Terrorçuluqda ittiham edilən Şahzad varlı balasıdır

U

Nyu-Yorkda Tayms meydanında terror törətmək cəhdində şübhəli bilinən Pakistan əsilli amerikalı Faysal Şahzadın 30 yaşı var.

Amerikanın Federal Məhkəməsi ona qarşı - terror aktı törəmək və kütləvi qırğın silahından istifadə etmək cəhdi maddələri ilə ittiham irəli sürüb.

O, cəmi bir il qabaq Amerika vətəndaşlığı alıb. Onun kimliyi haqqında ətraflı məlumatlar həm Amerikada, həm də Pakistanda üzə çıxmaqdadır.

Pakistanın daxili işlər naziri Rehman Malikin sözlərinə görə, əldə edilən məlumatlar göstərir ki, Şahzad və onun ailəsi Pakistanın şimal-qərbindəki Pabbi vilayətindəndir.

Amma Şahzad Pakistan paytaxtı Kəraçidə də qeydiyyatdadır.

ZƏNGİNLƏR MƏHƏLLƏSİNDƏ EV...

Şahzadgilin Peşəvərdə - zənginlər məhəlləsində yerləşən evi qarşısında toplaşan jurnalistlərə - onun qohumlarından biri deyib ki, Şahzadın atası vaxtilə ölkənin mülki aviasiya xidməti rəhbərliyində təmsil olunub.

Amerikada Şahzad dövlət xətti ilə oxuyub və sonda Amerika vətəndaşlığı alıb.

"Wall Street Journal" yazır ki, Amerikada təhsil almaq üçün viza Şahzada 1998-ci ildə verilib, onun haqqında Amerikanın məlumat arxivində şübhələnməyə əsas verən hər hansı informasiya aşkar edilməyib.

2000-ci ildə o Vaşinqtondakı "Southeastern" Universitetində oxumağa başlayıb, daha sonra Konnektikutdakı "Bridgeport" Universitetinə keçib.

Orada kompter mühəndisliyi sahəsində bakalavr dərəcəsi alıb

Bundan iki il sonra ona peşəkar işçi vizası verilib. Belə vizalar Amerikanın ehtiyacı olduğu sahələr üzrə ixtisaslaşan şəxslərə verilir.

Bundan sonra Şahzad magistr dərəcəsi də alıb və Amerika vətəndaşı olan Huma Asif Mian adlı qızla evlənib.

Konnektukutdakı qonşuları onun davranışının bir qədər qəribə olduğunu deyirlər.

EVSİZ QALMAQ TƏHLÜKƏSİ
Nyu-Yorkda bomba həyəcanı


Şahzad evinin ipotekasını da ödəyə bilmədiyi üçün evi hərraca çıxarılıb.

O keçən ilin iyununa qədər marketinq və məsləhət şirkətində baş analitik kimi çalışıb.

Həbs olunana qədər o Konnektikutdakı evində yaşayırmış. Şahzad keçən il bir neçə ay Pakitstanda olub.

Amerikanın hüquq-mühafizə orqanları güman edir ki, o, Pakistanda – Vəziristan vilayətindəki terror düşərgələrində təlim keçib.

Amerikaya bu ilin fevralında qayıdıb. Amerikanın təhlükəsizlik orqanları onun üzərində şübhəli heç nə tapmayıblar.

Amerikanın Manhetten Universitetinin terrorizm problemləri üzrə eksperti Cudit Miller deyir ki, Şahzadın həbsi Amerikada terrorçuluğa qarşı fəaliyyət göstərən dövlət orqanlarının çox peşəkarcasına işlədiyini göstərir.

Onun fikrincə, son dövrlərdə antiterror fəaliyyətində Amerika və Pakistan arasında əlaqələrin sıxlaşması da sevindiricidr.

O hesab edir ki, Şahzadın arxasında Pakistanda çox aktiv olan Taliban dayana bilər.

"Taliban da Əl-Qaidə kimi siyasi mübarizədə terrordan istifadə edir və dinc əhaliyə qarşı terror aktları təşkil edir. Halbuki belə metodlar heç bir sivil cəmiyyətdə - nə müsəlıman, nə xristian, nə buddist, nə də ayrı cəmiyyətdə qəbuledilməzdir".