Kürün səviyyəsi daha 4 sm artıb

Mayın 5-dən 6-na keçən gecə Kürün Salyan rayonundan keçən hissəsində çayın səviyyəsi daha 4 sm artıb.

Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynovun AzadlıqRadiosuna verdiyi məlumata görə 3 min ev su atında qalıb:

«Salyanda vəziyyət gərgindir. Kürün səviyyəsi hər gün artmaqdadır. Əhali sakitləşə bilmir. Fövqəladə Hallar Nazirliyinin Qüvvələri, su təsərrüfatı idarələri yerli əhali Kür çayının üzərində bənd bərkitmə işləri ilə məşğuldurlar».

E. Hüseynov bildirdib ki, Kürün daşması nəticəsində təbii fəlakətin qarşısının alınması məqsədilə ilə bütün zəruri tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Azadlıqradiosuna bildirib ki, ötən günlərlə müqayisədə Kürün səviyyəsi azalır:

«Mayın 6-da Kürün səviyyəsi Zərdab məntəqəsində 13 sm, Salyan və Bankə hissələrində isə müvafiq olaraq 12-6 sm artmışdır, Şirvanda Kürün səviyyəsi 3 sm, Araz çayının Novruzu məntəqəsində isə 6 sm azalma müşahidə olunur».

Sonuncu dəfə Kürün bu cür artımı 2003-cü ildə qeydə alınıb.

Baş hidroloq deyir ki, ölkə ərazisində havaların yağmurlu olacağı təqdirdə Kür çayında suyun səviyyəsinin yenidən artması qaçılmazdır.