Avropa İnsan haqları məhkəməsi Eynulla Fətullayevlə bağlı qərarını açıqlayıb

Avropa İnsan haqları məhkəməsi aprelin 22-də Eynulla Fətullayevlə bağlı qərarını açıqlayıb.

Qərarda bildirilir ki, «Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktorunu həbs etməklə Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını pozub. Məhkəmə onun dərhal azad edilməsini və Azərbaycan hökuməti tərəfindən jurnalistə 25 min avro təzminat ödənməsini tələb edir.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında isə saxlandığı 12 saylı cəzaçəkmə yerində Eynulla Fətullayevin üstündən narkotik maddə olan heroin tapılıb. Bundan sonra ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin həbsini qanunsuz sayır, Azərbaycan hökumətindən onu azadlığa buraxmağı tələb edir.

Fətullayev barədə qərara Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov münasibət bildirib.

APA-nın məlumatına görə Ç. Əsgərov bildirib ki, məhkum edilmiş şəxsin sırf Avropa Məhkəməsinin qərarına əsasən azad edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb:

«Ümumiyyətlə, Avropa ölkələrində qəbul edilmiş təcrübəyə uyğun olaraq, Avropa Məhkəməsinin qərarları dövlətdaxili məhkəmələrində hüququn şərhi qismində tətbiq olunur. Bir sözlə, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz. Pozulmuş hüquqların bərpasına yönəldilmiş tədbirlərlə bağlı dövlətə seçim qoymamaqla və Avropa Şurasının üzv-dövlətinin məhkəmələrinə göstəriş verməklə, Avropa Məhkəməsi özünü dördüncü məhkəmə instansiyasına çevirmiş və Konvensiya ilə ona verilmiş səlahiyyətlərini aşıb».

Avropa Məhkəməsinin qərarı elan edildiyi gündən üç ay müddətində işin Böyük Palataya baxılması üçün verilməsi barədə vəsatət təqdim edilmədiyi təqdirdə qüvvəyə minir.

Çingiz Əsgərov bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın maraqlarını müdafiə etmək, habelə Konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədi ilə bu işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəklər.