Sabirabadın Sərxanbəyli kəndində sakinlər özləri tədbirlər görür

«Hazırda Sarısu gölündə vəziyyət nizamlanır, su Araza yönləndirilir, amma Kürdə suyun səviyyəsi 9 sm qalxıb».

«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin prezidenti Əhməd Əhmədzadənin sözlərinə görə, Kürdə suyun səviyyəsinin qalxması Mingəçevir Su Anbarından çaya buraxılan su ilə bağlıdır.

Əhməd Əhmədzadə Ələt-Astara yolunun bağlanması ehtimalının da olmayacağını, suların boş ərazilərə buraxılmasını təmin edəcəklərini deyib. Onun sözlərinə görə, suyun keçdiyi körpüdə tədbirlər görülür ki, su ətrafa yayılmasın. Bunun üçün Biləsuvar rayonu ərazisində yüngül körpülər tikilir.

Sabirabadın Sərxanbəyli kəndinin sakinlərinin verdiyi məlumata görə, sel basan qonşu Balahəşimxanlı kəndində vəziyyət ürəkaçan deyil, suyun səviyyəsi azalmır və yaxın kəndlərə də təhlükə yaranır:

«Hazırda Sərxanbəylidə heç bir texnika yoxdur. Camaat özü suyu çökək yerlərə yönəltmək üçün tədbirlər görməyə çalışır».