Bakıda silahlı insident baş verib, bir nəfər ölüb

APA-ya Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 22-dən 23-nə keçə gecə rayonun Zabrat qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Qəsəbə sakini 1952-ci il təvəllüdlü Dəyanət Hənifəyev aralarında baş vermiş şəxsi münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Arif Əsgərovu güllələyib. Qarın nahiyəsində ağır güllə yarası alan A. Əsgərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən D. Hənifəyev polis tərəfindən saxlanılıb. Ondan bir ədəd beşaçılan tüfəng götürülüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq silah əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.