Tənha savaşçıya bir qarışqa ağzı su...

Sevda Ismayıllı

Azadlıq Radiosunun "Can Bakı" verilişinin aparıcısı

Məncə, bu hekayəti hamınız bilirsiniz. Yox, yenə də danışım.

Deyirlər, bir dəfə meşədə yanğın olur. Bütün heyvanlar yanğını söndürməyə girişirlər. Bir də görürlər ki, balaca bir qarışqa ağzında su özünü tez-tez alovun içinə atır.

Deyirlər, ay qarışqa, ay yazıq, o yana çəkil, sənin o balaca ağzın nə tutacaq ki, alovu söndürsün?

Qarışqa qayıdıb söyləyir ki, önəmli olan suyun azlığı-çoxluğu deyil, önəmlisi odur ki, sən bu böyük yanğını söndürmək üçün kiçik ağzını əsirgəmirsən...

NURİDƏ ATƏŞİ NECƏ “TƏNHA SAVAŞÇI” OLDU?

İndi mən də qarışqa misalındayam. İstəyirəm “tənha savaşçıya” bir qarışqa ağzı su atım.

“Tənha savaşçı”—Nuridə Atəşidir. Nuridə xanımın öz-özünə verdiyi addır.

Bir neçə il öncə qəzetlərin birində onun bu adda yazısını da oxumuşdum. Sonra öyrəndim ki, bu adda kitabı da varmış. Elə o üzdən son görüşümüzdə ondan soruşdum ki, yenə özünüzü tənha savaşçı sayırsınızmı?

Dedi, həm hə, həm yox. Çünki Avropada çoxlu həmfikirlərim, dostlarım var. İndiyədək mənə mane olan insanlar məni daha güclü elədilər. Mən də tənha savaşçıya çevrildim.

Tənha savaşa-savaşa bu qədərini bacardım, yoxsa...

ƏMƏLİYYATA GƏRƏK YOXDUR!

Nuridə Atəşi Azadlıq Radiosunun Bakı bürosunda "Can Bakı" verilişinin qonağıdır. 28 yanvar 2010
Nuridə xanım Almaniyaya çoxları kimi şokolad dalınca getməyib. Qızını ölümün ağzından almaq üçün gedib. İllərlə Sovetlərin xəstəxanalarında dizin-dizin sürünüb. Qızı 3 dəfə beynindən əməliyyat keçirib.

Özü demiş, bir dəfə hətta körpə qızın başı əməliyyat sonrası ağladığından qarpız kimi partlayıb da...
Nuridə xanım bu cür dəhşətli (allah heç bir anaya göstərməsin!) illər yaşayıb.

Problemli bir ailədə gəlin olub. Uzun illər Qalada yaşayıb. Ərini Qarabağ müharibəsinə yola salıb. İkinci uşağı dünyaya gəlib. Gizlicə şeirlər yazıb. Bəstəkarlara verib. Onun məşhur “Neylərsən?!” mahnısını yəqin ki, xatırlayırsınız.

Uzun zaman çəkindiyindən, həyat yoldaşına mahnının sözlərinin ona məxsus olduğunu deməyib. Əri o mahnını çox xoşlayırmış. Evdə həmişə zümzümə edirmiş. Nuridə xanımsa ürəyində gülə-gülə susurmuş. “Ondan qisasımı belə aldım!” deyir Nuridə xanım.

Hələ bu, onun ailə həyatının ən xoş günləridir...

QUŞBEYİN KİMDİR?

Bir oxucunun yazdığı şərhi xatırladım. Çarəsizə: “beynin quş beynidir”- deyən quşbeyin həkimlərin ucbatından zavallı ana dəli olmaq həddinə çatıb.

“Qoyma, həkim, balam gedir əlimdən!”--deyə nalə çəkən Tənha savaşçı sonda qızını götürüb, ərini, evini, vətənini geridə buraxaraq Almaniyaya üz tutub. Ən təəccüblüsünü indi oxuyacaqsınız.

Orda uşağı adi həblərlə müalicə ediblər! Deyiblər ki, heç bir əməliyyata ehtiyac yoxdur!

Uşaq həkim nəzarətində qalmalı olduğundan, Almaniya dövləti onu evlə təmin edib, ehtiyaclarını ödəyib.

Elə bilməyin ki, bütün bunları onun öz dilindən eşitmişəm.

