Cabbar Qaryağdıoğlunun məzarı Fəxri Xiyabana niyə köçürülmür?

Kəmalə Musazadə

«Təəssüflər olsun ki, martın 31-də bütün diqqət soyqırıma yönəldiyindən, Cabbar Qaryağdıoğlunun doğum günü unudulur».

Bu fikri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan rejissor Kəmalə Musazadə səsləndirdi.

Ötən il Cabbar əmi haqqında film çəkən Kəmalə xanım «ən ürək sızladan tərəf odur ki, bu böyük xanəndənin doğum gününü təkcə məmurlar yox, sənət adamları da yaddan çıxarır» dedi.

1861-ci ildə Şuşada doğulan, 1944-cü il aprelin 28-də Bakıda vəfat edən Cabbar Qaryağdıoğlunun məzarı uzun illər Yasamal qəbiristanlığında Səməd Vurğunun şeirindəki kimi—«Unudulmuş tək məzar» olaraq qalıb. İkinci minilliyin başlanğıcında bu böyük xanəndə haqqında film çəkmək istəyən gənc rejissor Kəmalə Musazadə onun qəbrini ziyarət etmək istəyir. Və…məlum olur ki,

CABBAR ƏMİNİN MƏZAR YERİNİ HEÇ KƏS BİLMİR

Kəmalə xanım onun yeganə sağ qalan qızı Şəhla xanımla görüşür. Artıq ixtiyar yaşda olan Şəhla xanımın gündən-günə böyüyən Yasamal qəbiristanlığında 60 il əvvəl torpağa gömülən atasının məzarının harda olmasından nə xəbəri olacaqdı ki? Axtarış başlayır. Xəbər gəlir ki, Cabbar əminin təntənəli dəfn günündə onu son mənzilə uğurlamaq üçün Gəncədən də gəliblərmiş. Tarzən Firudin də onların arasındaymış və o sağ-salamatdır. Kəmalə xanım Firudin müəllimi Gəncədən gətizdirir və …

TARZƏN MƏZARI TAPIR

İnanmayacaqsınız, amma məzar necə gömülmüşdüsə eləcə - torpaq halında, üstündə Q, yəni Qaryağdıoğlu yazılmış bir daş parçası ilə qalıbmış…Üç il öncə AzadlıqRadiosunun «İz» proqramında bu barədə «Unudulmuş tək məzar» adlı veriliş də hazırladıq. Saytımızda da yazdıq. Film də çəkildi. Artıq məzarın üstü götürülüb. Amma bu yetərlidirmi? «Xeyr, yetərli deyil!».

Kəmalə Musazadə dəfələrlə əlaqədar qurumlara müraciət etdiyini, 85 nəfərin imzasını topladığını bildirdi: «Abidə mənim xəbərim olmadan qoyulub - çox böyük əziyyətlə. Hətta düşüb əzilib. Üstünə ad xeyli sonra yazılıb. Çünki ora çox darısqaldır. Başqa qəbirlərin üstündən keçmək lazım gəlir».

MƏZARI FƏXRİ XİYABANA KÖÇÜRMƏK OLMAZDIMI?

Gələn il Cabbar əminin 150 illiyi tamam olur. Bu məqsədlə tədbirlər planı hazırladığını deyən Kəmalə xanım bir sıra məqamlara müraciət edəcəyini də bildirdi. Onun mahnıları ilə sənətə gələnlərin heç birinin «Baba»larının məzarından xəbəri olmadığını dedi: «O qüdrətli sənətkarlardan biri də məzarı ziyarət eləmədi».

1948-ci ildə Fəxri Xiyaban yaradılarkən xüsusi fərmanla köçürüləcək 12 şəxsiyyətin məzarı arasında Cabbar Qaryağdıoğlunun adı 8-ci olub. Amma bu günədək fərman icra olunmayıb. Tədbirlər Planında onun məzarının Fəxri Xiyabana köçürülməsi də var:

«Abidə qoyulur ki, o şəxs xatırlansın, məzarına çiçək düzülsun. Yasamal qəbiristanlığında isə onu heç kəs xatırlamır…»