Abbas Atilay: «Özüm üçün yazıram»

Abbas Atilay

Abbas Atilay «Daun sindromlu hamam» hekayəsi ilə «Ədəbi Azadlıq» müsabiqəsinin ilk 10-luğuna düşənlərdən biridir. 1983-cü ildə Naxçivan şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 4 ilə yaxın Norveçdə yaşayıb. Orada fotoqrafiya üzrə xüsusi kursda təhsil alıb. Peşəkar fotoqrafdır.

- Niyə hekayə yazırsınız?


- Əslində hekayə yazmaq mənim peşəm deyil. Sadəcə bəzən yazmağa daxili ehtiyac hiss edirəm. Nəsə yazmaq istəyirəm. Yazıram və sonradan məlum olur ki, bu, hekayədir. Ancaq mən yazar deyiləm.

- Kiminçün yazırsınız?


- Mənim 20-yə yaxın hekayəm var. Onun əksəriyyətini özümdən başqa kimsə oxumayıb. Bunu nəzərə alsaq, məncə, özüm üçün yazıram. Yəni kiminsə oxuması xatirinə yox, sadəcə içimdən gələni yazmaq xatirinə yazıram.

- Hər halda, o dediyiniz əksəriyyətdən kənardakı hekayələrinizi oxuyanlar var. Necə qəbul olunursunuz?

- Tərifləyən də olur, pisləyən də. Amma inanın ki, məqsəd kiminsə bəyənməsi deyil. Ancaq fikrinə hörmət etdiyim adamlardan bir neçəsi var ki, onların oxuması və təəssüratını bildirməsi mənimçün maraqlıdır. Və çox istərdim ki, onlardan tərif eşidim.

- Hekayələrinizin materialını haradan alırsınız?

- Məsələn, «Daun sindromlu hamam»–ın materialını Məşhəd şəhərində tapdım. Əslində bu uşaqlıq illərimdə məhəlləmizdə baş verən hadisələrdən qaynaqlanan, aftobioqrafiyama yaxın süjetləri olan, Xose Saramaqo stilli bir hekayədir. Amma aftobioqrafik hekayə deyil.
Məhərrəmlik ayı idi. Məşhəddə Kərbəla hadisələri təşbih formasında yenidən yaşadılırdı. Mən də gördüklərimin fotoşəklini çəkirdim. Daun sindromlu bir uşağın küçədə qoyulmuş böyük ekranda Kərbəla hadisələrini əks etdirən tamaşaya baxıb ağladığını gördüm.
Bilirik ki, bu cür insanlarda ağıl sarıdan problem olsa da, hiss, emosiya tərəfdən normal olurlar. Bu uşaq hissə qapılmışdı. Düşündüm ki, nədən bu uşağı 1400 il əvvəl baş vermiş hadisəyə görə beləcə zorla ağladırlar. Onsuz da o, daun sindromludur. Yəni özünün yetərincə səbəbi var ağlaması üçün.
Mən o uşağın arxasında dayanıb xeyli gözlədim və nəhayət, qəfil geri çevriləndə üzüntüsünün canlı şəklini çəkdim.
Deməli, gün ərzində çəkdiklərimin qeydlərini yazmaq imkanım olmurdu. 15-20 dəqiqə dincəlmək və qeydlər götürmək üçün gedirdim İmam Rzanın məzarı üzərindəki türbəyə. Orada hiss etdim ki, yox eyy, nəsə yazmaq istəyirəm. Çünki uşaqlıq illərimdən bu hadisəyə asossiasiya olunan süjetlər yadıma düşürdü. Təqribən 3-4 saat ərzində o hekayəni yazdım. Əslində hekayə böyük idi. Özü də hiss edirdim ki, onu başqalarının da oxumasını istəyirəm. Qısaldıb müsabiqəyə verdim.

- İmam Rzanın türbəsində yazılan hekayə AzadlıqRadiosunun müsabiqəsində onluğa yozuldu. Bəs edir, ya..?

- Onluğa düşməsəydi də belə, fərq etməzdi. Çünki mən bunu müsabiqə üçün yazmamışam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim fikrimcə, bu, gözəl hekayədir. Mənim ədəbi zövqümü Xose Saramaqo formalaşdırıb. Mən bunu Saramaqo üçün yazmışam.

- Sizcə, o oxusaydı, bəyənərdi?

- Hər halda, bəyənməsə də, onun yolu ilə getdiyimə görə, sağ ol deyərdi. Amma kimlərinsə oxuyub önəm verdiklərinə də, təbii ki, sevindim.

- Amma şərhlərə nəzər salanda bəyənməyənlərin də az olmadığı görünür.

-Bəyənməmək olar, əlbəttə. Amma şərhlərdən belə qənaətə gəldim ki, çoxları nə demək istədiyimin fərqində deyil.
Hekayədə mənim məqsədim ilahi ədalətin yoxluğunu Kamyusayağı ifadə etmək olub. Bir hamam simvolik olaraq iki ailənin bədbəxtçiliyinə səbəb olur. Mən uşaq vaxtı fikirləşirdim ki (uşaqlıq xəyalları), gələcəkdə bu hamam uçub dağılacaq. Amma olmadı. Əksinə hamam daha da gözəlləşdi və orada dini xütbələr oxundu. İlahi ədalətin yoxluğu da bax budur. Mən bunu deməyə çalışmışam.