Pənah Hüseyn baş prokuror Zakir Qaralova hansı iradlar tutub?

Pənah Hüseyn baş prokuror Zakir Qaralova hansı iradlar tutub?

Mən hörmətli deputatların çıxışlarını dinləyirəm və sözün doğrusu, bunu çox təəccüblə qarşılayıram. Bilirsiniz ki, prokurorluq haqqında Azərbaycan Respublikasının qanunun 43 – cü maddəsinə görə, Azərbaycan Respublikasının baş prokuroru prokurorluq fəaliyyəti haqqında istintaq edilən cinayət işləri istisna olmaqla Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verir. Parlamentin nəzarətinin təyin olunması üçün olan müddəadır. Amma mənim deputat olduğum beşinci il daxil olmaqla mən cənab baş prokuror Zakir Qaralovun bir dəfə də olsun Milli Məclisə bu məsələlər barədə, o cümlədən Azərbaycan ictimaiyyətində çox ciddi rezonans doğurmuş hadisələrin və məhkəməsi başa çatmış hadisələr barədə məlumat verməsinin şahidi olmamışam. Nəinki Azərbaycanın daxili, siyasi məsələləri barədə, bir sıra deputat sorğularına, o cümlədən özümün şəxsən baş prokuror Zakir Qaralovun adına verdiyim sorğulara baxmayaraq, hətta Xocalı soyqırımının cinayət işi barədə də, başa çatmış məsələlər barədə Milli Məclisə hər hansı bir məlumat verilməmişdir. Mənim özümün iki dəfə verdiyim sorğuya ki, nə üçün Köçəryan və Sarkisyan Xocalı soyqırımında bilavasitə iştirak olunması şahid ifadələri ilə sübut olunmuş şəxslər barədə Azərbaycan respublikasının baş prokurorluğu cinayət işi qaldırmır və istintaq aparmır o şəxslər barədə məsələlərə də hər hansı bir aydınlıq gətirilməmişdir. Azərbaycan xalqının çox ciddi milli mübarizəsi ilə bağlı olan, xalqımıza qarşı genosid və soyqırımda iştirak etmiş şəxslər haqqında belə bir susqunluq hansısa səbəblərdən, o cümlədən siyasi səbəblərdən edilirsə onda görünür Azərbaycan vətəndaşları haqqında siyasi məsələlərlə bağlı işlər barədə prokurorluğun rolu nədən ibarət olmuşdur. Bununla bağlı şəxsi təcrübəmdə və şəxsi həyatımda bilavasitə onların tərəfsiz olmamağın, siyasi bitərəf olmamağın acısını dadmış şəxs kimi danışıram.

Mən burada 2003 – cü il oktyabr hadisələrinə görə qaldırılmış təxminən min nəfərin haqqında müxtəlif tədqiqatlar aparılmış, o cümlədən üç yüzə yaxın şəxsin məhkum olunması ilə nəticələnmiş 35 cildlik işin birinci cildini özümlə gətirmişəm. Birinci cilddə Zakir Qaralovun 2003 – cü ildə imzaladığı bir sənəd var. O da fakt üzrə cinayət işinin qaldırılması haqqında olan sənəddir. Həmin sənəd yəni Azərbaycan respublikası baş prokurorluğun qaldırdığı həmin sənəd üzərində düzəliş edilmiş, o sənəd məndədir, qanun pozularaq, nömrələr dəyişdirilmiş, müddətlər səhv göstərilmiş, faktiki olaraq cinayət deyilən həmin hərəkət başa çatmamış 13:14 radələrində bunun kütləvi iğtişaş kimi qaldırılması haqqında burada qərar verilmişdir. Bu da cənab baş prokuror Zakir Qaralovun Azərbaycan respublikası prokurorluğu haqqındakı qanunun beşinci maddəsində siyasi bitərəf olmalıdır prinsipinin kobud şəkildə pozulmasının bir əlamətidir. Xeyli sayda bu məsələlərdə bunu göstərə bilərik. Cənab baş prokurorun dövründə aparılmış, çox ciddi rezonans doğuran hadisələr, cinayət işlərini yadınıza salmaq istəyirəm.

