“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.
ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1 Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası) Jurnalistin türmə gündəliyi-3 (Qusik), Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət ), Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı), Jurnalistin türmə gündəliyi-7 (Həkimin qəribə alətləri), Jurnalistin türmə gündəliyi-8 (Cırtdan tank)
TEZİS: SİLİST TEXNOLOGİYASINA GİRİŞ
“Artezian”ın işi ilə əlaqədar cəlb olunduğum istintaq müddətini üç mərhələyə bölmək olar.
Əvvəl mən ümumiyyətlə “Artezian”a olan aidiyyatımı inkar, ifadə verməkdən imtina edirdim.
Şübhələnirsiniz, tutmusunuz – sübut edin. Mən isbat eləməməliyəm ki, günahsızam. Siz dəlil gətirməlisiniz ki, mən cinayətkaram.
İkinci mərhələdə hər şey əksinə idi. Müstəntiqə sübut etməyə çalışırdım ki, qəzetin nəşrində məndən başqa bir bəni insanın məqsədyönlü iştirakı olmayıb.
Hər şeyi özüm edirdim, yazıları, şəkilləri, təmsil və həcvləri. Maddi və texniki təminatla da özüm məşğuldum. Onun yayılmasını da şəxsən özüm həyata keçirirdim.
Və nəhayət üçüncü mərhələdə - müstəntiqi dediklərimə inandırmağa müvəffəq olandan sonra işin tezliklə məhkəməyə verilməsi üzrə onunla bir növ işbirliyi yaratdıq.
Bu mərhələdə söhbətlərimiz adi çayxana mübahisələri məğzində keçirdi.
Sovet kriminalistikasının yazılmayan qanunlarına əsasən, istintaqın ən məhsuldar hissəsi cinayətkar və ya şübhəli şəxs (ənənələrinə bizimkilərin sidq ürəklə sadiq olduqları sovet hüquq praktikasında bu 2 anlayışın heç bir fərqi yoxdur) həbs olunandan dərhal sonrakı dövr sayılır.
Həbs və təcridlə əlaqədar insanın qarşılaşdığı psixoloji təzyiq mühiti onda buranı tezliklə tərk etmək arzusu yaradır və nəticə kimi müstəntiqlərin şirin dillərinə, mələk xasiyyətlərinə şirnikib özündə olan bütün məlumatları bircə-bircə açıqlayır (pambıq-sandıq məsələsi).
Bəzən elə olur ki, məhbus daha ağıllı çıxır, onda şirin dildən və mələklikdən hədə-qorxuya və əzrailliyə keçirlər.
Adətən belə hallarda müstəntiqləri də dəyişirlər və şəkər-çörək politikasını qamçı siyasəti ilə əvəz edirlər. Bütün bunlar istintaqın ilk günlərində həyata keçirilir.
Eyni istintaq sxemi mənə qarşı da tətbiq olunurdu. Çekistlər ilk dəqiqələrdən sorğu-suala tutdular.
- Jurnalistlərdən kiminlə ünsiyyətdə olurdun?
- Mirsaleh Axundovla! (MTN mətbuat xidmətinin rəhbəri)
- Cövdət kimdir?
- Kompozitor. Cövdət Hacıyevi tanımırsız? Necə intelegentsiz?
- “Artezian”?..
- Sizin əziz canınız haqqı, xəbərim yoxdur!
Bu bədbəxtlər bir şeyi yaddan çıxarırdılar: şablon istintaq sxemlərini mənə qarşı tətbiq etmək olmaz, axı indicə Raufun mikroavtobusunda səkkiz dənə svetofor keçib gəlmişəm, mənə zaval yoxdur.
Sonra işi ötürdülər şəhər prokurorluğuna.
Mələk simalı müstəntiq də onda peyda oldu. Martın 4-ə keçən gecə idi.
Prokurordan daha çox xeyriyyə cəmiyyətinin agentini xatırladan İsmayıl adlı müstəntiq məni yuxudan eləmişdi ki, demokratiyaya, düzgünlüyə olan məhəbbətindən, jurnalistlərə bəslədiyi hörmətindən və şəxsən mənim günahsızlığıma olan əminliyindən danışsın.
Məni “Marlboro” siqaretinə və isti çaya qonaq edib bildirdi ki, bu gün-sabah azadlığa çıxacağam, hər halda bunun üçün əlindən-ayağından gələni əsirgəməyəcək və s. və i.a.
