Türkiyə-Azərbaycan qaz sazişi imzalandı

İlham Əliyev və Abdullah Gül, 7 iyun 2010

Türkiyə ilə Azərbaycan arasında uzun müddətdir davam edən təbii qazla bağlı danışıqlarda razılaşma əldə edilib.

İki ölkə arasında 3 qaz protokolu imzalanıb.

İmzalanma mərasimindən sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan tərəfindən isə sənaye və energetika naziri Natiq Əliyev mətbuata açıqlama veriblər.

Taner Yıldız üç əsas məsələ haqda razılıq əldə edildiyini bildirib:

«Birincisi, 2008-ci il 15 apreldən etibarən Azərbaycandan aldığımız təbii qazın qiyməti yenidən müəyyənləşdirildi. Amma qiyməti açıqlamayacam. İkincisi, 2016-2017-ci illərdə «Şahdəniz» yatağının 2-ci fazası istismara veriləcək. Bununla əlaqədar həm qiymətdə, həm də miqdarda razılaşma əldə etdik. Üçüncüsü, tranzit tarifini müəyyən etdik. Bu razılaşma qurulacaq Azərbaycan şirkəti vasitəsilə «Petkim»ə qaz verilməsini nəzərdə tutur».