Yazıçı Əlabbas: “Onun biri kəbinli xanımım, digəri isə məşuqəmdi”

"Oxu zalı"nda Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən yazarlarla müsahibələrimiz davam edir. Yazıçı Əlabbasın "Qiyamçı" romanı da onluqdadır.

- İşləriniz necə gedir?

- Kəndimizdə bir Yusif dayı vardı, soruşanda necəsən, deyərdi, durum deyim, yaxşıyam, sən də gedib arxayın olasan, onu eləyə bilməyəcəm. İndi onun sözü olmasın, hamı necə biz də elə.

- İşləyirsiniz, həm də yazarsınız, çatdırmaq, bir yerə sığışdırmaq olur?

- Mənim birinci işim yazıçılıqdı, ikinci işim dolanışıq fəaliyyətim. Hazırda Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətində işləyirəm. Çexovun sözü olmasın, onun biri kəbinli xanımım, digəri isə məşuqəmdi. Birindən doyanda o birinin yanına qaçıram.

- Bir müddət yazmamısınız.

- Bu haradasa 92 – ci ildən 97 - 98 – ci ilə qədər olan dövr idi. Bilirsiniz, o vaxt mənim kitabım da çıxdı, “ Uçurum”... Həyatımda da bir uçurum, keşməkeşli, ziqzaql bir dövr idi.

Əlabbas (Bağırov Məmmədhüseyn oğlu)
1957-ci ildə Şahbuz rayonunda doğulub.

1978-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
- Şəxsi problem idi?

- Şəxsi problemlər idi, dolanışıq ucbatından olan çətinliklər idi, ailə - məişət problemləri idi. Bəzən adama deyirlər ki, get otur yazını yaz, bilirsiniz, bu heç də belə deyil.

Sən normal, öz qabında, öz ovdanında olmayanda yazı yazman qeyri-mümkündü.

Sənə nə qədər desələr də, sənin ailədə problemin varsa, səhhətində problem varsa, o mütləq yazıda üzə çıxacaq.

Yəni bu mənada şəxsi problemlərim, mənəvi uçurumlar yaradıcılığımda da öz əksini tapdı. Həmin müddət mən yazı yazmadım.

Həm də səhhətimdə problemlər vardı. Bıçaq altına düşdüm. İndi hər şey normallaşıb, yazıram. Amma mənim hər şeydən qaçıb, sığınacaq tapa biləcəyim bir yer varsa, o da yazıçılıqdır, qələmin yanıdır. Qələmin yanında özümü olduqca rahat hiss edirəm.

- Qələmin yanına qayıdacağıq. İndi iş yerinizi dediniz, amma fikir verdinizsə, mən iş yerinizin adını çəkmədim, buna da səbəb var. Bəzi müsahiblərlə danışanda iş yerinin adını çəkəndə, kimlərsə hökumət işində işləyirlərsə əksinə, deyirlər gəlin o barədə danışmayaq.

- Yox, burada nə var ki? Mətbuatda da hallandı ki, mənim əsərim onluğa ona görə düşüb ki, məmuram. Vallah mənim məmur sözündən zəndeyi-zəhləm gedir. Məmuru bir az mənfi assosiasiyalarla qəbul edirik.

Amma mən heç belə də qəbul etmək fikrində deyiləm. Mən ümumiyyətlə, heç vaxt nə məmur olmağın həvəsində olmuşam, nə də ona imkanlarım var. Aldığım maaş da jurnalist maaşıdır.

Yanıma gəlib-gedən mətbuat işçiləri və yazıçı dostlarım, mənə yaxın olan adamların hamısı bilirlər ki, orada mənim dolanışığım necədir.

- Hər halda o dolanışıq masa başına keçib yazmağa mane olmur.

- Təbii, mənim orada qazancım başqa şeydir.

Bu studiyadan bir az böyük otağım var. Özümə çay dəmləyib, bir stəkan süzüb kompüterin arxasına keçərək yazmağı dünyanın heç bir ləzzətinə dəyişmərəm.