Bunların başında əlbəttə Elmar Hüseynovun qətli məsələsidir. Cənab baş prokurora burada birinci iştirak etdiyim iclas günü Elmar Hüseynovla bağlı verdiyim sorğuya baş prokurorluğun cavabı bundan ibarət olmuşdur ki, istintaqı aparılmışdır, faktiki olaraq başa çatmışdır hətta ayrı – ayrı müttəhimlərin adı çəkilməklə guya bu aydınlaşdırılmışdır. Lakin bu yaxınlarda, səhv etmirəmsə, bir ay əvvəl Milli Təhlükəsizlik Nazirliyinin bəyanatı oldu. Onlar göstərdi ki, onlar gecə - gündüz Elmar Hüseynovun qətlinin üzərində işləyirlər. Bu məsələnin açılmasını özlərinin şərəf işi hesab edirlər. Əgər prokurorluq bu məsələni başa çatdırıbsa, ağır cinayətin təqsirkarlarını müəyyənləşdiribsə Milli Təhlükəsizlik Nazirliyi gecə - gündüz nəyin üzərində işləyir? Bu onu göstərir ki, ictimaiyyətdə yayılan məsələ kimi baş prokurorluq da əslində həmin cinayətin üstünün ört – basdır edilməsi və yaxud başa çatdırılmaması haqqında ittihamlar doğrudur.

Rəhmətlik Ziya Bünyadovun qətli haqqında bu məsələ özünü göstərir. Hacı Məmmədovun məşhur bandası işində özünü göstərir. Cənab Baş prokuror Zakir Qaralovun dövründə iri cinayət işlərinin hamısının axırında biz qanunauyğunluq müşahidə edirik. Cinayət işləri açılır, istintaq başa çatdırılır. Bəzi iri cinayətkarlar, Hacı Məmmədov verilir məhkəməyə amma hər cinayət işinin axırında bu və yaxud digər qaranlıq şəxslər qalır və göstərilir ki, onlar ya xaricdə gizlənmişdir ya onları respublikaya gətirmək mümkün olmamışdır. Bunun nəticəsində təkrar edirəm bizim fikrimizcə, böyük ehtimalla siyasi xarakterli istintaq işlərin bu şəkildə keyfiyyətsiz başa çatdırılması faktını biz görürük ki, heç bir halda baş prokurorun nəzarət etdiyi istintaq işlərinin doğru – düzgün aparılması barədə fikir bildirə bilmərik, qiymətləndirə bilmərik. Burada deyilən bəzi fikirlərin əksinə olaraq. Niyə bu hallar baş verir, çünki baş prokuror qanunu əsas tutmaq əvəzinə siyasi tərəf kimi iştirak edir.

