ARAZ ELSƏS: «YALTAQLIQ İTƏ YARAŞIR»

Araz Elsəs

Şahnaz Bəylərqızı:

- Bir balıq olsaydım deyən Araz Elsəs studiyamızın qonağıdır. AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı Araz Elsəsdir. Xoş gəlmisiniz deyirik, Araz bəy. Artıq saytımızda elan vermişdik ki, Araz Elsəs studiyamızın qonağıdır. Artıq suallar da gəlib.

Xədicə İsmayılova:

- Çoxdandır sizi Bakıda görməmişik. Harada idiniz? Bu müddət ərzində nə etmisiniz? Bunları qısa cavaba sığışdırmaq mümkündürsə.

Araz Elsəs:


- Sonuncu bir il əvvəl Bakıda, Azərbaycanda oldum. Sonra getdim dedim tez gələcəm amma bir il çəkdi. Konsertlər olur. Avropada konsertlərimiz var idi, dəyişik ölkələrdə.

Xədicə İsmayılova:

- Kanadada maraqlı konsertləriniz olub.

Araz Elsəs:

- Kanadada olub. Sonra Amerikada oldum. Daha sonra Belçikada, Almaniyada, Hollandiyada oldum. Bu yaxınlarda İzmirdə, İstanbulda konsertimiz oldu. Üzümüzə gələn günlərdə, ayın 22-si Ankarada konsertimiz olacaq.

Şahnaz Bəylərqızı:

- Bəs Bakıda nə vaxt konsert verəcəksiniz?

Araz Elsəs:

- Bakıda əlimdə olsaydı hər il ən azı bir konsert verərdim. Könül istər amma texniki səbəblərdən konsertimiz bir az gecikir. Nə olursa olsun bu konsert olacaq. Baxaq hansı formatda, hansı məkanda olacaq bəlli deyil.

Şahnaz Bəylərqızı:

- Hicran nə qədər uzun olarsa vüsal o qədər şirin olacaq. Daha çox zəngin proqramla çıxmaq istəyirsiniz?

Araz Elsəs:

- Yaxın aylarda olar. Sentyabrın başlanğıcında fikirləşirəm. Baxaq necə olacaq.

Xədicə İsmayılova:

- Azərbaycanın quzey hissəsində, Azərbaycan respublikasında Azərbaycanlılar sizinlə 90 – ların ortalarında tanışdılar. O vaxtdan bəri sizin yaradıcılığınızda nə dəyişilib? Yəni o vaxt nədən oxuyurdunuz? İndi nədən oxuyursunuz? Siz Ozansınız. Ozanın necə oxumasından daha çox nədən oxuması önəmlidir. Mövzunuz nə qədər dəyişib bu illər ərzində?

Araz Elsəs:

- Görüb gördüklərimi mahnıya çevirirəm. Mahnılarım mənim gördüklərimdir. Millətimin yaşadığı acılardır, ağrılardır, sevinclərdir. Ozanam, millətimin hayqıran səsiyəm. Baxın görün bizim günümüzdə dəyişikliklər varmı?! Güneyə baxın, Güneydə pozitiv yöndə çox dəyişikliklər var. Millət artıq oyanıb keçmişə baxanda. Mənim mahnılarım millətimin qurtuluşu ilə bağlı olan mahnılardır, türklüklə bağlı olan mahnılardır, bütöv Azərbaycanla bağlı olan mahnılardır. Azərbaycanın ağrıları, acılarından söz edən mahnılardır. Nə qədər ağrı – acı var, mən də ağrıyıb, acıyıb, oxuyacam. İnşallah sevinc dolu günlərimiz də gələcək. Onda mən sevincdən oxuyacam. Dediyim kimi çox şeylər dəyişib, amma köklü olaraq çox şeylər dəyişməlidir hələ. Yəni Güney Azərbaycanın qurtuluşu var burada. Bir şey dəyişib, o da dəyişən budur. On, on beş il öncə oxuduğumuz zaman, Güney Azərbaycanda istiqlal, bağımsızlıq deyib oxuduğumuz zaman bir çoxları bizə gülərdi. Amma indi o bizə gülən insanlar bizimlə yanaşı, çiyin – çiyinə irəliləyir. Bunun özü müsbət dəyişiklikdir, çox gözəldir. Milli hərəkat güney Azərbaycanda dəyişib, günü –gündən güclənib. İndi Güney Azərbaycanlılar, Güney Azərbaycan türkləri çox güclü hərəkatın sahibidirlər. Bu da inşallah yaxın gələcəkdə nəticəsini verəcək.

Xədicə İsmayılova:

- Sizi siyasi diskussiyaya çəkdiyimizə görə qınamayın, özünüz başladınız bu mövzunu.

Araz Elsəs:

- Siyasət nədir, mən yaxşı yaşamaq istəyirəm, mən azad yaşamaq istəyirəm. Mən qolu-qıçı bağlı, düşüncəsiz, zəncirlərə sarılmış belə yaşamaq istəmirəm. Mən azad yaşamaq istəyirəm. Kimsəyə həqarət yapmadan, kimsəni təhqir etmədən sözümü demək istəyirəm. Bu da normal bir şeydir. Əslində bu siyasət deyil. Bu insanlığın ilkin haqlarındandır. İnsanın haqqı var azad yaşamağa, azad danışmağa. Doğulubsa azad yaşamalıdır bu insan. Mənim azadlığımı qısıtlayan nə varsa ona qarşı hayqırıram və onları məhv etmək istəyirəm. Özəlliklə Güney Azərbaycanda, ona da çatmışıq. Yenə də bir çox şey əldə etmişik və bir çox şey əldə edəcəyik.