Buna qalimatya deyirlər.
“Qalimatya” termini ilk dəfə həkimlər arasında yaranıb. Ümidsiz xəstəyə ürək-dirək vermək üçün həkimin söylədiyi, dediyinə qətiyyən inamadığı, amma peşə etikasına görə söyləməyə məcbur olduğu sözləri həkimlər belə adlandırırlar.
Məsələn, xəstə yanına çağrılan həkim görür ki, biçarənin bir neçə gün (bəzənsə bir neçə saat) ömrü qalıb. Təbabət xəstənin halı qarşısında acizdir. Amma bunu ölüm astanasında duran adama etiraf edə bilmir, əksinə təxminən belə deyir:
“Narahat olma, səndə heç nə yoxdur, adi soyuqdəymədir. Bir-iki günə keçib gedəcək. Vəsiyyət? Özünə camaatı güldürmə.
Bir-iki günə ayağa qalxandan sonra heç vəsiyyət də yadına düşməyəcək. Deyəcəksən ki, nə vasvasıyammış mən...”
Günlər keçir, nə mülayim müstəntiqdən, nə də onun “bu gün-sabah çıxacağım azadlığından” bir xəbər çıxırdı.
Nəhayət istintaq üfüqündə gözdən itən İsmayıl müəllimi martın 9-da bu hissənin əsas qəhrəmanı, “cıqqılı ədliyyə müşaviri” Rasim Allahverdiyev əvəz etdi.
TEZİS: İLK TANIŞLIQ
Baki şəhər prokurorluğunun baş müstəntiqi Rasim Allahverdiyev 40-45 yaşlarına çalan bəstəboy, tosqun bir adam idi.
Çal saçları, dağ adamlarına xas olan qırmızı sifəti, trolleybus təkərlərinə bənzəyən girdə və eyni dərəcədə mənasız gözləri vardı.
Yuxulu qəssab vücuduna, Bulqakovun Şvonderitək (M.Bulqakov “İt ürəyi”) proletar məntiqinə və mayor poqonlarına malik idi.
Onun hüzuruna məni aparanda ilk dəfə idi ki, gecə deyil, gündüz silistə çəkilirdim.
“Deməli bunu həmişəlik, ya da heç olmasa uzun müddətə təyin ediblər”.
Rasim müəllim əzəli hərəkətlərindən bu qənaətimi təsdiq etdi.
Onun qaşqabaqlı sifətinə baxanda nədənsə qısametrajlı bir sovet filmi yadıma düşdü.
Rasim müəllim həmin filmin qəhrəmanı – sadə rus kolxozçusunu yaman xatırladırdı.
Bu barədə bir qədər ətraflı...
...Ucqar bir rus kəndində müharibə (sovet-faşist savaşı) haqqında kino çəkilişi gedir. Çəkiliş epizodu belədir: sovet qaçqınları almanlarla qarşılaşır. Alman əsgərləri qaçqınların arabalarını aşırır, bağlamalarını dağıdır, özlərini də təhqir edirlər. Alman rolunda çıxış edəcək aktyor çəkiliş qrupundan geri qalır.
Rejissor yerli sakin, sadə bir kolxozçuya təklif edir ki, alman əsgəri rolunda çıxış etsin.
Kolxozçu razılaşır. Alman formasını əyninə taxıb rejissorun göstərişlərinə əməl edir. Amma bu zaman üz-gözünü əzib-büzməyə başlayır, sanki uşaq qorxuzur (kolxozçu rolunu artist V.Nosik ifa edir). Rejissor qəzəblənir:
- Stop, stop, stop! Sən nə edirsən, üz-gözünü niyə büzürsən? Axı harada görmüsən ki, alman əsgəri belə sifət göstərə?! – deyə kolxozçunun üstünə qışqırır.
Kolxozçu sadəlövhcəsinə cavab verir:
- Necə harada? Kinolarda!
- Əzizim, sən üz-gözünü büzmə, sənin sir-sifətin elə anadangəlmə bu rola yararlıdır...
Özünə süni zəhm verməkdə yeni müstəntiqim həmin kolxozçuya yaman bənzəyirdi. “Aha hərif 100 vurub, 200 yaxır: indi müqəddiməsiz-filansız keçəcək hədə-qorxuya”.
