Orhan Pamuk nənəsinin vətənində

Nobel mükafatlı türk yazıçısı Orhan Pamuk “İstanbul” romanını təbliğ etmək üçün mayın 17-də Albaniyaya gedib.

Türkiyə mətbuatı yazır ki, Tiranada onu krallar kimi qarşılayıblar.

İki günlük səfərin başlanğıcında Pamuku Albaniya prezidenti Bamir Topi qəbul edib, Tirana Universitetində isə türk yazıçısına fəxri doktor adı verilib.

Pamukun romanları Albaniyada ən çox satılan əsərlər sırasındadır. Onun ən son romanı olan "Məsumiyyət muzeyi" də yaxın vaxtlarda albanca çap ediləcək.

Pamuku prezidentin ardınca baş nazir Sali Berişa da qəbul edib:

“Sizin öz kitablarınızda əks etdirdiyiniz psixologiya alban psixologiyasına çox bənzəyir.

Albanlardan da bir neçə əsr boyunca Osmanlı imperatorluğuna xidmət edənlər olub.

İlk türk ensiklopedik lüğətini Sami Fraşeri hazırlayıb, Türk Universitetinin ilk rektoru Hasan Tahsin olub, Türk himninin sözlərini isə Mehmet Akif yazıb”.

Pamuk isə deyib ki, Albaniyanı gərək daha erkən ziyarət edəydi.

“Məndə alban qanı da var, çünki anamın anası albandır”.

Pamuk "İstanbul" romanında türk xalqının Şərqlə Qərb arasında kimlik çabalarından danışır. O, Tirana Universitetindəki çıxışında deyib:

"İndi bir çox xalqlar müasirliyi qavramağa cəhdlər etməkdədirlər.

Amma heç bir xalq öz kimliyini unutmamalıdır.

Əlbəttə biz tarixin əsiri deyilik, fəqət tarixdən qopsaq, böyük bir xəta yapmış olarıq.

Bütün bu məsələlər kitablarımda əks olunub".

Bu arada www.kultaz.com xəbər verir ki, Orxan Pamukun “Qar” və “Mənim adım qırmızı” romanlarından sonra Azərbaycan dilinə çevrilən üçüncü romanı “Yeni Həyat” da artıq satışa buraxılıb.

"Yeni Həyat" romanı Pamukun birbaşa gənclərə ünvanlanan əsəridir. Romanın qəhrəmanı - tələbə Osman bir kitab oxuyur və bütün həyatı dəyişir.

Həmin kitabı o, tələbə yoldaşı Cananın təsirinə düşərək oxuyur. Osman həm də həmin qıza vurulur. Amma bir gün Canan yoxa çıxır və Osman onu axtarmaq üçün yola çıxır. Bir avtobusdan düşüb o birisinə minərək bütün ölkəni dolaşmağa başlayır...

Bu yolçuluq həm İlahi və bəşəri məhəbbətin rəmzi olan sevgilinin axtarışıdır, bir dərviş yolçuluğudur. Həm də Türkiyədə gənclərin köhnə adət-ənənələrdən qurtulmaq üçün üzləşdikləri çətinlikləri, keçdikləri mərhələləri simvolizə edir.

"Qocalar" Yeni kitabı oxuyan gəncləri izlətdirib öldürür, ələ almağa çalışır, həmin kitabın üzünün çıxarılmasına, yayılmasına maneçilik törədir, Türkiyədə müasir düşüncənin bərqərar olmasına, cavanların Qərb mədəniyyətindən faydalanmasına qarşı çıxırlar...

Pamuk romanda həm də məşhur Argentina yazıçısı Borxesin sevimli priyomlarından olan "təkrarlanan çevrə"dən də istifadə edir.

Əsərdə yeni həyata can atan gənc ölürsə, öldürülürsə, onun ruhu başqa bir gəncdə "yaşamağa davam edir", əsərin əvvəlində gördüyümüz Osman bir neçə dəfə beləcə "başqa kimlik" ilə ortaya çıxsa da, sonda yenə başqa bir Osmanda "zühur edir", beləcə yeni həyat, müasirlik yolunun yolçuluğu davam edir, "qırılmır"...

Həmçinin oxu
Orxan Pamukun "İstanbul"u: Hansı güzgülər bədbəxtlik gətirir?