Yasunari Kavabata "ÜRƏK" (Hekayə)

Qadın onu sevməyib atan ərindən məktub aldı. Məktub o gedəndən iki il sonra uzaq diyardan gəlmişdi.

Əri yazırdı: "Uşağı topla oynamağa qoyma. Onun zərbələri mənə gəlib çatır, ürəyimə dəyir".

Qadın altı yaşın içində olan qızın əlindən rezin topu aldı.

Ərindən yenə məktub gəldi.

Daha uzaq yerdən: "Qoy qız", - o yazırdı, - "məktəbə dəri başmaqlarda getməsin. Onun ayaqlarının tappıltısı gəlib mənə çatır. Elə bilirəm ürəyimi tapdalayırlar".

Qadın qızına dəri başmaq əvəzinə yumşaq həsir səndəllər verdi. Qız ağladı, axırı da onunla qurtardı ki, daha məktəbə getmədi.

İkinci məktubdan bir ay sonra əri daha bir məktub göndərdi. Xətti əyri-üyrü, inamsız, qocafəndiydi.

O yazırdı: "Qızı çini qabdan yemək yeməyə qoyma. Qabın cingiltisi gəlib mənə çatır, ürəyimi parçalayır".

Qadın da qızını üçyaşlı uşaq kimi taxta çubuqlarla yedirməyə başladı.

O, qızının üç yaşı, şən, məmnun ərininsə hələ onların yanında olduğu vaxtları xatırladı.

Bir dəfə qızı ondan soruşmadan balaca şkafa yaxınlaşıb öz camını götürdü. Ana tələsik çini camı qızının əlindən qapıb bağçaya atdı.

Cam daş döşənmiş cığıra dəyib parça-parça oldu.

Ona elə gəldi bu parçalanan ərinin qəlbidi.

Qaşlarını çatıb öz camını da qapıdan bayıra atdı;

eyni səs eşidildi.

Bəlkə ərinin ürəyi elə indi sınıb. Qadın yemək masasını tulladı, o da bağa düşdü.

Ah, bu səs! Elə bil ağlını itirib kağızdan siyirmə arakəsməyə doğru atıldı, onu yumruqlarıyla döyəcləməyə başladı, arakəsməni bədəninin ağırlığıyla deşib döşəməyə yıxıldı.

- A-a-na! - qızı ağlaya-ağlaya ona doğru qaçdı. - A-a-na... A-a-na...

Qadın dikəlib qızının üzünə şillə çəkdi.

- Sən eşidirsən, sən bu səsi eşidirsən, yaramaz qız?!

Sonra əri yenə məktub göndərdi. Məktub yeni, daha uzaq bir yerdən göndərilmişdi.

Əri yazırdı:

"Siz qətiyyən səsinizi çıxarmamalısınız. Siz qapını, syedziləri nə açmalı, nə örtməlisiniz. Siz çıqqıltısı olmaması üçün saatı qurmamalısınız. Siz nəfəs almamalısınız..."

"Siz eləməməlisiniz... siz eləməməlisiniz... siz eləməməlisiniz..." - qadın pıçıldayırdı, göz yaşları çay kimi yanaqlarından axırdı.

Sonra evdə bircə səs də eşidilmədi. Bir sözlə anayla qız öldülər.

Amma qəribə də olsa, yastığın üstündə ölmüş arvadın üzüylə yanaşı ölmüş ərinin üzü də uyuyurdu.

Tərcümə: Nəriman Əbdürrəhmanlı
"Novella və hekayələr" tərcümə toplusundan