Moldova separatçıları jurnalisti casusluqda ittiham edir

ABŞ-ın Moldovadakı səfiri AzadliqRadiosunun əməkdaşının həbsinə aydınlıq gətirmək üçün Moldovanın separatçı bölgəsi olan Dnestraynının rəhbərləri ilə əlaqə saxlayıb. Bu barədə səfir Asif J. Chaudhry özü məlumat verib.

Səfir bildirib ki, o, aprelin 14-də separatçıların lideri İqor Smirnovla görüşərək jurnalistin həbsinə görə ölkəsinin və beynəlxalq ictimaiyyətin narahatlığını ona çatdırıb.

33 yaşlı Ernest Vardanean Moldova hakimiyyətinə casusluq etmək ittihamı ilə aprelin 7-də Tiraspolda həbs edilib.

Xəyanət və casusluq ittihamı ilə o, 12 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Dnestraynının lideri isə səfirə söz verib ki, jurnalistin məhkəməsi azad və ədalətli keçiriləcək.

Moldova hökuməti və bir çox beynəlxalq insan haqları təşkilatları jurnalistin dərhal azad edilməsinə çağırıblar.

Avropa Parlamentindəki Rumıniya deputatları da jurnalistin dərhal azad edilməsi tələbilə internetdə müraciət yayıblar.