"Qara şəhər" ağaracaq

Azərbaycan Dövlət Neft Şirkəti dənizdə qəzaların operativ aradan qaldırılması üçün mərkəz yaratmaq fikrindədir.

Bunu şirkətin vitse-prezidenti Soltan Əliyev bu gün “Neft və Qaz” konfransında çıxış edərkən bildirib.

Bununla yanaşı, atmosferə zərərli tullantıların buraxılmasının qarşısını almaq üçün artıq 3 ədəd “Avro3” standartı üzrə testləşdirmə mərkəzi yaradılıb ki, bu da ölkədəki nəqliyyat vasitələrinə texniki baxış zamanı bu standarta uyğunluğu müəyyən edir.

Plana görə yaxın zamanda neft tullantıları Dövlət Neft Şirkətinin Tullantı Emalı Mərkəzində emal ediləcək.

Soltan Əliyevin sözlərinə görə, neft tullantıları ilə ən çox çirkləndirilmiş Abşeron yarımadasında artıq 300 hektar torpaq təmizlənib və hazırda “Azərneftyaq” İstehsalat Birliyinin əraziləri təmizlənir.

Bakı İcra Hakimiyyətinin təsdiq etdiyi “Ağ şəhər” layihəsi çərçivəsində isə “Qara şəhər” adlanan ərazinin tamamilə təmizlənməsi və bu ərazilərdə Bakı Olimpiya Kompleksinin tikintisi nəzərdə tutulur.