«Nabucco» qaz kəməri 2018-ci ildən tez işə düşməyəcək

«Nabucco» qaz kəməri 8 milyard dollar məbləğində qiymətləndirilir

«Nabucco» qaz kəməri 2018-ci ildən tez işə düşməyəcək. Bunu Almaniyanın «Züddoyçe saytunq» qəzetinə müsahibəsində Avropa Birliyinin energetika üzrə komissarı Günter Ettinger bildirib. O deyib ki, kəmərin planlaşdırılması üzrə işlər başa çatmaqdan hələ çox uzaqdır. «Ümid edirəm ki, 2010-cu ildə kəmərin tikintisinə dair yekun qərar qəbul ediləcək» - deyə Ettinger bildirib.

Günter Ettinger onu da deyib ki, hələ keçən ilin sentyabrında kəmərin tikintisi ilə bağlı şanslar 30 faiz qiymətləndirilirdisə, hazırda bu 65 faizə bərabərdir. O deyib ki, bu layihə Avropa Birliyi üçün nüfuz məsələsidir.

«Nabucco» qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə magistralın çəkilməsini nəzərdə tutur. Bu kəmərlə Xəzər regionundan Rusiyadan yan keçməklə Avropaya təbii qazın nəqli planlışdırılır.

«Nabucco» qaz kəməri 8 milyard dollar məbləğində qiymətləndirilir.