Ölüm aclığına başlayan jurnalist azadlıqdadır

Təbriz həbsxanasında ölüm aclığına başlayan jurnalist Abdulla Səduqi girov müqabilində həbsdən azad edilib. Abdulla Səduqi AzadlıqRadiosuna bildirib ki, həbsdən azad olunandan sonra o, aclıq aksiyasını dayandırıb. Jurnalistin sözlərinə görə, həbsdə saxlanılarkən ona qarşı 22 ittiham irəli sürülüb. Bu ittihamlar arasında ən ciddisi İslam Respublikasına qarşı təbliğat aparmaq, milli fəalları dəstəkləmək kimi ittihamlardır. Jurnalist bu ittihamları qəbul etmir.

Səduqi Təbriz həbsxanasında milli fəallara işgəncələr verildiyini bildirib:

«Mənim qaldığım kameraya qətl və başqa ağır cinayətlər törətmiş məhkumları salmışdılar. Milli fəallara bu yolla həm mənəvi, həm psixoloji, həm də fiziki işgəncələr verilir».

Yaxın vaxtlarda Abdulla Səduqinin məhkəməsi keçiriləcək.

Abdulla Səduqi Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Təbrizin «Traxtorsazi» futbol klubunun icazəli afişalarını Azərbaycan dilində nəşr etdiyi üçün yanvarın 18-də İranın kəşfiyyat qurumu (ETTELAAT) tərəfindən həbs olunub. Həbsindən 1 ay sonra müddətsiz aclıq aksiyasına qərar verib. Ötən şənbədən isə su içməkdən də imtina edib. Dünən axşam saatlarında onu girov müqabilində məhkəməyə qədər azad ediblər.