Şahnaz Bəylərqızı:

- Bir sualım olacaq. Siz Güney Azərbaycandan danışırsınız. Amma müstəqil bir Azərbaycan dövləti də var. Bu Azərbaycanda baş verənlər sizi maraqlandırırmı siyasi baxımdan?

Araz Elsəs:

- Təbii mən Azərbaycan türküyəm. Arazın sağı da mənimdir, solu da mənimdir. Təbii Azərbaycan bağımsız bir ölkədir. Mənim üçün, yəni Güney Azərbaycanda doğulmuşam. Doğulduğun yer başqa bir şeydir. Hərəmiz bir yerdə doğulmuşuq. Sulduzda doğulmuşam, Sulduz mənim ana yurdumdur. Bayraq həsrəti çəkmişəm. Dövlət həsrəti çəkmişəm. 30 -35 milyon Azərbaycan türkü olaraq mənim başımın üstündə özgə, bayağı şeylər dalğalanmaqdadır. Bizə təhqirlər, həqarətlər olub. Siz məndən yaxşı bilirsiniz bu şeyləri. Azərbaycan dövləti, Azərbaycan respublikası mənim üçün bir dayaq yeridir. Təbrizin qoxusunu buradan alıram. Bura gəlirik, buradan Təbrizin qoxusunu, ləzzətini alırıq. Başqa bir şeydir, mənim üçün Azərbaycan var. Azərbaycan bir dövlətdir bu gün. İnşallah get – gedə daha güclənəcək, əl - ələ verib Azərbaycanı daha gücləndirəcək, Azərbaycanı ağ günlərə, aydın günlərə çıxaracağıq.

Xədicə İsmayılova:

- Yenə qayıdaq o məsələyə ki, azadlıq nədir və azad yaşamaq coşqusu sırf dövlətçiliyin qorunması ilə deyək ki, müstəqil dövlətdə yaşamaqla təmin olunurmu, olunmurmu məsələsi. İranda müxtəlif mövqelər var bununla bağlı, İranda yaşayan türklərin müxtəlif baxışları var bu məsələyə. Bəziləri düşünür ki, İranın sərhədləri çərçivəsində də bu məsələlər həll oluna bilər, əgər reformlar keçirilərsə, əgər islahatlar olarsa. Bəziləri düşünür ki, indi də hər şey pis deyil, İranı türklər idarə edir deyə düşünənlər var. Bəziləri də sizin kimi düşünür ki, bağımsızlıqdır bunların hamısının açarı. Yəni siz bu mövqelərdən hansının daha populyar, daha çox adam tərəfindən dəstəkləndiyini haradan bilirsiniz? Nə sizə güc verir, əsas verir, zəmin verir ki, siz məhz bunun həqiqət olduğunu, məhz bunun doğru olduğuna əsas verirsiniz?

Araz Elsəs:

- Güney Azərbaycanda siz dediyiniz kimi dəyişik fikirlər var, amma o fikirlər fikircikdirlər, düşüncəcikdirlər. Balaca- balaca düşüncələr var. Onların təbliğatçıları çoxdur. Məsələn federalizm deyilən bir şey var. Bizim millətimiz neçə illər qabaq federalizmi yoxladılar, bizə heç nə vermədi. İranda indi də əyalətlər var. Dəyişik, dəyişik əyalətlər var amma bizə heç nə vermədi. Bunlar dənənmiş şeylərdir. Bir də bilirsiniz bir şey var, Güney Azərbaycanda bizim hərəkatımızın motoru olan, bizi arxasınca çəkib aparan gənclikdir. Gənclərin çoxu qurtuluş və bağımsızlıq istəyirlər. Amma keçmişdən qalmış bizim yaşlı kəsim var. Keçmişdəki sol hərəkatlarla bağlı olan yaşlı kəsim var, onlar bir türlü ordan qurtula bilmirlər. İndi də onlar o İran təfəkkürü onlara o qədər təsir edib ki, amandı İran parçalandı, İran getdi, biz İranın da tərkibində yaşaya bilərik, başqa millətlərlə yaşaya bilərik deyə düşünənlər də var. Amma əksəriyyət, çoxunluq oradan qurtulmaq istəyir. İranda təkcə Azərbaycanlılar deyil. Çoxunluq bizdədir, ən böyük hərəkat da bizimkidir. Amma İranda başqa millətlər - ərəblər var, kürdlər və s. var. O millətlərin bir çoxu artıq qurtulmaq istəyir. Bir də bir həqiqət, gerçəklik var, Azərbaycan bağımsız dövlətdir. Mənim dilim bir, mədəniyyətim bir, qanım bir, ətim bir, hər şeyim bir, birləşmək lazımdır. Mən də qardaşlarımla birləşərəm, birlikdə yaşayaram. Mən birləşmək istəyirəm. Azərbaycan bütövlüyü bir gerçəkdir. Bu da gec – tez olacaq. Buna da Azərbaycandakı gənclik tam səmimiyyətlə deyirəm, nə bir partiyanın üzvüyəm, nə bir təşkilatın üzvüyəm, heç bir qurumla bağlı deyiləm. Eşitdiklərimi, duyduqlarımı, mənə gələn kontaktlar var Güney Azərbaycandan, özəlliklə gəncliklə mənim çox böyük ilgilərim var. Mənə ruh verən, gənclərdir.

