ANAR: “Ermənilər Bakı, Gəncə və Sumqayıtı itiriblər”

“Mənim mövqeyim budur ki, Qarabağ münaqişəsindən ən çox itirən azərbaycanlılar və ermənilər olub.

İlk növbədə birgə yaşayış ənənəsi kökündən sarsılıb. Bununla yanaşı, mən dəfələrlə demişəm ki, döyüşü udmaq olar, amma müharibəni udmaq çətindir.

Qarabağ indi ermənilərdədir, onlar Azərbaycan ərazisinin 20 faizinə nəzarət edirlər. Amma bununla bərabər onlar Bakı, Gəncə və Sumqayıtı itiriblər”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bunu Rusiyanın “Reqnum” agentliyinə müsahibəsində deyib.

“Əgər ermənilərin biznes sahəsində işləmək bacarığını, təbiətən ünsiyyətcilliyini nəzərə alsaq, şübhə etmirəm ki, indi onlar Azərbaycanda bir çox restoranların, bankların, korporasiyaların sahibi olacaqdılar.

Buna görə də düşünürəm ki, onlar qazanmaqdan daha çox itiriblər.

Eyni zamanda ermənilər – bizim daimi qonşularımızdır və biz onlarla birgə yaşayış yollarını tapmalıyıq.

Daim keçmişin yükü ilə yaşamaq olmaz, həmin keçmişi bu günə daşımaq olmaz.

Tarixi təcrübə göstərir ki, bir zamanlar aralarında nifaq olmuş xalqlar tez bir zamanda bir-birilə dil taparaq inkişaf yolunda birgə addımlayıblar.

Ona görə də tarixi optimizm kontekstində götürsək, mən bizimlə ermənilər arasında münasibətlərin normallaşacağına inanmaqda davam edirəm.

Amma orada anlamalıdırlar ki, bizim torpaqlara iddia etmək əsassızdır”.