Bəxtsiz və bəxtli cavanların taleyi

Yaşadığımiz həftənin ilk günü—mayın 17-də Azərbaycanın klassik yazıçılarından olan Əbdürrəhim Bəy Haqverdiyev 140 yaşını haqladı.

Əslində, indi oxuduqlarınızı bazar ertəsi, onun doğum günündə yazmaq fikrindəydim.

Sonra fikrimi dəyişdim. Bir az gözlə-dedim.

Bax, gör, bu yubileyi xatırlayan olacaqmı? Eyvah! Əbdürrəhim bəy heç kimin yadına düşmədi...

Elə isə, lap o böyük şair demişkən, Sevda, durma, Sevda, yaz-dedim. O böyük kişini heç olmasa kiçik bir yazıyla an-dedim...

BİZ ÖZ KLASSİKLƏRİMİZİ YETƏRİNCƏ TANIYIRIQMI?

Cavabım birmənalıdır—yox!!! Biz Mirzə Fətəlini ilk dram əsərinin müəllifi, Sabiri “Nə işim var?” yazan şair, Zərdabini ilk qəzetçi--“Əkinçi”, Füzulini “Leyli-Məcnun”çu, Mirzə Cəlili “Ölülər”çi, uzağı “Molla Nəsrəddin”çi...çağırmaqdan uzağa gedə bilmirik.

Biz Ə.B.Haqverdiyevi “Bəxtsiz cavan”la xatırlayırıq. Vəssalam! Bir az yaddaşımızı qurdalasaq, məktəb dərsliklərindən “Dağılan tifaq”ı, “Pəri Cadu”nu ... sadalaya bilərik.

O sadaladıqlarımızdan da çoxunu oxumamışıq, dərsliklərdə təhlilini əzbərləmişik.

Təhlil də ki, nə təhlil! Yaşa uyğun olmayan dolaşıq cümlələrlə...Bioqrafiya nə bioqrafiya. Quru cümlələrlə...

ƏBDÜRRƏHİM BƏY ŞUŞALIYDI...

Ağbulaqda doğulmuşdu. Atası Əsəd bəy qəza idarəsində katib işləyirdi. Gələcək yazıçının 3 yaşı olanda, atası ölür. Uşaq əmisinin himayəsinə keçir, sonra atalığının. Atalığı 1880-ci ildə--10 yaşında onu Şuşada Yusif bəyin yay məktəbinə qoyur.

Əbdürrəhim rus dilini burda öyrənir. Rus yazıçılarını oxumağa başlayır.

1884-də gözəlim Şuşada “Xırs quldurbasan” tamaşasını görür. Tamaşadan təsirlənib özü pyes yazır.

İmkanlı olmaları ona daha bir şans verir. Şuşa Real Məktəbinin 6-cı sinfini bitirib, Tiflis Real Məktəbinin son sinfinə girir. 1891-ci ildə Peterburqa yollanır.

Yol Mühəndisləri İnstitutuna daxil olur. 9 il bu şəhərdə yaşayır. Universitetin şərq fakültəsində azad müdavim sifətilə də təhsil alır. Və yaradıcılıqla məşğul olur. “Dağılan tifaq”ı və s. yazır.

ƏSRİN BİTMƏSİNƏ BİR İL QALMIŞ...


...Əbdürrəhim bəy Şuşaya qayıdır. İki il xalq yaradıcılığı örnəkləri toplayır. Az qala öz prototipi olan “Bəxtsiz cavan”ı yazır, hətta tamaşaya qoyur. Əsrin birinci ilində Bakıya gəlir. Və nə yaxşı ki, gəlir.

Bakı mühiti ona çox şey verir. O dövrün qabaqcıl adamlarıyla ünsiyyətdə olur.

“Pəri cadu”nu burda tamamlayır. Müxtəlif tamaşalarda rejissorluq edir, dərs deyir, qəzetlərə yazır. Hətta...

“LEYLİ-MƏCNUN”UN DİRİJORU OLUR!

Ceyhun Hacıbəylinin bir məqaləsi var. Parisdə rusca yazıb. “İlk Azərbaycan operası necə yarandı”. Ceyhun bəy xatirəsində Əbdürrəhim bəyin adını böyük hörmətlə çəkir.

Operanın yazılışında onun dəyərli məsləhətlərindən faydalandıqlarını deyir.

Əbdürrəhim bəy Avropa musiqisi və not sistemi ilə tanış imiş. Ceyhun bəyin yazdığına görə, bu tanışlıq hətta onun Üzeyiri dirijor pultunda əvəzləməsinə də gətirib çıxarıb.

TƏZƏDƏN ŞUŞAYA, ORADAN PETERBURQA!

1904-cü ildə Şuşa şəhər idarəsinə, bir il sonra Gəncə quberniyasından Rusiya Dumasına nümayəndə seçilir.