Xədicə İsmayılova:

- Amma siz onu da qəbul edirsiniz ki, əks fikirdə olanlar sizinlə ünsiyyət etməyə meylli deyillər.

Araz Elsəs:

- Avropada da konfranslar olur. Oturub söhbət edirik. Mən milliyyətçiyəm, mən qurupçu deyiləm, kəsimçi deyiləm, partiyaçı deyiləm. Mən millətimin bütün üzvlərini sevirəm. Mən federalçıları da sevirəm, onlar da mənim millətimdir. Mən muxtariyyətçiləri də sevirəm. Bu gün millətimin içində işləyən, hətta ETAALAT nümayəndələri var, Azərbaycan türkləri orada oturub işləyirlər. Bir parça çörək üçün işləyirlər, para alıb işləyirlər. Onlar da mənim millətimdir. Mən onları da sevirəm. Onlar əgər bu gün məni sevə bilmirlərsə öz problemləridir. Mən millətimi birlikdə sevirəm. Ayrım yapmıram, sağ sol demirəm. Amma bu da bir gerçəkdir. Bunu da demək lazımdır, çoxunluq var cavanların əksəriyyəti, çoxunluğu birdəfəlik qurtulmaq istəyir.

Xədicə İsmayılova:

- Araz bəy, belə bir mövqe də var ki, Quzeydə baş verənlər barədə Azərbaycan Respublikasında insanların haqlarının pozulması ilə üz – üzə gəlməsi, jurnalistlərin həbsdə olması, sərbəst toplaşma azadlığının olmaması bu kimi şeylər müstəqillik ideyasının və bağımsızlıq coşqusunu bir az azaldır. İnsanları bir az xəyal qırıqlığına uğradır.

Araz Elsəs:

- Xəyal qırğınlığına uğramaq lazım deyil. Savaşdır. Tutalım biz çıxmışıq yola, çıxdığımız yolun yorğunluğu var, orada üstünə toz qonacaq, oturacaqsan dincələcəksən, ayağına daş batacaq, nə deyim yolun çətinlikləri var. Yola çıxdınsa başa gələn mübarəkdir. Yorulmaq lazım deyil. Üzülmək lazım deyil. Yolun eşqi var. O eşqə yiyələn və eşqin atını çap o yolda, istədiyinə çatacaqsan.

Xədicə İsmayılova:

- Amma Quzeydə belə Sovetlər niyə dağıldı deyə nostalji hisslər yaşayan çoxdur.

Araz Elsəs:

- O deyənlər olacaq, qırıb dağıtmayacağıq ki. Demokratik dövlətdir, burada bütün fikirlər var. Olsun da. Azaddır. Bizim də sabah istədiyimiz gün demokratik dövlət qurub, sonra Quzeylə birləşməkdir, böyük bir dövlətə çevrilməkdir. Bizim içimizdə də dəyişik düşüncələr var. Bunları məhv etmək doğru deyil ki. Dəyişik düşüncələr gözəldir əslində rəngdir. Bunlardan qorxmaq lazım deyil. Hər kəs öz rəngini təbliğ etsin. Hansı gözəldir, millət tərəfindən qəbul olunacaq, o rəng qalib gələcək. Onu özün bəyən.

Xədicə İsmayılova:

- Ancaq gərək seçim imkanı olsun.

Araz Elsəs:

- Təbii gərək seçim imkanı olsun.

Şahnaz Bəylərqızı:

- Müstəqil Azərbaycanda yaşaya bildinizmi? Elə dinləyici yazır, salam Araz bəy. Çox sevindim səsinizi eşitdim, doğma Azadlıq radiosundan. İrandan çıxıb Azərbaycana gəldikdə niyə xaricə çıxıb getdiniz? Olmazmı qalıb burada fəaliyyət göstərəydiniz? Bakıda da sizə məsləhət gördülər çıxıb üçüncü ölkəyə gedəsiniz?

Araz Elsəs:

- Mən Azərbaycanda yaşamışam neçə illər. Azərbaycanın o dönəmi çox çətin idi. İndikindən çox çətin idi. Pasportsuz yaşamışam, evim yox, heç nəyim olmayıb. Beş gün orada qalmışam, on beş gün burada. Belə yaşamışam neçə illər. Çətinliklər çəkmişəm amma məni Araz edən o çətinliklər oldu o zamankı çətinliklər oldu. Ağrılar oldu, acılar oldu. Amma heç zaman burada qəribsəmədim. Getməyim də buradan bilirsiniz mən, bir sıra çətinliklərə görə buradan getdim. Özüm istədiyimə görə getmədim. Azərbaycandan getmək istəməmişəm heç vaxt.