Elədir ki var.
Rasim müəllim ilk saniyələrdən hücuma keçdi. Hərbdə buna “artileriya hazırlığı” deyirlər. Həniri pis deyildi. Pavarotti ilə Şalyapinin ecazkar sintezini eşidirdim.
Prokurorluq sisteminin opera sənətindən çox-çox uzaq olmasına təəssüflənmək lazım gəlirdi.
Onun qəzəbli monoloqu çox rabitəsiz, ən başlıcası isə acı bağırsaq kimi uzun idi.
“Artezian”ın ələ salmağa cürət etdiyi şəxsin” dahiliyindən, onun bəşəri missiyasından, millətimizin taleyindəki nicat rolundan ağızdolusu qışqırandan sonra aldı görək nə dedi?
Bu dəfə də ərz etdi ki, adıgedən şəxsiyyət ilahi qüvvələr tərəfindən məmləkətimizə ezam olunan bir peyğəmbərdir ki, xalqı düşdüyü bəladan xilas edəcək.
Deyəsən ürəyi soyumadı. Əlavə qışqırığının fəlsəfi məğzini təxminən belə əks etdirmək olar: bu ulu şəxsin araba təkərlərinə taxta soxmaq cəhdi nəinki cinayət məcəlləsi, habelə Qurani-kərimin bəndləri ilə də ziddiyyət təşkil edir. Bax beləcə, nə az, nə də çox.
Şübhə etmirəm ki, həmin anlarda dəhşətli rütubətdən və soyuqdan əsim-əsim titrəyən, boynunu büküb stulda yumaq kimi bükülən bəndəniz həqiqətən də müstəntiqin ilk hayqırtısından qorxuya düşəcək fəqir təsiri bağışlayırdı.
Rasim müəllimin öz ariyalarından “ilhamlanması” və getdikcə daha da qızışması da bunu təsdiq edirdi.
Çəpəki baxışları isə güman var ki, indicə imdad diləyərək onun ayaqlarına döşənəcəyimi gözləyirdi.
Odur ki, bu ürkək məxluqun ağzından çıxan ilk sözlər öz gözlənilməzliyi ilə müstəntiqi sarsıtdı:
- Bağışlayın, düyməniz qopub deyəsən...
Şırp! Sözünü kəsdi, duruxdu. Diqqət və təəccüblə bir mənə, bir də üst-başına baxdı.
Nə edəcəyini bilmirdi. Orta məktəbdə əzbərçi şagirdlər belə vəziyyətə düşürlər: müəllim birnəfəsə söylədiklərini yarıda kəsib yoxlamaq üçün əlavə suallar verəndə karıxıb qalırlar,
Özünə gəlib yenidən hədələrə keçdi. İfadə tələb edirdi. Əl çəkəsi deyildi. İstədiyini yazdım. Uzatdığım kağıza şahin kimi cumub onun məzmununu birnəfəsə uddu.
Zəhər içibmiş kimi rəngdən-rəngə düşdü (sifəti əvvəl ağardı, sonra bozardı, lap axırda isə yaddan çıxan ütü kimi közərdi).
Kağızı parça-parça edib nəslimin kəsilməsi, vücudumun türmələrdə çürüməsi, izimin itirilməsi haqqında zəhm iddialı ifadələri yağış kimi üstümə yağdırdı.
Axı niyə? İfadə istəmişdi, mən də arzusunu yerinə yetirmişdim:
“Etiraf edirəm ki, eyni zamanda 3 xarici ölkə kəşfiyyatının əməkdaşıyam. Dilimov əsl adım deyil.
Bakıya genişmiqyaslı təxribatların təşkili missiyası ilə göndərilmişəm.
Məkrli məqsədlərimdən ötrü səyyar və stasionar qurğulardan istifadə edirdim.
Birincisi ilə ictimai kataklizmlər yaradır, ikincisi iləsə təbii fəlakətlər əmələ gətirirdim – Xəzərin səviyyəsinin qalxması mənim işimdir.
4 iyun və 4 oktyabr hadisələri də mənim əməyimin bəhrəsidir.
Son dövrlərdə xalqın rəhbərlik ətrafında birləşməsinə qarşı çalışırdım. Bunun üçün psixotron şüalardan istifadə edirdim...
(ardı gələn bazar ertəsi)