İlham Əliyev: «Qanunsuz tikililər bütün ölkəni bürüyüb»

İlham Əliyev

«Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq».

Bu barədə prezident İlham Əliyev mayın 7-də keçirilən müşavirədə bildirib.

«Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir və bu kompensasiya verilir».

Sonra İlham Əliyev yerli icra hakimiyyətlərini korrupsiyada və özbaşınalıqda ittiham edib:

«Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyil… Bu yaxınlarda rayonların birində evlərin arasında mövcud olan parkda – harada ki, indi camaat yığışıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki, artıq orada mövcud olan bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki, həmin o rayon başçısı ilə ciddi danışsın. Hətta bunu əhaliyə elə təqdim edirlər ki, burada Heydər Əliyev Fondu nəsə tikəcək... Öz çirkin məqsədlərinə nail olmaq üçün, haradasa ofis mərkəzi tikmək üçün Heydər Əliyev Fonduna istinad etmək - bu, böyük cinayətdir….

Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu, bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Mən bütün icra orqanlarında işləyənləri bu gün də xəbərdar edirəm. Bundan sonra bir dənə də qanunsuz torpaq ayrılması, yaxud da ki, parkın içində, meşəliyin içində ev, bina, ofis tikintisi olarsa, dərhal prokurorluq bu işlə məşğul olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Biz bu rüşvətxorluğa son qoymalıyıq…

Ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Orada həm radioaktiv maddələr, həm ağır metallar, həm reagentlər, həm yod, həm orada çıxan o tüstülər - bunlar birbaşa insanın sağlamlığına ziyandır. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır… Şəhəri planlı şəkildə inkişaf etdirmək üçün ən böyük problem bu qanunsuz tikililərdir… O qanunsuz tikililər yığışdırılmalıdır. Ancaq lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar», - deyə İlham Əliyev bildirib.