Şahnaz Bəylərqızı:

- Çətinliklər nə idi ki, sizi vadar etdi?

Araz Elsəs:

- Çətinliklər bir deyil, iki deyil. Mən saymağa, sadəcə onu deyim çətinlik çörək çətinliyi deyildi.

Şahnaz Bəylərqızı:

- Təzyiq var idi sizə?

Araz Elsəs:

- Başımın üstündə tağ axtarmırdım, onun altında axşam gecələyim yatım. O çətinliklər deyildi. Mənim içimdə Azərbaycana o qədər sevgi olub ki, onlar mənə vız gəlib, boş gəlib. Ancaq bir sıra başqa, o zaman Azərbaycan çox çətin idi. İrandan basqılar çox idi. Çətinlik deyək keçək üstündən, açmaq istəmirəm. Amma nə yaxşı ki, o zaman doğrudan mən uddum ki, o zaman mən Azərbaycanda oldum, yaşadım bu millətin içində. Görürdüm çox yoxsul ailələr, heç nəyi yox idi, onlar mənimlə öz çörəyini paylaşırdı. Oturub pendir – çörək yeyirdik. Mən çox gözəl anlar yaşadım Azərbaycanda. Mən uddum ki, o günləri yaşadım. Yenə də təkrar edirəm ki, özüm istəyərək getmədim.

Şahnaz Bəylərqızı:

- Azərbaycan vətəndaşlığını ala bilmədiniz?

Araz Elsəs:

- Anam doğanda vətəndaş doğub. Mən vətəndaş doğulmuşam. Kağız boş şeylərdir. Mənə İsveş vətəndaşı yazır kağız, boş şeylərdir. Mən sadəcə o pasportdan qanad kimi istifadə edirəm. Uçuram gedirəm, insanlarla görüşürəm. Kim verir mənə vətəndaşlığı, kağız üstündəmi verilir? Yox. Məni anam vətəndaş doğdu.

Xədicə İsmayılova:


- Araz Elsəs salam. Azərbaycanın quzeyində nə vaxt konsertiniz olacaq? Bizlər sizi özlədik. Biləsiniz ki, özləyənlər var.

Şahnaz Bəylərqızı:

- Başqa suallar da var, Eçin Muradov yazır ki, Araz bəy, ulu öndəri mədh etməyə məcbur edən nə idi? Adam da belə sənəti, nüfuzu belə şeylərə qurban verərmi? Bundan sonra ondan vətənpərvər çıxmaz və bütün baş verənlər imitasiyadır.

Araz Elsəs:

- Mən nə zaman kimi mədh etmişəm, bilmirəm qəribə şeylərdir. Gərçəkdən bunu anlamıram. Birincisi mən heç kimi mədh etməmişəm. Elçibəylə o qədər yaxın olmuşam. Amma Elçibəyin sağlığında ona heç bir şey oxumadım. Elçibəyi tənqid etmişəm insanların gözünün qarşısında. O qədər yaxın olmuşuq Elçibəylə. Mən kimsəni mədh etməmişəm. Araz məddah deyil. O deyən dostumuzdan xahiş edirəm, haradan eşidib, kimdən eşidib, orada yanlış var. Yüzdə yüz yox, yüzdə milyon yanlış var orada. Xahiş edirəm hər şeyi incələsinlər, doğru düzgün. Mən sadəcə yazıqlar olsun deyirəm, mən məddah deyiləm.

Xədicə İsmayılova:

- On il bundan əvvəl burada idiniz. Neçə il əvvəl getdiniz Bakıdan?

Araz Elsəs:

- 97 –də

Xədicə İsmayılova:


- O zaman burada Bakıda bəlkə razısınız bu fikirlə ya yox, geniş yayılmış fikirdir ki, o zaman burada Güney Azərbaycan, Quzey Azərbaycan və s. fikirlər söyləyən adamların sayı qat – qat daha çox idi indikindən. İndi bu barədə danışanların da sayı azdır, ideya kimi götürənlərin də sayı azdır.

Araz Elsəs:

- Bilirsiniz köç, Güneydən köçür insanlar. Bir sürü insan yaşaya bilmir orada məcburdurlar köçsünlər, gəlirlər Quzey Azərbaycana, Türkiyəyə gedirlər, orada da bir dönəm yaşayandan sonra məcburdurlar tərk etməyə. Mən sözünüzə qatılıram. Bizim öz dostlarımız var idi burda. Beş on nəfər yığışırdıq bir yerə böyük forumlar hazırlayırdıq. Gecələr hazırlayırdıq, sonra pərən – pərən oldu, hamı dağıldı. Niyə dağıldı? Mən dağılanlardan biriyəm. Mən özüm sevərək yox, istəmədən getdim buradan. Bunun səbəbləri var. Axtarın tapın. Bir sürü insan gəlir bura gedir. Təkcə problem burada deyil, Türkiyədə də problemlər yaşanır. Bizim gənclər məcbur olur buradan da getməyə. Məcbur olurlar.