Yazıçı dostlarım deyirlər ki, sənin orada yazıçı olmamağa haqqın yoxdur. Mən orada, o balaca otaqda özümə normal şərait yaratmışam.

- Çıxardarlar a sizi işdən?

- Yox, rəhbərlik də, kollektiv də məni həm bir yaxşı işçi, həm də bir qələm əhli kimi qəbul edir. İnanmıram ki, tərifə görə məni işdən çıxartsınlar. Həm də o şərait təkcə mənə yaradılmayıb ki.

Orada işləyənlərin hamısına bu cür şəraiti yaradılıb. İndi şükür allaha ki, hər yerdə təmirlər gedir, hamı normal şəraitdə oturur. Daha əvvəlki kimi beş-on adamı yığmırlar bir otağa.

- Nə vaxt daha rahat yazmısınız?

- Mən ən yaxşı yazılarımı kirayənişin qaldığım illərdə yazmışam. İndi də yaxşı, ürəyimdən tikan çıxara biləcək məqamlar var ki, onları iş yerində yazıram. Gözləyirəm hamı çıxıb işdən gedir.

Saat 6-7-dən sonra tam sakitçilik yaranır. Mühafizəçidən başqa heç kim qalmır.

Vaxt olub ki, orada gecə saat 1-2 – yə qədər işləmişəm. Hətta bir dəfə yadımdadır, saat üçə qədər indi onluğa düşən “Qiyamçı” romanının redaktəsini etmişəm.

Yəni mən o yazını orada işləmişəm. Dünyada yaradıcılıq nəşəsi deyilən bir şey ki var, mən onu «Qiyamçı”nı yazanda dadmışam. İnanmıram ki, bundan sonra 20-30 il yazıb-yaradası olsam, o ləzzəti bir də nə vaxtsa yaşaya biləm.

- “Qiyamçı” Bakı Şəhər Ticarət və Xidmət Departamentində əmələ gəlib.

- Bilirsiniz, o romanı əslində mən 90-cı ildə tamamlamışdım. Amma uzun müddət ki yaza bilmədim, hətta mənə elə gəldi, ümumiyyətlə, yazı yaza bilməyəcəm.

Elə bilirdim ki, daha köklənə bilmərəm.

İçimdə nəsə uçulub dağılmış, astar-üz olmuşdu. Amma 2000 – ci ildən sonra hiss etdim ki, gedə biləcəyim, üz tuta biləcəyim bir yer varsa, o da elə o yazı aləmidir. Əslində ora mənim dədə evimdi.

Birindən inciyirəm, ora gedirəm, özüm də birinin qəlbinə dəyirəm, yenə ora gedirəm. Bir sözlə, heç harda orda olduğu qədər rahat olmuram.

- Həmişə belə düşünmüsünüz?

- 20 yaşda “ Köhnə kişi”ni yazdım və baş götürüb gəldim Bakıya. O vaxt bilmirdim, amma indi dəqiq bilirəm ki, bizdə heç kim 20 – 21 yaşında o cür povest yazmayıb. Lap özümdən qabaqkı nəsilləri də deyirəm.

Yazı texnikasına və ciddi yaradıcılıq vərdişlərinə yiyələnməmiş təcrübəsiz bir gəncin sözlə o sayaq davranışları indi özümə də təəccüblü gəlir. Elə ürəyimdən keçir bir də o gür yazı yazmaq!

- Onda siz Azərbaycan ədəbiyyatına, ədəbiyyat tarixinə yaxşı bələdsiniz

- Kifayət qədər hə. Filoloqam, az-çox oxumuşam.

Universitet təhsili almışam. O vaxt mənə aspiranturaya getməyi məsləhət görən müəllimlərim var idi. Hərdən hörmətli dilçimiz Tofiq Hacıyevlə rastlaşanda indi də deyir ki, sənin simanda yaxşı bir dilçi itirmişik.

- "Qiyamçı” romanında nə demək istəyirsiniz?

