«Andres Herkel yeni məruzəçi ilə əvəzlənəcək»

Andres Herkel

Avropa Şurası tərəfindən Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunacaq.

Bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S.Seyidov bildirib ki, Andres Herkelin məruzəçi kimi səlahiyyət müddəti başa çatdığı üçün o, yeni məruzəçi ilə əvəzlənəcək. Təyinatın AŞ PA-nın iyun sessiyasından sonra olacağı gözlənilir.

«Azərbaycan üzrə yeni məruzəçinin kim olacağını indidən demək mümkün deyil. Bu, Avropa Şurasının səlahiyyətində olan məsələdir. İstəyirik ki, yeni məruzəçi öz işini yüksək səviyyədə həyata keçirsin. Bu şəxs Avropa Şurasının dəyərlərini həyata keçirməklə yanaşı, öhdəliklərin icrasını monitorinq edir. Məruzəçi ölkənin daxili işlərinə qarışmamalı, hansısa tərəf tutmaqdan uzaq olmalıdır. Ümid edirik ki, belə də olacaq», - deyə S.Seyidov bildirib.