Xədicə İsmayılova:

- Ataqəm adlı bir nəfər yazır, sazınız yanınızdadırsa Fələstinin Qəzza bölgəsində iztirabdan qovrulan qardaş, bacılarımız üçün oxuyun. Burada Azərbaycanı yaxşı tanıyırlar. Fələstindən yazır dediyinə görə, əminəm ki, sizin mahnınızdan sonra sevgi artacaq. Dostlarla internet başına toplaşıb dinləyəcəyik. Bu tərəflərə gələ bilsəydiniz ətirli ərəb qəhvəsinə də qonaq edərdik.

Araz Elsəs:

- Gözəl olar. Aşağı yuxarı, türk qəhvəsi ilə yaxındır. Sağ olsunlar.

Xədicə İsmayılova:

- İranda bir ərəb problemi də var. Kürdlər və ərəblər də orada yaşayırlar. Onların da ciddi problemləri var. Haqqında ən çox ölüm hökmü kəsilən kəsimlərdən biridir ərəblər. Sizcə lazımdırmı bu müxtəlif topluluqlardan olan insanların birgə mübarizəsi, buna ehtiyac varmı? Yoxsa ayrı – ayrılıqdamı hərəsi öz davasını aparsın.

Araz Elsəs:

- Bilirsiniz o buna bənzəyir ki, İrandakı problemləri bərabər həll edək, gözəl Kürdüstan yaradaq, bərabər yaşayaq. Bilirsiniz bu gerçəkdir. Dəyişik millətlər var. Milli problemlər həll olunmalıdır. Bizim yaşadığımız bölgədə millət problemləri var, gərək həll olsun. Bu problemlər çözülməlidir. Çayın o tayında sənsən bu tayında mənəm. İkimizin də ətimiz, qanımız birdir. Biz birləşməliyik. Ərəb də onun tayı. Körfəzin hər tərəfinə baxırsan ərəbdir. Bu qardaşı ilə birləşmək istəyir. Ona görə də İranın gələcəyi parçalanmaqdır. Parçalanmaq o demək deyil ki, İranı hərə götürüb bir tərəfə aparacaq. Çiynimə alıb Azərbaycanı aparıb Alyaskaya qoymayacam. Mən orada yaşayacam. Öz millətim olacaq. Bunu artıq o bölgədə millətlər anlayıb. İranın gələcəyini bundan başqa bir şey görmürəm.

Xədicə İsmayılova:

- Sizi narahat etmir ki, sizi orada separatçı adlandırırlar? Buna da o qədər xoş baxmırlar.

Araz Elsəs:

- Təcriyə kimya elmində olur. Tutalım suyu təcriyə edirsən ayrılır. Biz heç nə etmirik. Yaşadığımız yerdə, tarixi torpaqlarda otururuq. Təcriyə odur ki, böləsən, aparasan, hərə bir yerə dağılsın. Bizdə heç yerə dağılmayacaq. Hərə oturacaq öz yerində. Bunu qorxudurlar. Camaat da elə bilir təcriyə halay pozandır, nədir, gəlib indi uşaqları yeyəcək. Təcriyə deyil ki burada. Yaşadığım yerdə öz dövlətimi qurub yaşayacam. Fars da yaşayacaq. Aramızda bəzi anlaşılmazlıqlar varsa oturub danışacağıq. Amma bununla insanları qorxutmaq lazım deyil. Gerçəkdən dünyanın heç yerində belə şeylər olmur. Dünyanın çox yerində baş verir. o etap keçdi getdi. Mən təhlükə saymıram. O aydınlıqdır əslində. Yaxşı şeydir, gözəl şeydir. İranda yaşayan millətlər öz dövlətlərini qura biləcəklər. Onlar sadəcə insanları ürkütməkdir. Deyib insanların beyninə salıblar bunu.

Xədicə İsmayılova:

- Təcrid məsələsində iki istiqamət var. Biri odur ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Digəri də budur ki, insan özündən asılı olmayan şeylə fəxr edə bilməz. Milli mənsubiyyət keyfiyyət göstəricisi deyil. İki yanaşmadır. Adam olsun məsələsi. İnsan amili önə çəkilməlidir. Sizin yanaşmanızda bunların hər hansı ilə ziddiyyət varmı? Və yaxud siz necə fikirləşirsiniz? Siz daim türk dili haqqında oxuyursunuz, haray – haray mən türkəm oxuyursunuz. Bu nə deməkdir? Bu o deməkdirmi ki, türk olmaq xüsusi bir keyfiyyət verir sizə, siz bunu belə hesab edirsiniz? Yoxsa fərqlidir?

Araz Elsəs:

- Yola çıxdığında atla yola çıxardılar. Çantanı, boğçanı bağlayardılar. Yemək, içmək, yolda sənə lazım olan silaha qədər qoyursan yola çıxırsan. Biz yola çıxmışıq, qurtuluş yoluna. Yolda sən təpədən dırnağa varlığına yiyələnəcəksən. Varın, yoxuna yiyələnəcəksən. Türklük qəribə bir şey deyil, mən türkəm. Türk doğulmuşam. Anadan olandan anam mənə türk deyib. O farsdır, bu da türkdür. Güney Azərbaycanda türklərə həqarət eşitmişik, eşşək türküdür bu. Yavaş – yavaş insanlar anladı. Mən türklüyümə sahib çıxacam, kimliyimə sahib çıxacam, heç kimin haqqı yoxdur mənə həqarət etsin. Ona görə insanlar başladı haray – haray mən türkəm deyib, küçələrə çıxdı. Kimliklərini qoydular ortaya. Farslardan dönmə millət azəri deyərlər bunlara. Yazılıb İran tarixçiləri yazıb, şovinistlər. Yəni siz azərilər farslardan dönmüsünüz. Onların tarixçiləri belə yazdılar. Bunlar türk deyillər. Bizim də millət ortaya qoydu. Sizin yazdıqlarınız pozuldu, məhv oldu getdi. Ona görə mən o nöqtəyə basıram. Mən türk olaraq təhqirlər görmüşəm, həqarət görmüşəm.

