Əfqanıstanın cənubunda həbs edilmiş 3 italiyalı Kabilə gətirilib

Əfqanıstanın cənubunda həbs edilmiş tibbi xeyriyyə təşkilatının 3 italiyalı əməkdaşı Kabilə gətirilib.

Onlar Helmand əyalətinin qubernatoruna sui-qəsd cəhdində ittiham olunurlar.

Mərkəzi qərərgahı Milanda olan təşkilatın Laşkar Kah şəhərindəki ofisinin anbarından əl qumbaraları, tapanca və digər partlayıcı maddələr tapılıb.

1999-cu ildən Əfqanıstanda fəaliyyət göstərən təşkilat əməkdaşlarının elə bir sövdələşmədə əli olmadığını bildirir.

İtaliyanın baş naziri Silvio Berluskoni Əfqanıstan prezidenti Həmid Kərzaiyə məktub göndərərək hərtərəfli araşdırma aparılmasını xahiş edib.