«Azərbaycanla Türkiyə arasında qaz danışıqları dayandırılmayıb»

Məsələlərin çoxunda artıq razılaşma var

Türkiyə ilə Azərbaycan arasında təbii qazın qiymətlərinə dair danışıqların növbəti raundu mayda keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ANS-ə müsahibəsində həmin vaxt razılığın əldə olunacağını istisna etmir.

O deyib ki, iki ölkə arasında qaz məsələsində danışıqlar davam etdirilir:

«Qaz məsələsində bir sıra mövzular var. Birinci məsələ, «Şahdəniz»in birinci fazasından çıxan qazın alış qiymətləri, ikinci məsələ isə «Şahdəniz»in ikinci fazasından alacağımız qazın miqdarıdır. Üçüncü məsələ Türkiyə ərazisindən keçəcək qazın tranzit qiymətləri və Azərbaycanın Türkiyə bazarında satmaq istədiyi qazın miqdarıdır».

H. Kılıç deyir ki, bu məsələlərin çoxunda artıq razılaşma var:

«Hesab edirəm ki, qarşıdakı ay təkrar bu məsələyə dair növbəti danışıqlar olacaq və nəhayət ki, razılığa gəlinəcək».