Nobel mükafatçısı Türkiyəni ermənilərdən üzr istəməyə çağırdı

Nobel mükafatlı alman yazıçısı Günter Qrass “Avropa və Türkiyə ədəbiyyatı” layihəsi çərçivəsində İstanbula gəlib, Türkiyənin ən məşhur şairi Yaşar Kamalla görüşüb.

Amma bu səfər yerli medianın diqqətini daha çox Qrassın mətbuat konfransında 1915-ci ildə baş verən və ermənilərin “soyqırım” adlandırdığı hadisələrə bildirdiyi münasibətlə diqqəti çəkib.

1999-cu ildə Nobel mükafatı almış yazıçı Türkiyəni öz tarixindəki problemləri müzakirə etməyə, etiraf etməyə və ermənilərdən üzr istəməyə çağırıb.

Amma bəzi erməni agentliklərinin yazdığının əksinə olaraq

QRASS “SOYQIRIM" İFADƏSİNİ İŞLƏTMƏYİB,

bunu necə adlandırmağın Türkiyənin müzakirə edib qərar verəcəyi məsələ olduğunu bildirib.

“Türkiyədə keçmişdən qalan yüklər var. Türkiyə öz keçmişinin problemlərini çəkinmədən müzakirə etməlidir. Amma nə zaman... Nə zaman Türkiyə 1915-ci ildə ermənilərə edilən zülmü görəcək... Qəbul edəcək... Türk xalqı nə vaxt bunu çəkinmədən müzakirə edəcək. Yalnız bu müzakirə gerçəkləşəndən sonra insanlar özlərini müstəqil hiss edə bilərlər”.

Bunu Qrassın mətbuat konfransından geniş məqalə dərc edən Türkiyənin “Taraf” qəzeti yazır.

Qrassın özü Ikinci Dünya Savaşının sonunda SS qüvvələrində xidmət edib.

İstanbuldakı mətbuat konfransında o, Almaniyanın öz tarixindəki problemlərə münasibətini Türkiyəyə nümunə göstərib.

“1945-ci ildə 17 yaşındaydım və nasist ideologiyasının təsiri altında idim. 12 il Nasional Sosialistlərin bütün dünyaya yaşatdığı vəhşətin gerçəkliyini qəbul etmədim.

Olanları inkar etdim. “Almanlar belə şeylər etməzlər” dedim. Sonra fotoları görməyə başladım: ölüm düşərgələrindən gələn fotolar...

Cəsədlər üst-üstə böyük dağlar şəklində yığılmışdı. Amma yenə də

“MƏNİM ALMANİYAM BELƏ ŞEY ELƏMƏZ”

deyə düşünürdüm. Hər şeyin bir təbliğat olduğuna inanmaq istəyirdim.

Amma ondan sonra yavaş-yavaş da olsa, bunun gerçək bir vəhşət olduğunu qəbul etmək məcburiyyətində qaldıq...

Almaniyada biz bunu etdik. Hərçənd bu nəsillər boyu sürdü, çox vaxt apardı. Türkiyənin də bunu bacarmasını və öz keşmişinin problemlərini çəkinmədən müzakirə etməsini istəyirik.

Türkiyəni də Avropanın bir parçası olaraq görmək istəyirik. Bu mövzular bir tabu olmaqdan çıxmalı. Harada bir tabu varsa, onun üstünə getmək və onu yıxmaq lazımdır”

Günter Qrass hesab edir ki, belə müzakirə Türkiyə üçün

AVROPAYA GEDƏN YOLDA İLK VƏ MÜHÜM ADDIM

olardı.

“Almaniyada bir sənədli film yayınlandı. Bir milyon yarım erməninin bu hadisələrdə həyatını necə itirdiyinə dair... Belə sənədli filmləri görmək və müzakirə etmək lazımdır...

Film suçlayıcı deyildi, amma buna baxmayaraq türk rəsmilərindən etirazlar gəldi... Sənədlər qondarma deyildi. Artıq bunu inkar etməyin bir mənası yoxdur.

Bəlkə bu film Türkiyədə də televiziyada göstərilsə və müzakirə edilsə, onda bu iş üçün bir addım atılmış olar. Bundan sonra tarixçilərdən ibarət bir komissiya qurmaq və rədd edilə bilməyəcək sənədlər əsasında məsələyə aydınlıq gətirmək olardı”.

Qrass hazırda Türkiyə və Ermənistan arasında barış cəhdlərindən də danışıb.

O xatırladıb ki, 1970-ci ildə Almaniyanın baş naziri Villi Brandt Varşavada - savaş zamanı ölüm düşərgələrində öldürülən minlərlə polyakın xatirəsi önündə diz çöküb və polyak xalqından üzr istəyib. "Bu Almaniyada böyük etirazlara səbəb olsa da, Polşada böyük rahatlanmaya səbəb oldu. Çünki ilk dəfə idi ki, bir alman rəsmi şəkildə polyaklardan üzr istəyirdi".

Qrass düşünür ki, əgər Türkiyənin ən yüksək səviyyəli yetkililəri Ermənistandan və Türkiyədəki ermənilərdən üzr istəsə, bu iki ölkənin yaxınlaşmasına yardım edəcək bir jest olardı. “Artıq bunun vaxtı çatıb”.

Radikal qəzeti isə yazır ki, Qrass mətbuat konfransında Türkiyədə erməni yazar Hrant Dinkin öldürülməsini və buna etiraz olaraq “yüz minlərcə insanın” yürüş keçirdiyini xatırladıb:

“Türkiyədə bir dəyişim başlanıb, heç bir hökumət bunu dayandıra bilməz” - deyə yazıçı qeyd edib.