Xədicə İsmayılova:

- Belə çıxır ki, həqarət etməsəydilər bunun önəmi də olmazdı.

Araz Elsəs:

- Normal olardı. Alman demirmi almanam, deyir. Milli problemlər milliyyətçiliyə gəlir. Millətçilik müsbət, mənfi olur. Mən müsbət millətçiyəm. Mən demirəm məndən başqası yoxdur. Bizim babalarımız da deməyib. Biz başqa millətlərin nə dilinə dəymişik, onları təhqir etməmişik nə də dininə görə. Amma bizi təhqir ediblər. Bizim Səhənd adlı şairimiz var, o deyirdi mən demirəm üstün nikahdanam mən. Nikah yəni örk. Mənim məsləkimdə, mənim yolumda millətlər hamısı dostdur, qardaşdır. Amma mən də insanam. Dilim var, dinim var, yerdən çıxmamışam göbələk kimi. Adamam, haqqım var. Müsbət milliyyətçiliyin tərəfdarı olmuşam, sabah da olacam. Mən deyirəm bərabər yaşayaq, amma sən məni təhqir etmə mən də səni təhqir etməyim. Sən mənə sayqı ilə yanaş mən də sayqı ilə yanaşacam. Sayqısızlığın nəticəsidir. Dərk etməmək, anlamamaq, özlərini anlamamazlığa qoymaq, problemlərimizi görmürlər, ha bağırdıq onların qulaqlarına. Bəzz qalasına çıxdıq bizi duymadılar. Küçələrə çıxdıq, bizi gülləyə, qurşuna bağladılar. İndi stadionlara çıxıb bağırırlar, haray – haray mən türkəm. Bunu deyə bir nəfər, iki nəfər deyil. Ona tay güc yoxdur. Tehranda beş min, üç min adam çıxırdı, Avropada bar – bar bağırırdı belə - belə. Amma Avropa gözünü yumub, milyonlarla insan çıxıb qışqırır, haray – haray mən türkəm. Çünki onlar da nədənsə çəkinirlər. İstəmirlər, onların iqtisadi maraqlarına uyğun deyil bəlkə.

Şahnaz Bəylərqızı:

- Dinləyicilər yazır bizə. Şah İsmayıl yazır, Sankt-Peterburqdan, Araz Elsəsi salamlayıram, tezliklə Azərbaycanın birləşən günü, qurd səsi ilə nərə çəkməsini arzulayırıq. Araz qardaşımıza sual, təbiət də xalqımızın biganəliyinə dözməyib, öz seli, suyu ilə kükrəyərək etirazını bildirir. Bizdə olan bu biganəliyi nə ilə əsaslandıra bilərsiniz? Sizin Azərbaycanda konsertinizi nəyə görə icazə vermirlər? On il əvvəl Şəhriyar mədəniyyət evində konsertinizdə dalğalanan üç rəngli Azərbaycan bayrağına qadağa nə ilə bağlı idi?

Araz Elsəs:

- Mənim saytıma da çoxlu suallar gəlir niyə konsert olmur. Artıq yorulmuşam. O konsert olacaq inşallah. Amma niyə olmur, mənim özümə də bəlli deyil. Mən də buradan sual verirəm, sevgili qardaşlarım, yurddaşlarım, mənim konsertim niyə olmur? Azərbaycan bayrağı hər zaman mənim ürəyimin içində dalğalanır. Mənim canımdır, gözümdür. Güneydə dalğalanmağa həsrətdir, gün gələcək Güneydə də dalğalanacaq. Olacaq o gün. Mən həmişə fəxrlə gəzdirirəm bayrağı, öpüb gözümün üstünə qoyuram.

Xədicə İsmayılova:

- Belə bir şey olmuşdu? Qadağa qoymuşdular.

Araz Elsəs:

- Ola bilər olmuşdu. Mən oxuyanda baxmıram çox şeyə, gözlərimi yumuram, öz dünyama gedirəm. Sonradan eşitdim olmuşdu elə bir şey, bayraq dostlardan konsertə gələnlərdən bayraq dalğalandırırmış, kimsə deyib aşağı sal. Ayıb olsun deyirəm, işi görənə başqa bir şey demirəm, ayıb olsun, yazıqlar olsun. Təbiət coşur. Mən özüm göy tanrıya inanıram. Təbiət necədir mən də eləyəm. Selin qabağını almaq olarmı? Yox. Selə gərək tədarük görəsən. Gözəl bənd bərə vurasan ki, sel basmaya səni. Selin qabağını almaq olmaz. İndi millətin qabağını almaq olarmı? Millət bir olunca istədiyini yapar. Birliyimizə əngəllədən şeylər var. Onları aradan qaldırmaq lazımdır. Alaq otu deyirik biz, əkərsən alaq bitər, onları alaq etmək lazımdır.

