NABUCCO özünə gəldi...

Bu kəmər layihəsi reallaşsa, Azərbaycan həm öz qazını Avropaya yaxşı qiymətə sata biləcək, həm də Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropanın enerji təhlükəsizliyində vacib halqaya çevriləcək, strateji əhəmiyyəti artacaq.

Azərbaycandan başlayıb Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanacaq NABUCCO qaz kəməri layihəsini çoxları ölmüş sayırdılar, amma kəmərin reallaşmasına ümidlər yenidən artıb və kəmərlə ilk qazın artıq 2014-cü ildə axacağı haqqında danışılır.

ANKARA DA NƏHAYƏT "HƏ" DEDİ

Əvvəla, martın 4-də Türkiyə parlamentinin NABUCCO qazının nəqli haqqında dövlətlərarası sazişi təsdiq etməsi belə nikbinliyə əsas verir.

Həmin sazişi 5 dövlət - Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalamışdı, amma indiyəcən sənədi təsdiqləməyən yalnız Türkiyə idi.

Azadlıq Radiosuna verdiyi eksklüziv müsahibədə NABUCCO layihəsinin direktoru Raynhard Mitşek deyir ki, Türkiyənin bu addımı çox vacibdir.

"Bu dövlətlərarası saziş çox mühüm sənəddir, çünki qazın 5 ölkə boyu nəqli üçün vahid rejim müəyyən edir. Bu, bir dövlətlərarası saziş olduğu üçün onun hüquqi qüvvəsi sözügedən ölkələrin yerli qanunvericiliyindən üstündür. Sazişin müddəti 50 ildir, bu da sərmayəçilər, banklar və daşınma ilə məşğul olanlar üçün rahatlıq, təhlükəsizlik və etibarlılığın təmin olunması deməkdir".

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ANLAŞIB

Türkiyənin sazişi təsdiqləməyi ləngitməsi Ankara ilə Bakı arasında mövcud olan narazılıqlarla bağlı idi.

Roma Universitetinin geopotika və enerji üzrə mütəxəssisi Federiko Bordonaro deyir ki, artıq bu maneə də aradan qalxıb.

Raynhard Mitşek
“Əvvəlcə türklər və azərbaycanlılar arasında qiymətlə bağlı razılıq yox idi. Amma indi, mənim başa düşdüyümə görə, Ankara Azərbaycanın Şahdəniz yatağından çıxarılmış qazın nəqli üçün tranzit vergisi alacaq, amma qazın Türkiyə ərazisinə daxil olmasına görə Azərbaycan Türkiyəyə heç nə ödəməyəcək. İndi iki ölkə arasında bütün qiymətlərin, vergilərin dəqiq ifadə olunduğu saziş var. Bu o deməkdir ki, artıq NABUCCO layihəsinin işə düşməsi üçün münbit hüquqi zəmin var”.

NABUCCO-nun baş tutacağına inanmağa əsas verən bir hadisə də bu günlərdə baş verdi. Almaniyanın RWE şirkəti – NABUCCO-nun 6 səhmdarından biri olan RWE şirkəti Azərbaycanla anlaşma memorandumu bağladı ki, Xəzərdəki Naxçıvan qaz yatağını istismar edəcək. Həmin yataqdan çıxarılacaq qaz şübhəsiz ki NABUCCO üçün nəzərdə tutulub.

Bu, kəməri işə salmaq üçün yetərincə qazın olmaması haqda narahatlıqları azalda bilər.

Keçən il RWE şirkəti Türkmənistanla da oxşar saziş bağlamışdı. Türkmənistan da Azərbaycanla yanaşı NABUCCO üçün iki əsas qaz mənbəyindən biri sayılır. Bu isə o deməkdir ki, indi Azərbaycan və Türkmənistan arasında NABUCCO ilə bağlı sazişləri bağlanması istiqamətində işləri yekunlaşdırmaq üçün heç bir hüquqi maneə yoxdur.

SƏHMDARLAR AXTARIŞDADIR

Azadlıq Radiosuna verdiyi məxsusi müsahibədə NABUCCO-nun direktoru Mirşek deyir ki, RWE şirkətinin Azərbaycanla müqaviləsini yüksək qiymətləndirir.

“Xoşbəxtlikdən NABUCCO-nun səhmdarları çox fəaldırlar. Onlar Azərbaycan, Türkmənistan və İraqda qaz tapmaq üçün aktivlik göstərirlər. Mən əminəm ki, kəmər işə düşəndə bizim 8-10 milyard kubmetr qazımız olacaq. Daha sonra biz bu rəqəmi – kəmərin tam daşınma gücünə - yəni 31 milyard kubmetrə çatdıra biləcəyik”.