Bakiyevin xəzinəsi tapıldı

Qırğızıstanın müvəqqəti hökuməti aprelin 22-də bildirib ki, devrilmiş prezident Bakiyevə və onun ailə üzvlərinə məxsus olan 20 milyon dollarlıq xəzinə tapılıb.

Bu, nəğd pul və qızıldır.

Bu barədə Azadlıq Radiosunun qırğız xidməti xəbər verir.

Müvəqqəti hökumətdə baş nazirin müavini və maliyyə naziri olan Temir Sariyev bildirib ki, istintaq davam edir və daha çox pul və zinət əşyaları aşkarıana bilər.

Sariyev deyib ki, müstəntiqlər bir neçə kompüter və onlara aid disklər də ələ keçiriblər.

Məlum olub ki, Bakiyev klanının üzvləri dövlətin pullarını mənimsəmək üçün hansı sxemlərdən istifadə ediblər.

Baş Prokurorluq isə Bakiyevin oğulları – Marat və Maksimin barəsində cinayət işləri açıb.

Onları vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə günahlandırırlar.

Ataları devrilənədək Marat Qırğızıstanın Milli Təhlükəsizlik Xidmətinin sədr müavini, Maksim isə Sərmayələr və İqtisadi İnkişaf üzrə Dövlət Komitəsinin rəhbəri idi.