- Tofiq bəy, nə vaxtdan Nazim Hikməti araşdırmağa başlamısınız?
- Uzun bir tarixi var mənim elmi fəaliyyətimin. Tələbəlik dövründən başlayıb - 45-50 ildir. Kiçik tərcümələr edirdim, məqalələr yazırdım. Namizədliyim də, doktorluğum da Nazim Hikmət poeziyası ilə bağlı olduğundan, elmi fəaliyyətim dövründə hər zaman bu böyük şairin yaradıcılığı ilə məşğul olmuşam. Amma son dövrdə qapalı, gizli materialların çap olunması, arxivlərin açılması imkan verdi ki, Nazimin həyatına, yaradıcılığına, xüsusən də şeirinə yenidən nəzər salaq. Bu baxımdan kitab Nazimşünaslıqda, kiçik də olsa, yeni addım olacaq.
- Arxivlərin açılmasından sonra nələr dəyişdi?
- Nazim Hikmətin poetikası ilə yaxından məşğul olan, onu dərindən öyrənən türkoloqların sayı çox azdır. Sovet dövründə onun daha çox inqilabi fəaliyyəti, inqilabi poeziyası, 20-ci illərin inqilabi romantikası önə çıxarılırdı. 80-ci illərdən sonra Nazimi yenidən kəşf etməyə başladılar. Artıq bu gün Nazimin şeiriyyəti və şeir sənəti başqa bir mövqedən dəyərləndirilir. Xüsusən də, Nazim Hikmətin Moskva dövründəki həyatı, fəaliyyəti bu kitabda tamamilə yenidən yazılıb. Çünki 1951-ci ildə Moskvaya gəldiyi zaman Nazim Hikmət bambaşqa bir Sovetlər Birliyi gördü. 20-ci illərin romantikası bir anda yox olub getdi. Və qarşısına çıxan problemləri görüncə də, onun dünyabaxışında bir çox şeylər dəyişmiş oldu. Sovet iqtidarının - Stalin rejiminin də münasibəti ona birmənalı olmamışdı. Arxiv materialları o hadisələrin altında olan münasibətləri meydana qoyur. Bu baxımdan Nazimin Moskva həyatı göründüyü kimi gözəl və problemsiz olmayıb. Tam tərsinə, daxili bir iztirab Nazimin faciəsi halına gəlmişdi. Materialları, yazılan donosları ələ keçirdikdən, Nazimə olan münasibətin nə qədər ikiüzlü bir siyasət olduğunu görəndən sonra böyük bir insanın, həyatının 15 ilini həbsxanalarda keçirmiş böyük bir şairin faciəsi meydana çıxır. Yazıqlar olsun! Özü də, bunu zaman etibarilə deməyin vaxtı gəlib çatıb...
- Tofiq bəy, bir misal çəkərsinizmi bizə, görək nələrlə üzləşib o dövrdə böyük şair?
- Onun bir pyesi vardı - «İvan İvanoviç». Yeganə pyesdir ki, sovet mühitinə həsr olunmuşdu. 1953-cü ildə Stalinin vəfatından və Xruşşovun başlatdığı ilıqlaşmadan sonra Nazim də bütün yaramazlıqlara son qoyulacağını gözləyirdi. «İvan İvanoviç» pyesi də Sovet rejiminin bütün mənfiliklərini ortaya qoyan gözəl bir əsərdir. Bu əsərin Mərkəzi Komitədən başlamış Siyasi Büroya qədər müzakirəsi, iki dəfə göstəriləndən sonra tamaşanın yasaqlanması və bunun ətrafında cərəyan edən hadisələr o dövrdəki ideoloji havanın və rejimin nə qədər zəif , nə qədər ikiüzlü olduğunu göstərir. Pyesi səhnədən çıxarılanda, Nazim Varşavadaydı, bunu eşidəndə öz canına qıymaq istəyib... Bu hadisələr hələ indi-indi meydana çıxır. Öz arxivi imkan verir ki, bəzi şeyləri yenidən gözdən keçirək. Onun indiyədək bilinməyən bir məktubunu da bu kitaba salmışam. Xruşşova yazdığı bir məktubu var onun...
- Maralıdır. Nə istəyir, nə deyir?
- XX qurultayda iştirak etmək istəyir. Bu qurultaya çox böyük ümid bəslədiyini yazır. Amma dəvət etmirlər onu XX qurultaya.
-Nəyə görə çağırmırlar?
- Səbəbi məlum deyil. İndi deyə bilərik - ideoloji cəhətdən o qədər inanılan adam olmadığına görə. Bu haqda uzun-uzun danışmaq olar. Amma düşünürəm ki, kitabı oxumaq mənim şərhimdən daha maraqlı olar.
- Çox böyük məmnuniyyətlə oxuyarıq. Nə vaxt gələcək Bakıya?
- Hər halda ümid edirəm ki, bir aya-ay yarıma kitab Bakıda satışa çıxacaq.
- Nazim Hikmətlə bağlı araşdırmalarınız yenə davam edəcəkmi?
- Nazimin XX əsrin ən böyük, dahi şairi olduğu hər kəs tərəfindən qəbul edilib. O, 1963-cü ildə vəfat edib. Bu 50 il ərzində Nazimin dünya poeziyasında ulduzu daha da parlayıb və onun nəhəngliyi daha aydın görünüb. Odur ki, vaxtaşırı mən də müraciət edəcəyəm, məndən əvvəl də çox böyük alimlər—Əkbər Babayev, Radi Fiş, Leyla Alkayeva müraciət ediblər. Bizdən sonra da Nazim yenidən oxunacaq, yenidən şərh ediləcək, yenidən kəşf ediləcək. Bu, təbii prosesdir.
- Tofiq bəy, tirajı nə qədərdir kitabın?
- Tirajı təəssüflər olsun ki, çox deyil, 500 nüsxədir. Populyar deyil, elmi kitab olduğuna görə nəşriyyatlar üçün maraqlı deyil. İndiki dövr bu cəhətdən qəribə dövrdür. Bir detektiv əsər yazılsaydı, tirajı daha çox olardı. Ciddi əsərləri oxuyanlar ziyalılardır, elm adamlarıdır, tələbələrdir. Bu baxımdan tirajı o qədər çox olmasa da, kifayətdir.