- Çox yaxşı yadımdadır, 6-7 yaşım olardı. Biz Ermənistanla sərhəddə yaşayırdıq. Vaxtilə bizimlə sərhədə yaxın olan kəndlər var idi ki, oradan onların bir neçəsini köçürdülər.

O kənddən qohumlarımız bizə pənah gətirmişdilər. Onların içində nəsə alt-üst olmuş, çiliklənib, tökülmüşdü. Bu hər şeydən hiss olunurdu. Onlar inanmırdılar ki, gəldikləri yerdə təzədən şərait yarada, yenidən həyata başlaya biləcəklər. Mən, təbii, onda uşaq idim, belə şeyləri gərəyincə dərk edə bilməzdim.

Amma o adamların yanaqları ilə axan yaşlar hələ də gözümün qarşısındadır. Heç vaxt ağlıma gətirməzdim ki, 20-30 il sonra bunlar bədii təxəyyülün məhsuluna çevriləcək və mən “Qiyamçı” dediyimiz o romanda həmin o hadisələri ədəbiyyat faktına çevirə biləcəm. Amma qismət gətirdi, mən o yazını işlədim, bayaq dediyim kimi 90-cı ildə nöqtəsini qoymuşdum.

Sonradan yenə o mövzuya qayıtdım, 2001 – ci ildə. Daha çox ona görə ki, bir qorxu var idi canımda. Deyirdim, birdən sağ qalmaram, o bıçaqdan xilas ola bilmərəm.

Qoy heç olmasa o yarımçıq yazını qurtarım, yadigar qalsın, oxucular üçün olmasa da, heç olmasa ailə üzvlərim üçün, yoldaşım üçün, oğlum, iki qızım üçün. Onsuz da mən o yazını uzun müddət ailəmin yazısı hesab etmişəm. Dostlar uzun müddət ondan xəbərsiz olublar.

- “Qiyamçı” nə demək istəyir?

- İndinin özündə də fikirləşirəm ki, məni əslində o yazını yazmağa tərpədən, o yazıya qayıtmağa ruhlandıran bir şey oldu. 87-88-ci illərdəki hadisələri görəndə hiss etdim ki, bəli, bu səhvlərin kökü o vaxt - 60-ci illərin əvvəllərində qoyulmuşdu.

O vaxt sərhədyanı kəndləri köçürürdülər. Oradan çıxan adamlar gedib şəhərdə oxuyublar, qayıtmayıblar, ev alıblar, qayıtmayıblar. Yəni o kəndin tərəqqisi və inkişafı üçün heç nə etməyiblər.

Həmin o kənddən gələn adamlar ki var idi, onları sonra ora nizə gücünə qaytarmaq da mümkün olmazdı. Mən əslində onu demək istəyirdim ki, sərhəd kəndlərinin köçürülməsi siyasətinin özü səhvdir.

İndi bizim kəndə (Məmməd Arazın kəndidir o kənd) gedirsən, qapılarda birinci gözə dəyən qıfıldır. Mənə bəzən elə gəlir, dünyanın bütün qıfılları ayaq açıb gedib bizim kəndə.

Hansı qapının üstünə, hansı darvazaya baxırsan, iri bir qıfıl asılıb. Mənim qiyamımın kökündə dayanan da bu idi. Mənim qəhrəmanım Təbriz, o kənddə oturub adamlara başa salmaq istəyirdi ki, o kənddə əvvəlki qayda ilə yaşamaq olar. Bu minvalla o öz ailəsindən, qohum və dostlarından, ümumiyyətlə, insanlardan ayrı, düz on il həmin kənddə tək qalıb.

Mən demək istəyirdim ki, adamları dədə-baba yurdundan qoparmaq cinayətdi.

- Belə demək olar ki, sizin qiyamınız köçürülmüş kəndlərə insanların qayıtmamasına edilən qiyamdır?


