«Qladiatorlar»ın savaşı?

Mirmahmud Mirəlioğlu

Parlament seçkilərinə hələ düz 7 ay qalsa da, indidən müxalifətin bu prosesə çoxsaylı seçki siyahıları ilə gedəcəyi təxmin edilir. Halbuki, son parlament seçkilərində müxalifət yalnız iki- «Azadlıq» və «YES» bloklarının siyahıları ilə iştirak etmişdi.

5 müxalifət partiyasının birləşdiyi Demokratiya Uğrunda İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyir ki, artıq onlar 89 dairədə öz namizədlərini müəyyən ediblər. Ancaq «real müxalifət, güclü namizəd» prinsipini əsas götürdüklərini bildirən Mirmahmud Mirəlioğlu deyir ki, müxalifətin ümumi birliyi naminə ehtiyac yaranarsa, onlar bu siyahılarına dəyişiklik etməyə hazırdırlar.

Müxalifət bu seçkilərə çoxsaylı siyahılarla getdiyindən onların tanınmış simalarının bəzi dairələrdə bir-birlərinə opponentlik edəcəkləri də artıq qaçılmaz prosesə çevrilib. Hərçənd, Mirmahmud Mirəlioğlu deyir ki, onlar liderlərlə bağlı belə problemlərin yaşanmamasına çalışacaqlar. Ancaq indidən məlumdur ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən həm bu ittifaqa daxil olan «Azadlıq» partiyasının sədri Əhməd Oruc, həm də Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliklərini vermək niyyətindədirlər.

XALQ TÜKÜ-TÜKDƏN SEÇMƏYİ BACARIR?

Mirmahmud Mirəlioğlu ümid edir ki, belə hallar da bütünlükdə düşərgə üçün ciddi problemə çevrilməyəcək:

«Nə qədər tənqid etsək də, Azərbaycan seçicisi tükü-tükdən seçir. Çox yaxşı bilirlər ki, kim hansı məqamda necə müxalifətçilik edir. Ancaq bütün hallarda yaxşı olar ki, elektorat parçalanmasın…».

İsa Qəmbər
Ümid Partiyası məclisinin sədri Ənvər Ağazadə isə deyir ki, 35 saylı Xətai üçüncü seçki dairəsində heç kimi İqbal Ağazadəyə rəqib görmürlər. Ümumilikdə indiyə qədər Ümid Partiyası 70-dən çox namizədini müəyyən edib:

«Artıq onların hər biri bilir ki, hansı dairədən namizədliyini verəcək. Ancaq hələ ki, onlardan 31-nin namizədliyini təsdiq etmişik».

AXCP VƏ MÜSAVATIN ELEKTORATI EYNİDİRMİ?

2005-ci ildən fərqli olaraq bu parlament seçkilərində müxalifət üçün diqqət çəkən məqamlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavatın proseslərdə ayrı-ayrılıqda iştirakıdır. Halbuki bəzi təhlilçilərə görə, bu iki partiyanın elektoratı təxminən eynidir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə belə dəyərləndirmə ilə razılaşmır:

«2003-cü ildə mən prezident seçkisinə «Bizim Azərbaycan » bloku ilə, AXCP isə AMİP-lə gedirdi. Həmin seçkilərin real nəticələri hamıya məlumdur…».

AXCP-də isə Müsavatsız birlikdəki boşluğu cəmiyyətin tanınmış müstəqil simalarını bu prosesə cəlb etməklə dolduracaqlarına ümid bəsləyirlər. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı:

Azər Rəşidoğlu
«Geniş ictimai müqavimət cəbhəsi yaradılmalıdır. Burada tək partiyaların yox, tanınmış ziyalıların, gənclərin gücündən istifadə edilməlidir…».

QLADİATORLARIN SAVAŞI?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, ölkədə vəziyyətin dəyişməsi müxalifətin birliyindən çox hakimiyyətin demokratik seçki keçirmək iradəsindən asılıdır. Bununla belə o etiraf edir ki, müxalifətin birləşməsi həm cəmiyyətin müqavimətini artırar, həm də narazı elektorata müsbət impulslar verərdi. Bundan ötrü isə əsas iki müxalifət partiyasının - AXCP və Müsavatın birləşməsi və bu birliyin müstəqil ziyalılar vasitəsilə gücləndirilməsi əsas şərtdir.

Azər Rəşidoğlu deyir ki, əks halda, bu seçki hakimiyyətin iradəsi ilə keçiriləcək. Kimlərsə hakimiyyətin xeyir-duası ilə yenə parlamentə düşəcək, əsas müxalifət qüvvələri isə «qara siyahı»dan qurtula bilməyəcəklər:

«Bu qladiatorların savaşını xatırladır. Ortada heç bir qələbə yoxdur. Sadəcə bir qul digərini məhv edir».

Azər Rəşidoğlu düşünür ki, müxalifət bu seçkilərdə tam qələbə çalmaq olmasa da, hakimiyyətin müəyyənləşdirdiyi oyun qaydalarını pozmaq gücündədir.