İndiyə qədərki seçkilərə müsbət rəy verməsi ilə tanınan AVCİYA-nın nümayəndəsinin sözlərinə görə, Avropa Şurasının müşahidəçiləri seçkiyə obyektiv qiymət verməyib və bu cür rəylər qrant alıb seçkidən əvvəl hesabatlarını hazırlayan təşkilatların hesabına formalaşır.
«Avropa Komissiyası, ABŞ səfirliyi öz inhisarında olan QHT- lərə qrant verirlər» -
ekspert Məhərrəm Zülfüqarlı «İşdən sonra» proqramında belə deyib.
O ki qaldı AVCİYA-nın öz maliyyə mənbəyinə, Zülfüqarlı təşkilatın iş adamları tərəfindən maliyyələşdirildiyini deyir, amma kimin və nə qədər ianə verdiyi ilə bağlı məlumatı açıqlamır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) hüquqşünası Azər Qasımov da inanır ki, saxta rəy hazırlayan QHT-lər var. Amma o, Konqresin gəldiyi nəticələrin həqiqətə əsaslandığı qənaətindədir.
Bu arada Məhərrəm Zülfüqarlı SMDT-nin özünü ittiham etdi. ABŞ-ın Milli Demokratiya İnstitutundan maliyyə yardımı aldığı üçün:
«Niyə Britaniya səfirliyi inhisarında olmadığı təşkilata qrant vermir? Milli Demokratiya İnstitutu Azərbaycanın əleyhinə işləyir. Yarandığı gündən sifarişlə işləyir və hesabatlar da əvvəlcədən hazır olur. Çünki onlar konkret tapşırıqla işləyirlər. Prezident seçkilərində yerlərdə adi vətəndaşları yığıb pul vermişdi ki, gedin müşahidə edin, faktlar verin. Onlar Azərbaycana təzyiq etmək üçün belə oyunlar quraşdırırlar».
Zülfüqarlı Qərb səfirliklərini Azərbaycanın əleyhinə olan layihələri maliyyələşdirməkdə günahlandırdı.