Balakən rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb

Aprelin 5-dən Milli Təhlükəsizlik Nazirliyi Balakən rayonunda genişmiqyaslı əməliyyata başlayıb

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində keçirilən «Sərhəd-sipər» əməliyyatı zamanı Balakən rayonu ərazisində xeyli silah-sursat aşkar edilib.

Bu barədə APA-ya Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Aprelin 6-dan başlayan axtarış-əməliyyat tədbirləri ilə əlaqədar rayonun Katex, İtitala, Qabaqçöl və Salban kəndləri ərazilərində keçid postları qurulub, avtomobillərin və şübhəli şəxslərin ciddi yoxlanışı aparılır.

Keçirilmiş tədbirlər nəticəsində rayonun Poçtbinə kəndi ərazisində çayın sahilindən 2 ədəd «Kalaşnikov» avtomatı, 2 ədəd «TOZ-8» tüfəngi, 1 ədəd 32 çaplı ov tüfəngi, 3 ədəd əl qumbarası və 43 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.

HƏBS EDİLƏN SİLAHLI ŞƏXSLƏRİN ADLARI MƏLUM OLUB

Azərbaycanın şimal-qərb bölgəsində keçirilən xüsusi əməliyyat zamanı həbs edilən silahlı şəxslərin adları açıqlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tutulan şəxslərdən biri radikal dini qruplaşmanın üzvüdür.

Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin yerli polis orqanları ilə birgə həyata keçirdiyi xüsusi əməliyyat zamanı Zaqatala ilə Balakən arasında yerləşən «Katex» postunda iki silahlı şəxs saxlanılıb. Araşdırmalar nəticəsində həmin şəxslərin Balakən rayon sakinləri Mehdi Şahverdiyev və Mehman Dibirov olduğu məlum olub. M. Dibirovun radikal dini qruplaşmanın (vəhhabilik) üzvü olduğu bildirilir. O, həmçinin ötən əsrin 90-cı illərinin əvvəllərində Balakəndə fəaliyyət göstərən «Dibir TV»nin (DTV) sahiblərindən biri olub.

Həyata keçirilən araşdırmalar nəticəsində həmçinin məlum olub ki, adıçəkilən şəxslər Azərbaycanda törədilən bir sıra silahlı basqınlarda iştirak ediblər. Müəyyən edilib ki, M. Şahverdiyev və M. Dibirov 2009-cu ilin dekabrında Ağdaş rayonunda Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanın evinə basqın ediblər. T. Şıxıyevanı silahla hədələyən maskalılar mənzildən 3 min manat götürərək qaçıblar.

Hazırda adıçəkilən şəxslərin digər cinayətlərinin olub-olmadığı araşdırılır.