Peterburqda—gənclik və tələbəlik illərinin şəhərində yaşamağa başlayır. “Ağa Məhəmməd Qacar” faciəsini burda yazır.

Şəhərin kitabxanalarında bu əsərlə bağlı materiallar toplayır, hətta 1907-ci ildə bu məqsədlə İrana da gedir. Faciə elə həmin il tamamlanır və Bakıda tamaşaya qoyulur.

MARALLARIM...

Əbdürrəhim bəyin “Molla Nəsrəddin”də çıxan felyeton və publisist yazıları bir aləmdir. Lağlağı, Mozalan, Ceyranəli, Süpürgəsaqqal, Xortdan imzaları. Hələ orta məktəb dərsliklərindən öyrəndiyimiz “Xortdanın cəhənnəm məktubları”, “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi” əsərləri zamanın güzgüsüdür.

O ŞƏHƏR SƏNİN, BU ŞƏHƏR...

Əbdürrəhim bəy çox yerlər gəzir, İranı, Qafqazı, Orta Asiyanı, Volqaboyunu dolaşır. “Bəxtli cavan” hətta beş il Ağdamda da yaşayır. Burdan Tiflisə “Molla Nəsrəddin” dərgisinə felyetonlar göndərir.

1916-cı Tiflisdə rusca çıxan “Əxbar” məcmuəsinin müdirliyinə də təyin olunur. Borçalıda müvəkkil işləyir.

SOVETLƏR GƏLDİ...

Əbdürrəhim bəy barədə tədqiqat müəllifləri onun Sovet hakimiyyətini çox böyük həvəslə qarşıladığını deyirlər.

Əks halda, “1920-ci ildən ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır”-deyərdilərmi? İncəsənət şöbəsində müdir, dövlət teatrlarında müfəttiş işləyir.

Universitetdə mühazirələr oxuyur, ictimai işlərdə çalışır, hətta əməkdar incəsənət xadimi adını alır.

Yaradıcılığından da qalmır.

Əsərlər yazır, tərcümələr edir. Son pyesini ölümündən bir il öncə yazır. Və 1933-cü ildə dünyasını dəyişir...Niyə?

ƏBDÜRRƏHİM BƏY 63 YAŞINDA NİYƏ ÖLDÜ?


Gəldik yazının ən qəliz yerinə. ”Kefi yerində olan” 63 yaşlı yazıçı nədən dünyasını dəyişdi?

Özü də, o illər Azərbaycanda, həm də Bakıda heç də xoş illər deyildi. Aclıq, soyuq, səfalət baş alıb gedirdi. Əbdürrəhim bəy son günlərini necə yaşayıb? Onun son nəfəsində yanında kim olub? Ətrafda gedən tuthatutlar, sürgünlər, həbslər ona necə təsir edib?

Dərsliklər bir cümlə ilə canlarını qurtarırlar. Araşdırıcılar bununla bağlı heç bir bilgi vermirlər. Amma bunu bilmək bizim borcumuzdur. Başqa millətlər öz klassiklərinin son nəfəsinəcən hər şeyi gələcək nəslə ötürürlər.

Puşkinin hər addımı, hər sözü, hər əşyası tarixə dönüb.

NİYƏ?

Bəs biz niyə Seyid Əzim Şirvaninin nədən öldüyünü şayiə kimi eşitməliyik?

Niyə Sabiri vərəmlətdiyimizi etiraf etməməliyik?

Niyə Mirzə Cəlilin son nəfəsdə bumbuz otaqda öz əlyazmalarını yandırdığını balalarımızdan gizlətməliyik?

Niyə həmin Mirzə Cəlilin acından ölməmək üçün hamamda bilet satdığını hamıdan saxlamalıyıq? Niyə o “böyük demokrat”ın—Mirzə Cəlilin çörək növbəsində əzildiyini, basıldığını heç yerdə yazmamalıyıq?

Niyə Mirzə Fətəlinin cənazəsinin neçə gün ortada qaldığını bir-birimizə pıçıldamalıyıq?

Nə vaxta qədər?

Bu, bizə şərəf gətirməz?!

Bəs yalan nə vaxtdan danışana şərəf gətirib?

Və nəhayət, nə vaxta qədər Sovetlər dönəmində yazılmış araşdırmalar heç bir ciddi redaktə görmədən internetə, dərsliklərə yol tapacaq?

Bəlkə klassiklərimizə yenidən baxmağın vaxtı gəlib çatıb?

Ya bəlkə gecikmişik?

Ya səhv mənim düşüncəmdədir?

Həmçinin oxu
Əbdürrəhim bəy Haqverdiyev "Çeşmək" (Hekayə)
Əbdürrəhim bəy Haqverdiyev "İt oyunu" (Hekayə)
Əbdürrəhim bəy Haqverdiyev "Bomba" (Hekayə)