma şərhçi vurğulayır ki, bütün bunları son variant saymaq bəlkə də doğru deyil. Doktrina təsdiqlənsə də, sənədin sonunda yazılıb ki, təhlükələrin mahiyyətinə və yeni risq lərin meydana çıxmasına uyğun olaraq doktrinada dəyişikliklər edilə bilər.
“Amma sənəddə qeyd edilmir ki, bu dəyişikliklər necə edilə bilər. Fərmanlar, sərəncamlar vasitəsilə, açıq müzakirələr yoluyla, yoxsa prezidentin Təhlükəsizlik Şurasının qapalı toplantısında verdiyi göstəriuşlərə əsasən”.
Rusiyalı şərhçi Nikita Qalperoviç yazır ki, bəlkə də elə buna görə yeni doktrinada demokratiya sözünün olmaması təsadüfi sayılmamalıdır.
QARABAĞDA MÜHARİBƏ BAŞLASA
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Rusiyanın yeni hərbi doktrinası Azərbaycana xoş münasibətdən xəbər vermir.
"Sənəddə Rusiyanın Cənubi Qafqaza münasibətdə daha da aqressivləşməsi hiss edilir. Məsələn əgər Ermənistanla Azərbaycan arasında Qarabağın üstündə yenidən müharibə başlasa, onda bu, Kreml tərəfindən Azərbaycanın Rusiyanın müttəfiqinə hücum etməsi kimi də yozula bilər. Belə bir yozum nə qədər çətin olsa da.
Ümumiyyətlə, məncə bu, Rusiyanın iqtisadi cəhətdən zəifləməsindən xəbər verən bir sənəddir. Nə vaxt ki Rusiya öz iqtisadi qüdrəti ilə nəyəsə nail ola bilmir, həmin məqsədlərə hərbi metodlarla çatmaq istəyir".