- Mənim məqsədim elə o idi. Onu demək istəyirdim və onu da dedim. Azərbaycan tək Bakıdan ibarət olanda, hamı gəlib Bakıda məskunlaşanda, biz o əsərin qiymətini biləcəyik.

Onda deyəcəklər ki, doğurdan, vaxtilə o ellərə ağı deyən «Qiyamçı” və onun qiyamçısı var imiş.

- Amma indi də qədrini bilənlər var. 10-luğa salıblar «Qiyamçı»nı.

- Təbii, sağ olsunlar Milli Kitab Mükafatını keçirənlər. Bu qədər şou yarışmalar keçirirlər, qoy bir dənə də kitab yarışması olsun. Mən alqışlayıram bu prosesi, bu adamları. Onluğun özü də şərti bir şeydir.

Ola bilərdi ki, ordakı iddiaçıların əvəzinə başqaları olsunlar. Prosesin özü maraqlıdır, dəyərlidir, önəmlidir. Çox gözəl faktdır ki, kitaba, sözə, sənətə qiymət verənlər tapılıb, bu işi dəyərləndirənlər varsa, onları gərək alqışlayaq.

Qoy olsun. Mənim üçün önəmli deyil ki, kimsə birinci yeri tutacaq, oradan bir- iki kitabının qazancını əldə edəcək. Məni maraqlandıran odur ki, prosesin özü yaxşıdır.

- Evdə yazmaq imkanınız nə qədərdir?

- Mən evdə işlərimin yalnız texniki tərəflərini görürəm. Yaradıcı işlə evdə məşğul ola bilmirəm.

- Niyə, səbəb nədir?

- Yəni evin ev işləri var, mənim indi balaca nəvəm də var. O nəvənin yanında yazı yazmaq qeyri-mümkündür. O mənə yazıdan da çox sevinclər bəxş edir. İkinci tərəfdən, evin öz qayğıları var, təsərrüfat işləri var.

Nəsə qırılıb tökülür. Bunlarla məşğul olmalısan. Yaxud harasa getməlisən. Oğlum da evlənib yanımda qalır, qızlarım da yanımdadır.

Biz evdə 7-8 nəfərik. Onların içində sakit, yaradıcı mühit yaradıb yazmaq olduqca çətindir. Mən bunu edə bilmirəm.

- Bəlkə, elə kirayədə qalasınız yenə yaxşı bir əsər yazmaq üçün?

- Onu yaxşı deyirsiniz. Yaxşı əsər yazmaq üçün mən indi kirayə evə çox həvəslə qayıdardım. Amma kirayədə qaldığım illərin problemlərini qaytarmamaq şərti ilə. Pulsuzluq, işsizlik, başına su damır, evdə hamamın yoxdur.

Bir tərəfdən də yazı yazmaq, özünü kiməsə göstərmək istəyirsən. Demək istəyirsən ki, mənim içimdə başqalarına deyiləsi sözüm var…

Pis olmazdı kirayə qalmaq. Bir tərəfdən baxanda mənim o yerim var, elə bil ki, günün müəyyən hissəsini öz iş yerimi kirayəyə götürürəm.

- “ Qiyamçının” onluğa düşməsinin sizə nə xeyri oldu?

- Mən həm dostlarımı, həm ədəbi aləmdə olan bir neçə qələm sahibini daha yaxından tanıya bildim.

Vaxtilə xahiş etməyimə, yalvarmağıma baxmayaraq, onu oxumayanlar onluğa düşəndən sonra başladılar ki, ver o kitabı oxuyum. Sual olunur, kitabda nə dəyişildi ki? Elə həmən kitabdır də.

Gərək sənə mütləq kimsə desin ki, Əlabbasın romanını mükafata təqdim eləyiblər, get oxu. Nə qədər ki, ruhi tələbata çevrilməyib, biz kitablar haqqında yanlış təsəvvürdə olacağıq.

- Sizə həmişə qələmin yanında olmanızı arzulayıram.

- Qələmin yanında olmaq xoşbəxtlikdir yaradıcı adam üçün.