Mən deputat olduğum dövrdə verdiyim sorğulara istinad edirəm 2005 və 2010 – cu illər ərzində Elmar Hüseynovdan başqa 11 jurnalistin döyülməsi, təhqir olunması, incidilməsi, naməlum şəxslər tərəfindən işgəncə verilməsi haqqında şikayətlər verilmişdir, amma bunların heç biri açılmamışdır. Bahəddin Həziyevin məşhur Müsavat və Azadlıq qəzetinin müxbirləri, xaricdə qaçıb gizlənmiş və təqib olunmuş jurnalistlərin işlərini misal göstərə bilərəm. Burada göstərilirdi ki, guya prokurorluq korrupsiyaya qarşı çox kəskin mübarizə aparır. Mən məhz prokurorluq tərəfindən iri korrupsiya faktının açılmasının şahidi olmamışam. Halbuki Azərbaycan Respublikasında xeyli deputatlar tərəfindən, KİV əməkdaşları tərəfindən, ayrı – ayrı vətəndaşlar tərəfindən çox iri icra hakimiyyəti orqanlarında korrupsiya faktları barədə məlumatlar dərc edilmişdir. Cinayət prosessual məcəlləsində iri cinayət xarakterli faktlar KİV – də dərc olunubsa prokurorun, o cümlədən baş prokurorun üzərinə məsuliyyət qoyulur ki, o məsələ araşdırılıb, tədqiqat aparılsın. Çox iri məsələlər, yüz milyonlarla korrupsiya haqqında danışılır, hansı məsələdə prokuror KİV- də dərc olunmuş materiala istinad edərək cinayət işi qaldırmışdır, heç bir halda qaldırmamışdır. Yalnız siyasi xarakterli iri korrupsiya faktlarını biz desək 2005 –ci il hadisələri vaxtı dövlət çevrilişi faktı üzrə ittiham olunan, sonra tutulub həbsə atılan, haqlarında korrupsiya hallarının materialların tədqiqatı üzrə işi davam etdirmiş Əli İnsanov və Fərhad Əliyevi və onların birlikdə məhkum olunmuş şəxsləri göstərə bilərik. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyində KİV hakimiyyət üzərindəki nəzarətin çox ciddi forması məsələn Ali məhkəmənin plenumlarının qərarlarında göstərilmişdir. Mən bir məsələyə də heç şübhəsiz ki, diqqəti cəlb etməyə bilmərəm. Burada islahatlardan danışıldı, Azərbaycan Respublikasının konstitusiyasının 90 – cı maddəsinə görə qanunverici təşəbbüslərin subyektlərindən biri Azərbaycan Respublikasının baş prokurorudur. Mən bir dəfə də olsun, nəinki baş prokuror gəlib bizim Milli Məclisə məlumat verməyib öz fəaliyyəti və iri cinayət işləri haqqında ki onların məhkəmə işləri başa çatmışdır, hətta qeyd etdiyim kimi bir dəfə də olsun beş il ərzində Baş prokurorun imzası ilə burada qanunverici təşəbbüsün qaldırılmasının şahidi olmamışam. Halbuki burada Fazil Qəzənfəroğlu çıxış etdi, prokurorluğun fəaliyyəti ilə bağlı, məhkəmə hüquq orqanlarının fəaliyyəti ilə bağlı konkret prokurorluğun praktikasına istinad edilən xeyli sayda islahat tələb edən məsələlər, problemlər qalmışdır.

Hörmətli Milli Məclis deputatları mən hesab edirəm ki, cənab baş prokurorun on il ərzində olduğu baş prokurorluq müddətindəki fəaliyyəti, qanun və hüquqdan daha çox siyasi tərəf tutması faktını, bir sıra hallarda iri cinayət faktları haqqında KİV – də, ictimaiyyət tərəfindən açıqlanmış digər başqa formalarda olan cinayət işlərinin qaldırılmasına, tətbiq olunmasına daha doğrusu diqqət yetirməməsi, Azərbaycan haqqındakı bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının qanunvericilikdəki, Azərbaycandakı pozuntuların əksər hallarının prokurorluğun fəaliyyəti ilə bağlı olması, bizə deputat olaraq daxil olunan şikayət və müraciətlərdə istintaqdan çox ciddi şikayətlər olmasını nəzərə alaraq hesab edirəm ki, bizim tərəfimizdən, mən Müsavat deputat qrupunun rəyini ifadə edirəm, namizəd qətiyyən müdafiə edilə bilməz, biz əleyhinə səs verəcəyik. Azərbaycan respublikasında heç şübhəsiz əvvəl axır qanuna, yəni siyasi hakimiyyətə, prezidentə yox, qanuna xidmət edən prokuror olacaq, lakin bu, cənab baş prokuror Zakir Qaralov deyil.