«Eyyafyatlayoekudl» Vişinin başına oyun açıb

Vişvanatan Anand

Adı heç cür dilə yatmayan («Eyyafyatlayoekudl») İslandiyadakı vulkan təkcə 1.2 milyard zərər görmüş aviaşirkətlərə yox, həm də şahmat üzrə dünya çempionatının təşkilatçılarının kefinə əməlli-başlı soğan doğrayıb. Atmosferdəki qatı kül səbəbindən Avropa aeroportları bir neçə gün bağlı qaldığından dünya çempionatının 2 iştirakçısından biri – hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anand yarışın keçiriləcəyi Sofiya şəhərinə vaxtında gələ bilməyib. Qısaca olaraq «Vişi» çağırılan dünya çempionu ötən cümə yerli vaxtla saat 10-da Frankfurtdan Sofiyaya uçmağa hazırlaşdığı halda, saat 9-dan Frankfurt aeroportu bağlı elan edilib. Dərhal həyat yoldaşı və meneceri Aruna axşam reysi üçün bilet sifariş edib. Lakin çox keçmədən məlum olub ki, axşam reysləri də təxirə salınır. Bu zaman hələ ki hava limanları açıq olan qonşu Avstriyaya gedib, Vyanadan Sofiyaya uçmaq fikri meydana çıxır. Ancaq sən saydığını say, gör, vulkan nə sayır. Axşama yaxın, Vyana aeroportunun da bağlanması haqqında xəbər gəlir.

Belə olanda Anand Dünya Çempionatının Təşkilat Komitəsinə müraciət edərək yarışın 3 gün təxirə salınmasını xahiş edir. Ancaq Təşkilat Komitəsinin rəhbəri, Bolqarıstanın Baş naziri Boyko Borisov xahişi rədd edir. Deyir ki, artıq yarışla bağlı bütün dəvətnamələr göndərilib, posterlər yapışdırılıb, televiziyalarla müqavilələr bağlanıb, buna görə də yarışın vaxtı dəyişdiriləcəyi təqdirdə böyük maliyyə itkisi və s. çətinliklərlə üzləşəcəklər. Beləliklə, Anand aprelin 23-nə təyin olunmuş ilk oyun gününə yetişməmək və deməli, ilk oyunda məğlub duruma düşmək riski ilə üz-üzə qalır.

Çempionun komandası Frankfurtdan Sofiyaya alternativ yollar axtarmağa başlayır. Lakin məlum olur ki, avianəqliyyat iflic olduğundan bütün qatarlara biletlər satılıb. Avtomobil icarəyə verən firmaların da ixtiyarında bir dənə olsun boş avtomobil və işçi qalmayıb.
Sən saydığını say, gör, vulkan nə sayır
Hətta Anandın zəngin dostlarından biri öz şəxsi təyyarəsini təklif edib, lakin kansler Merkelin təyyarəsinin Almaniyanın hava məkanına daxil olmasına icazə verilmədiyi bir vəziyyətdə bu təklifin də bir əhəmiyyəti olmayıb. Çox axtarışdan sonra Hollandiyadakı bir taksi firmasından bir maşın tapmaq mümkün olur. Çempionun komandası Avstriya, Macarıstan və Rumıniyadan keçməklə, 40 saatdan çox çəkən macəralı səfərdən sonra Bolqarıstana çatır. Dünya Şahmat Federasiyasının məsələyə müdaxiləsindən sonra təşkilatçılar vulkanın yaratdığı fors-major şəraiti nəzərə alıb, ilk oyun gününü aprelin 24-nə təxirə salırlar.

2008-ci ildə Vladimir Kramniki məğlub etməklə dünya çempionu titulunu qazanmış Anandın rəqibi keçmiş dünya çempionu bolqarıstanlı Vesselin Topalovdur. Rəqiblər indiyə qədər şahmat taxtası arxasında 44 dəfə üz-üzə gəliblər. Onların 11-də Topalov, 10-da Anand qələbə qazanıb. Qalanı heç-heçə yekunlaşıb.

Bu çempionatın bir əlamətdar xüsusiyyəti də var. 1927-ci ildən bu yana «dünya çempionu» titulu uğrunda 28 matç və 3 turnir keçirilib. Onların hər birində SSRİ-ni və ya indiki Rusiyanı təmsil edən şahmatçı yarışıb. 83 il ərzində ilk dəfədir ki, çempionatda Rusiyanın nümayəndəsi yoxdur. Bunu şahmatda rusların şəksiz hegemonluğunun başa çatmasının daha bir nümunəsi də saymaq olar.