«The Economist»: Baş örtüyünə qadağa pis ideyadır

Burqaya qadağa pis ideyadır. Britaniyada nəşr olunan «The Economist» jurnalı belə yazır.

BİR NECƏ İLƏ NƏ DƏYİŞDİ Kİ...

Jurnal Britaniyanın leyborist partiyasından olan siyasi xadim Cek Strounun bir necə il öncə qalmaqal yaradan fikrini yada salır. Cənab Strou deyəndə ki, o, ünsiyyət zamanı müsəlman qadınların üzlərini acıq görməyə üstünlük verərdi, çünki o, sifətini görmədiyi adamla üzbəüz danışanda özünü narahat hiss edir, bu, liberalları şoka salmışdı. O, bundan artıq nəsə istəyə bilməzdi, bu, ona bənzəyirdi ki, yeniyetmədən dilini göstərməsini və yaxud orta yaşlı kişini təhqir edəcək başqa bir şey istəyəsən. Müzakirəyə çıxarılan vəziyyətin səbəbi dəb məsələsi yox, inanc idi. Amma indi Avropanın bir sıra hökumətləri cənab Strounun istədiyindən də irəli gedirlər. Belçika və Fransa başda olmaqla bir çoxu üz ortüyü olan niqaba və bütövlükdə burqaya qadağa qoymağı planlaşdırırlar.

TƏHQİR OLUNAN AVROPALILAR

Avropalıların burqaya düşmənçiliyi başa düşüləndir. Bu, onları təkcə qadın üzünün gözəlliyini görməkdən məhrum etmir; bu həm də Avropa, xüsusilə Fransa mədəniyyətinin dərinliklərindən gələn sekulyarizmi təhqir edir.

«The Economist» yazır ki, bu düşmənçiliyin bir səbəbi də İslam fundamentalizminin onların yaşadığı dünyəvi cəmiyyətə hücumudur. Burqa təhlukəsizliyi təmin etməli olan polisin işini də çətinləşdirir. Körfəzdən və ya Əfqanıstandan uzaqlarda yetişmiş insanda ünsiyyətdə olduğu kəsin sifətini, üz ifadəsini gizlətməsi narahatlıq yaradır. Baş örtüyündən fərqli olaraq burqa qadın azadlığının məhdudlaşdırılması kimi görünür.

Burqa bir çox avropalıların nəzərində repressiya və müsəlman qadınların əzab çəkməsinin simvoludur. Hərçənd, çox güman ki, müsəlman qadınların əksər hissəsinin bu məsələdə seçim imkanı yoxdur, onların bəzisi polisə deyir ki, burqanı istəməyərək daşıyırlar.
Bu da var ki, hətta demokratik dövlətlər belə vətəndaşlarına istədiklərini geyinməyə mütləq hüquq vermirlər. Nəyin yol verilən, nəyin təhqiredici tərz sayılması və ya nəyin təhlükəli olması ilə bağlı konsensuslar həmişə dəyişir. Bir çox ölkələrdə insanlar küçədə lüt gəzə bilməz. Və avropalılar da bu qadağanı aydın şəkildə qəbul edirlər. Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə görə, bu qadağa ilə Fransada (70%), İspaniyada (65%), Böyük Britaniyada(57%) və Almaniyada(50%) daha çox insan razılaşıb. Daha böyük mədəni və dini azadlığa malik Amerikada (33%) qadağanın «lehinə» səs verənlər azlıqda qalıblar.

BURQANI MƏTANƏTLƏ HƏZM EDİN

«The Economist» belə yazır və əlavə edir ki, daha güclü, keçərli arqument yoxdursa, liberal cəmiyyətlər insanlara istədikləri şeyi geymələrini qadağan etməməlidirlər. Bu halda qadağaya səbəb üç arqument də – təhlükəsizlik, seksual bərabərlik və sekulyarizm duruş gətirməyəcək. Çünki lazım olan anda təhlükəsizlik üçün qadından örtüyünü çıxarması tələb edilə bilər. Seksual bərabərlik məsələsindəsə ailədə zorakılığın önlənməsi üçün qüvvədə olan qanunların reallaşması qadınları daha yaxşı müdafiə edərdi, nəinki onların istəklərinin əleyhinə küçədə necə geyinmələri haqqında yeni qanunlar qəbul etmək.

Sekulyarizm arqumentinə gəldikdə, avropalılar başqalarının dini qaydalarını küçədə nümayişini istəməsələr belə, tolerant olmaları barədə iddiaları tələb edir ki, buna da dözsünlər.

Hər halda, Avropa hökumətlərinin qadınların burqa gəzdirmələrini məhdudlaşdıracaq qanun qəbul etmək imkanları da var. Məsələn, hakim məhkəmədə olduğu kimi, məktəbdədə şagird müəllimin üzünü görə bilməlidir. Avropalılar bunu da etiraf etməlidirlər ki, burqanı sevməmələrinə rəğmən, onun yerli-dibli qadağası Qərb mədəniyyətinin hər zaman bütün gücü ilə müdafiə etdiyi şəxsi azadlıqların pozulması deməkdir. Fransızlar, eləcə də hamı bunu bilməlidir ki, Volter bu vəziyyətdə deyərdi:

«Mən sənin geyimini bəyənmirəm, amma həyatım bahasına olsa belə, onu geyinmək hüququnu müdafiə edəcəyəm».