Yox! Onun iki övladı olduğunu yanvar ayında verilişimizə gələndə öyrəndim. Həmin qızın indi Londonda oxuduğunu biləndə çox sevindim! Elə son görüşdə də, Nuridə xanım öz kitabını mənə bağışladı və xanımın həyat tarixçəsini həmin kitabdan öyrəndim...

AZAD QADIN NECƏ OLUR?

Nuridə xanım Avropada yeni bir həyata başlayır.

Bakıda qalan oğlunu da yanına aparır. Orada ayaq üstə durmaq üçün nələrdən keçir, hansı çətinliklərlə üzləşir, bunu bir özü bilir, bir də allahı. Əsas odur ki, AZAD olmağı bacarır. Azaddır mənim ürəyim azad, azaddır ruhum azad!- deyə bilir.

Azadlıq—azad düşünə bilmək, fikir söyləyə bilmək, yaza bilməkdir--deyir

Bizim nə qədərimiz bunu deyə bilir?!

Nuridə xanımın sayı az qala 20-yə yaxınlaşan kitabı çıxır. Mədəniyyət Universitetindəki fəaliyyətini az-çox bilirsiniz. Məhəmməd Əsəd bəyin müdafiəsinə qalxır. Onun Azərbaycan türkü olduğunu sübuta çalışır.

Bir çox arxivləri araşdırır. Pozitanodakı qəbrini öz vəsiyyətinə uyğun üzü qibləyə çevirtdirir. Onun haqqında çəkilən filmdə iştirak edir. Filmdə onun məzarı qazanlara necə yardım etdiyini öz gözümlə gördüm və qorxdum...

Mən bunu edə bilməzdim!

Nuridə Atəşi
Əsəd bəyin Berlində yaşadığı binaya xatirə lövhəsini vurdurur. İnanın, az qala lövhəni özü vurur!

Ən başlıcası, yad ölkədə Ensiklopediyaya düşəcək bir fəaliyyətdə bulunur...

“ŞEİR YAZAN, ALMANCA DANIŞAN DÜNYA GÖZƏLİ...”

Bu Nazim Hikmətin sözüdür. Deyəsən, anasını xatırlayıb yazır, amma “firəngcə danışan” deyir böyük şair.

Nuridə xanım da şeir yazır. Lap Nazim Hikmətin anası kimi.

Söhbət şeirlərin yaxşı, ya pis olmasından getmir. Bəyəm yazılan hər şeir şedevr olmalıdır?

Nuridə xanımın şeirləri sadədir:

Əlim bir işə yatmır,
Gözlərim yol çəkir,
İştaham yox,
Yuxu gəlmir gözlərimə,
Lənət şeytana,
Aşiqmi oldum yenə?

Cəsarətlidir:

Erkəklər rəngbərəng işıqlardır,
Yataq otağımızda.
Yandırarıq ya qorxduğumuzda,
Ya darıxdığımızda!

Gözlənilməzdir:

Zirə ağacına su verməzlər.
Ara-sıra yanına gedib,
“Sənə su verəcəyəm” deyərlər.
Zirə ağacı ümidlə yaşar,
Yamyaşıl qalar,
Qurumaz.
Mən—
Bağçanda bitən
Zirə ağacı.

Nuridə Atəşi
Bax belə! Bir qadının ömür və yaradıcılıq yoluna ötəri nəzər saldıq.

Nə olsun ki, o mənə oxşamır, sənə bənzəmir. Bu mənim, sənin nəzərində onun heç də pis obrazını yaratmamalıdır.

Demokratiya çoxrənglilik, çoxsəslilikdir. Bunu Nuridə xanımın yaşadığı ölkənin timsalında görmək olar.

Hamının bir-birinə oxşaması, eyni cür düşünməsi, eyni şeyləri geyinməsi demək deyil! Bu təcrübəni biz Sovetlər dönəmində keçdik.

Demokratiya, şərh yazan Moşu Göyəzənli demiş, ( o namus deyir) ədalətli seçkidir, hüququn aliliyidir, rüşvətsiz təhsildir, “quşbeyin” olmayan səhiyyədir, ədalətli məhkəmədir, adam kimi yaşamaqdır...

Qoy biri də başqa cür düşünsün, başqa cür yazsın!

Onu niyə topa tutmalıyıq ki?

Qoy biri də bizə oxşamasın!!!

P.S. Görəsən, yanğına bir qarışqa ağzı qədər su ata bildimmi?

(“Oxu zalı” üçün məxsusi)