Qeydiyyatsız QHT-lərin taleyi necə olacaq?

Oqtay Gülalıyev

«Biz Avropa Məhkəməsinə hazırlaşırıq. Ədliyyə Nazirliyi heç cür bizi qeydiyyata almaq istəmədi, uzun sürən məhkəmələrdə də bir nəticə alınmadı».

Bunu Kürdəmirdə Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzini təsis edənlərdən biri Lətafət Kərimova deyir. Onun sözlərinə görə, uzun müddətdir, təşkilatı qeydiyyata aldırmaq istəsələr də, Ədliyyə Nazirliyindən onlara hər dəfə sənəddə nəyinsə düz olmadığını bildiriblər. Lətafət xanım deyir ki, elədikləri düzəlişlər də fayda verməyib, çünki təşkilatın qeydiyyata alınmamasının səbəbi heç də sənədlərdəki yanlışlıq yox, onların şəxsiyyətidir:

- Ədliyyə Nazirliyindən mənə dedilər ki, biz sizin barənizdə icra hakimiyyətindən məlumat toplaşmışıq.

Lətafət Kərimova həm də Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin yerli nümayəndəsidir və hesab edir ki, onun aktiv fəaliyyəti təşkilatın qeydiyyatına mane olur.

«XİTAM VERİN» YOXSA « LƏĞV EDİN» OYUNU

30-dan çox qeydiyyata alınmayan qeyri-hökumət təşkilatını birləşdirən Əlaqələndirmə Şurasının təmsilçisi Oqtay Gülalıyevin sözlərinə görə, indiyə kimi qeydiyyatından imtina olunan QHT-lərə nazirliyin verdiyi cavablarla bağlı araşdırma aparıblar:

- Məsələn, təşkilatın əsasnaməsinin yekun bəndində göstərilir ki, təşkilatın fəaliyyətinə xitam verilərkən əmlak qanunvericiliyə uyğun həll edilir. Ədliyyə Nazirliyi isə deyir ki, «xitam verin» sözünü «ləğv edin»lə əvəz edin. Dəyişirik, amma nazirlik deyir ki, yox, «xitam verin» olmalıdır. Ya deyirlər ki, təsisçilərin şəxsiyyət vəsiqəsinin sürəti yoxdur.

Bir araya gələn qeydiyyatsız QHT-lər problemi həll etmək üçün bütün imkanlardan istifadə edirlər. Oqtay Gülalıyev məhkəmə pillələrini keçdiklərini və son mərhələ kimi Avropa Məhkəməsinə üz tutacaqlarını deyir. Amma onlar həm də yerlərdə dayaq tapmağa çalışıblar. QHT-lərə Dövlət Dəstəyi Şurasına da ona görə müraciət ediblər:

- Biz Azay Quliyevlə görüşəcəyik. Görüşdə Ədliyyə Nazirliyinin də nümayəndəsi də olacaq.

«FİKRİMİZİ BİLDİRƏCƏYİK»

Azay Quliyev
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə hesab edir ki, ölkədə 3-cü sektorun fəaliyyətinə heç bir maneə yoxdur. O, görüşdə problemlərə aydınlıq gətiriləcəyinə inanır:

- Biz bu məsələləri müzakirə edəcəyik. Dövlət siyasəti QHT-lər üçün münbit şərait yaradıb. İndi ayrı-ayrı QHT-lərin problemi varsa, görüşüb onları dinləyəcəyik və sonda fikrimizi bildirəcəyik.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov da Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı hər hansı problemin olmadığını, qanunvericiliyə uyğun sənədlər təqdim olunduqda QHT-lərin qeydiyyata alındığını deyir.

M.Soltanov 2010-cu ilin ilk üç ayı ərzində neçə QHT-nin qeydiyyata alındığını müəyyən vaxtdan sonra deyə biləcəyini qeyd edib və bildirib ki, ötən il 150-dən çox QHT qeydiyyata alınıb.

«DEMOKRATİYA, İNSAN HÜQUQLARI OLMAZ»


Adətən, hanıs profilli QHT-lərin qeydiyyatında problem yaranır? Qeydiyyata alınmayan QHT-lərin Əlaqələndirmə Şurasının təmsilçisi Oqtay Gülalıyev deyir ki, nizamnaməsində demokratiya və insan hüquqları sahəsini proritet seçən qurumların qeydiyyat problemi yaşanır.

Müsahibimizin sözlərinə görə, qeydiyyata alınmamaq QHT-lərin hüquqi statusda tanına bilməməsinə və nəticədə bunun fəaliyyətə ciddi çətinlik yaratmasına gətirib çıxarır.

ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatında da Azərbaycanda QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin olduğu vurğulanıb. Hesabatda deyilirdi ki, Ədliyyə Nazirliyi insan haqlarını müdafiə edən bəzi QHT-ləri qeydiyyata almaqdan imtina edir.