Şahnaz Bəylərqızı:


- Dediklərinizə cavab olaraq bir dinləyici yazır, Araz bəy kürün daşmasına siyasi yox, bir az lirik yanaşa. Kür nə demək istəyir? Demək istəyir ki, bəsdir daha ayrı qaldınız? İndi məni ayıran bir nöqtədə sakit axa bilmirəm. Araz bəy, kürün daşmasına siyasi yox, bir az lirik yanaşaq. Bu sualdan çox dinləyicinin özünün yanaşması idi.

Xədicə İsmayılova:

- Məncə o şer istəyir.

Araz Elsəs:

- Belə təbii fəlakətlər deyir hazır ol. Hazırlığın varsa keçəcəksən bu sınaqdan. Hazırlığın yoxsa keçə bilməyəcəksən. Məncə bizim dövlətimiz də onu düşünməlidir. Bu gün sel gəldi vurub dağıtdısa, gələcəkdə evlərimizi elə yerdə yapaq ki, sel gəlib basanda da bir şey olmasın ya gəlib basmasın. Onu düşünmək lazımdır. Adam var düşünürlər.

Xədicə İsmayılova:

- Mən bəlkə yadınıza salım. Siz bayaq deyirsiniz dağlara çıxdılar, əslində festival keçirməyə Babək günü ilə bağlı. O festivalların qarşısı ordu ilə alındı. Hər zaman qeyd olunur milli mübarizə fəalları tərəfindən ki, türklərin İranda mübarizəsi mədəni mübarizədir. Bununla yanaşı yenə də basqılara məruz qalırlar və ağır hökmlər alırlar. Siz də oxuyursunuz ki, biz asıla – asıla dönərik bayrağa. Və sizcə nə qədər davam edə bilər bu? İnsanlar yorulmurmu bu mübarizədən.

Araz Elsəs:

- Bunun cavabını insanlar verir. On il ərzində mübarizəyə baxsanız, güclənmişik. Günü gündən daha müdrikləşmişik. Biz qazanmışıq. Şahmat oyununa bənzəyir. Onları artıq küncə yığmışıq. Əvvəllər bizə qarşı basqı var idi, amma indi biz onlara basqı yapa biləcək gücə gəldik.

Xədicə İsmayılova:

- Nə deməkdir bu, nə demək istəyirsiniz bu asıla – asıla dönərik bayrağa deməklə?

Araz Elsəs:


- Yəni ölümdən, qaradan o yana rəng varmı? Qaradan o yana rəng yoxdur. Ən son öldürəcəksiniz, vurun öldürün. Amma mənim qurşunlara köks gərən insanlar özü bayraqdır. Biz ölsək də, qalsaq da bu olacaq. Çünki bunu millət istəyir. Bu haqq yoludur, bu gerçəkdir. Kimsə haqqını tapdalayıb, keçmək deyil. Bu mənim öz haqqımdır. Buna da gedib çatacaq Güney Azərbaycan. Buna inanın. Buna biz yüzə - yüz inanırıq, təpədən, dırnağa inanırıq. Bir faiz, yarım faiz şübhə yoxdur. Güney Azərbaycanda hərəkatımız günü – gündən daha da güclənəcək, gözəl aydın gələcəyə, o işığa çatacağıq. Bütövlüyümüzə çox qalmayıb.

Şahnaz Bəylərqızı:

- Millət məsələsi, millətlərin hüququ məsələsinə toxundunuz bayaq. Murad yazır ki, salam bilmirəm mövzuya nə dərəcədə dəxli var ya yox, amma məsələn talışlar da ayrıca xalqdır, onların da öz dövlətə sahib olmasına münasibətiniz necədir?

Araz Elsəs:

- Bütün dünyanın hər yerində dəyişik balaca etnik millətlər var, onlar da yaşayırlar. Talışların da Azərbaycanda haqlarını veriblər. Mən minoritetlərin haqlarından danışmıram. Onların haqları hər yerdə qorunub. Azərbaycanda talışların öz dillərində məktəbləri var. Sizdən də ricam budur. Bəzi yerlərdə yanlışlıq olur. Mən azınlıq deyiləm. Mən millətəm, 35 milyonluq Azərbaycan türkü var. Mən dəngələri dəyişən insanam. Bu gün İranda azınlıqlar, ermənilər var, samilər var, onların da öz dilində məktəbləri var, haqları qorunur. Bu dünyanın çox yerində var. Bizim danışdığımız, məni acıdan, yandıran Güney Azərbaycanda millət var, 35 milyonluq türk millətindən danışıram.

Xədicə İsmayılova:

- Amma fərqi varmı?

