«Yunanıstan planı uğurlu olmalıdır»

Yunanıstana yardım planı uğurlu olmasa digər Avropa ölkələrinin də sabitliyi təhlükə altında qala bilər. Almaniya kansleri Angela Merkel mayın 5-də parlamentdə çıxışı zamanı Yunanıstana 22 milyard avrodan çox vəsait ayırmaq təklifini dəstəkləyib.

Bu, Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin razılaşdırdığı 110 milyard avro yardımda Almaniyanın üzərinə düşən paydır.

Vəsaitin ayrılması layihəsi iki gün sonra parlamentdə müzakirə olunmalıdır.

Bu gün Yunanıstanda kütləvi tətildir. Onlar hökumətin dövlət xərclərini azaltmaq üçün sərt tədbirlərinə etiraz edirlər.

Yunanıstan hökuməti xərclərin azaldılması, iş yerlərinin ixtisarı və sosial ödənişlərin dondurulmasını nəzərdən keçirir. Beynəlxalq ictimaiyyət bu şərtin əvəzində Yunanıstana 110 milyard avro yardım ayıracaq.