Obama gələn həftə 11 Avropa lideri ilə görüşəcək

Gələn həftə ABŞ prezidenti Barak Obama Praqaya səfər edib orada Rusiya ilə nüvə silahlarının azaldılmasına dair yeni saziş imzalayacaq.

Ağ Evdən verilən məlumata görə aprelin 8-də keçiriləcək imzalanma mərasimi zamanı Obama 11 Avropa Birliyi ölkəsinin prezidenti ilə də görüşəcək.

Amma mərasimə dəvət olunan ölkələrin hansılar olduğu hələ elan edilməyib.

Rusiya ilə ABŞ arasında START müqaviləsi adlanan və nüvə silahının azaldılmasını nəzərdə tutan razılaşmanın müddəti bu ilin dekabrında başa çatır. İndi hər iki ölkə bu cür silahların daha da azaldılmasını nəzərdə tutan yeni müqavilə imzalayırlar.