Araz Elsəs:

- Siz gəlirsiniz mənim dediyim arasında fərq var. Mən demirəm, bütün azınlıqların, bütün millətlərin, quşun da belə dilinə sayqıyla, hörmətlə yanaşmaq lazımdır. Dəxli yoxdur, ləzgidir, talışdır. Mən şəxsən icazə vermirəm mənim yanımda kimsə millət və ya azınlığın nümayəndəsini təhqir etsin. Özüm də çalışıram bundan uzaq gəzəm. Amma bunun çox fərqi var. Xahiş edirəm diqqət yetirin. 35 milyon Güney Azərbaycanda türk milləti ilə, dəngələri dəyişdirən, tarixə sahib olan, 150 dövlət quran türk milləti ilə artıq fərq var. Gedin tarixlərə baxın. Çox böyük fərq var. Burada gerçəklik var. Azınlıqların haqları Azərbaycanda da qorunur. Mən azınlıqlardan danışmıram. Mənim dərdim Güney Azərbaycanda 35 milyon, böyük millət, türk millətidir. İranda min illər boyu dövlət sahibi olan millətdən. Xətailərin, Qacarların, Xarəzmlərin, Güney Azərbaycan başqadır. Müzakirə ediriksə düzgün müzakirə edək.

Xədicə İsmayılova:

- Gəlin, Araz bəyin son albomundan, «Haray – haray mən Türkəm»i dinləyək.

Səs.

Xədicə İsmayılova:

Bu mədh etmək məsələsi çox populyardır Azərbaycanda. Nəzərə alsaq ki, siyasətə qarışmadığını deyən bir çox müğənnilər siyasətin aləti olurlar, Azərbaycanda. Tez – tez efirdən çıxıb, təriflər oxuyurlar. Sual gəlib dinləyicidən, Əli müəllim yazır, Azərbaycanda hakimiyyəti mədh etməklə pul və sərvət qazanan müğənnilərə nə deyərsiniz?

Araz Elsəs:

- Onların şəxsi işləridir. Hər kəs etdiyi işə özü məsuldur. Mən çalışıram, məncə yaltaqlıq insanlığa yaramır, yaraşmayan bir şeydir insana. Bir insanı bir var sevərəkdən mədh edəsən, ürəkdən mədh etmək başqa bir şeydir. Mən çox istərdim tutalım məni masa başında biri məni tərifləyəndə istərəm onu ürəkdən tərifləsin yalandan yox. Mən ürəkdən mədh çox az görürəm. Gerçəkdən birini sevəsən ürəkdən, şey yazasan uzun – uzun, mahnı oxuyasan, bəlli olur. Belə insanlarımız yediyi çörəyi burnuna yemir. Baxan kimi bilirsən doğrudanmı yaltaqlıq iyi gəlir dediyindən yoxsa bu gerçəkdən sevir. Mən arzu edirəm bizim dostlarımız ürəkdən sevərək, təpədən dırnağa dediyi şeylərə inanaraq yazsınlar. Səmimi olsunlar, səmimiyyət gözəlləşdirir. Söz indi açıldı. Mən inanırdım bizim dövlət başçımıza. Mən dövlət başçımızı mədh edəndə dövlət başçımızın özü belə anlayır, doğrudan ürəkdən mədh edir yoxsa yaltaqlanır. Mən inanıram dövlət başçımız da bunları gözəl dərk edir. Mən sadəcə yaltaqlığı insana yaraşdırmıram. Yaltaqlıq itə yaraşar. Çox üzr istəyirəm. İt gələr adamın qarşısında quyruğunu bulayar çörək üçün verərsən gedər. Mən inana yaraşdıra bilmirəm belə şeyləri. Tərif etmək olar, onu da gərək təpədən dırnağa səmimi olasan, onda adam inanar. Onu mən qəbul edə bilmirəm.

Xədicə İsmayılova:

- Dinləyicilərimiz də hər zaman bu barədə yazırlar. Cəmiyyətdə də belə bir sual var ki, necə olur ki, televiziyalara çıxıb tərifləri söyləyən adamları fərqi yoxdur yaxşı ya pis, xüsusi xidməti olub sənətdə ya yox. Prezident vaxtaşırı mükafatlandırır, onlara ev verirlər, müxtəlif mükafatlar verirlər. Belə təəssürat da ola bilər ki, prezidentin xoşuna gəlir bu.

Araz Elsəs:

- Onu mən bilmirəm necə cavablandırım. Amma mənim dediyim odur ki, uzun sözün qısası tərif edəndə çalışsınlar ya tərif etməsinlər, edirlərsə ürəkdən, səmimi olsunlar. Yaltaqlıqla hər kəs anlayır yaltaqlığı, yaltaqlıq etdiyin insan da anlayır. Yaraşdırmıram.

Xədicə İsmayılova:

- «Mutluyam mən» deyə mahnınız var. Orada bunlardan söz açırsınız.

Səs.

Xədicə İsmayılova:

- Çox az vaxtımız qalıb. Ümid yeri verin, konsertiniz olacaq.

Araz Elsəs:

- Konsertim olacaq. Ümid edirəm dostlarımız da eşidir, yardımçı olsunlar. İnanıram yardımçı olacaqlar. Önəmli olan konsertin keçməsidir, insanlarla görüşümüzdür. Konsert, konsert salonlarında olurlar olsun, olmursa şadlıq evində edərik. Mən çox darıxmışam insanlarımız üçün. Onlarla görüşməyə çox tələsirəm.

Xədicə İsmayılova:

- Çox təşəkkür edirik gəldiyiniz üçün.